AZ

Azərbaycan xalqı Ulu Öndərin dövlətçiliyimiz uğrunda fədakar fəaliyyətini heç zaman unutmayacaq

Zamir HÜSEYNOV,

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədr müavini   

Azərbaycan dövlətinin xilaskarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin vəfatının 21 ilinin tamam olduğu bu günlərdə ölkəmizin hər yerində Ulu Öndər böyük hörmət və rəhmətlə anılır. XX əsrin bənzərsiz dövlət xadimi, dünya siyasi tarixinə adını yazdırmış dahi şəxsiyyət, Azərbaycanxalqının Ümummilli Lideri Heydər Əliyev yaddaşlarda öz həyatını doğma xalqına həsr etmiş biri kimi qalıb. Ona görə ki, cəsarətli Lider bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət edib.

Bu baxımdan, demək olar ki, Azərbaycan tarixinin mühüm mərhələsinin Ulu Öndərin adı və fəaliyyəti ilə bağlı olması həmin dövrlərdə daim xalqın dəstəyini hiss edərək ölkəmizi inamla gələcəyə aparmasını şərtləndirib. Belə ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövr ərzində daim dövlətin tərəqqisi üçün çalışmış, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyini düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır.

1990-cı illərin əvvəlində, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz gərgin və çətin dövrünü yaşadı. Bir tərəfdən Ermənistanın təcavüzü, digər tərəfdən həyata keçirilən yanlış siyasət nəticəsində Azərbaycan uçuruma doğru sürüklənirdi. Həmin dövrdə müstəqilliyi təhlükə altına düşən ölkəni ağır durumdan yalnız güclü dövlət idarəçiliyi təcrübəsinə malik, qətiyyətli və möhkəm iradəli şəxs çıxara bilərdi. Buna görə də xalq ümid yeri kimi, Naxçıvanda fəaliyyət göstərən  Ulu Öndər Heydər Əliyevə üz tutmuşdu. Azərbaycanın bu ağır durumdan yalnız dahi şəxsiyyətin çıxaracağına əmin olan xalqımız təkidlə Ümummilli Liderin Bakıya dəvət edirdi.

Ömrünün əksər hissəsini xalqına xidmətə həsr edən böyük şəxsiyyət Heydər Əliyev həyatı təhlükə altında olsa da, müstəqil Azərbaycan dövlətçilyiin qorunması, xalqın gələcəyi naminə hakimiyyət sükanına əyləşməyə razılıq verdi. Ulu Öndər hakimiyyətə gələn kimi Azərbaycanı çətin vəziyyətdən çıxarmaq üçün mühüm addımlar atdı. Əvvəlcə xalqın övladlarını dövlətin müdafiəsinə çağırdı, bununla da cəbhədə dönüş əldə edərək, düşməni atəşkəsə məcbur etdi. Ulu Öndərin müdrik siyasəti nəticəsində əldə edilən uğurlar tarixi dəyərə malik idi. Belə ki, qısa müddətdən sonra  Azərbaycan sabitlik və inkişaf dövrünə daxil oldu. Şübhəsiz,  Azərbaycan xalqı bu tarixi xidmətlərdən sonra Ümummilli Lider Heydər Əliyevi Azərbaycan dövlətçiliyinin qurucusu kimi qəbul edir. Çünki məhz Onun rəhbərliyi altında dövlətçiliyin əsasları qoyuldu, ordu quruculuğu, sosial-iqtisadi sahədə ciddi islahatlara start verildi. Dövlətimizin beynəlxalq aləmdə nüfuz qazanması da Ulu Öndərin fasiləsiz şəkildə müstəqil Azərbaycan naminə çalışmasının nəticəsidir.

Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük xidmətlərindən biri də özündən sonra layiqli varis yetişdirməsi oldu. O, 2003-cü ilin oktyabrında xalqa ünvanladığı tarixi müraciətində demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bu gün qürur hissi ilə deyə bilərik ki, dahi Heydər Əliyevin dediyi sözlər, cənab İlham Əliyevə bəslədiyi ümidlər özünü doğruldur. Belə ki, hakimiyyət olimpinə qalxan Prezident İlham Əliyev bu siyasəti uğurla və böyük uzaqgörənliklə davam etdirdi. Azərbaycanı məğlub ölkədən qalib ölkəyə çevirdi. Bu siyasət nəticəsində bu gün Azərbaycan öz tarixinin ən şərəfli və qürurlu dövrünü yaşayır.

Beləliklə, hazırda müstəqilliyin, suverenliyin və sabitliyin ən yüksək mərhələsini yaşayan Azərbaycan dövləti Qarabağda və Şərqi Zəngəzurda Böyük Qayıdışın reallaşdırılması ilə dünyaya nümunədir. Həmin müqəddəs dəyərlərin naminə bu gün hər birimiz görkəmli dövlət xadimi Heydər Əliyevin amallarına sadiq qalaraq Prezident İlham Əliyevin ətrafında sıx birləşməli, müstəqilliyimizi və qələbəmizi daha da möhkəmləndirməliyik. Çünki Ulu Öndər Heydər Əliyevin ən böyük amalı da Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin tam bərpası idi. Bu məqamda bir daha əminliklə qeyd etmək yerinə düşər ki, Azərbaycan xalqı Ulu Öndərin dövlətçiliyimiz uğrunda fədakar fəaliyyətini heç zaman unutmayacaq, Onu daim böyük sayğı və ehtiramla anacaq!

Seçilən
20
yeniazerbaycan.com

1Mənbələr