AZ

Mahir Emreli: “Rahat tətil üçün bizə əlavə xallar lazımdır”

Futbol üzrə Azərbaycan millisinin və “Nürnberq”in hücumçusu Mahir Emreli Almaniyanın “Bild” qəzetinə açıqlama verib.

Arena.az xəbər verir ki, o, açıqlamasında Almaniya 2-ci Bundesliqasında uğursuz səfər seriyasına son qoymağı hədəflədiklərini bəyan edib.

Mahirin sözlərinə görə, o və komanda yoldaşları 6 tur öncə “Qroyter Fyurt”lə görüşdəki qələbəni (4:0) 16-cı turda “Köln”lə dueldə də təkrarlamaq arzusundadır:

“Qroyter Fyurt”la səfər oyunundan əvvəl də bizim çətinlərimiz mövcud idi, amma qələbə qazanmağı bacardıq. Rahat tətil keçirmək üçün bizə hələ də xallar qazanmaq lazımdır. Növbəti iki qarşılaşmda maksimum nəticə – qələbə vacibdir. Bunun üçün də mübarizə aparacağıq”.

Qeyd edək ki, “Nürnberq” dekabrın 15-də, 16-cı turda “Köln”lə, dekabrın 21-də, 17-ci turda isə “Ayntraxt”la (Braunşveyq) üz-üzə gələcək.

“Nürnberq” 15 oyuna topladığı 19 xalla hazırda 18 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb. Baş məşqçisi Miroslav Kloze olan komanda bu mövsüm 5 qələbə qazandığı halda 4 heç-heçə edib, 6 oyunda məğlubiyyətə üzülüb.

Mahir Emreli bu il avqustun 6-da “Nürnberq”lə 1 illik müqavilə imzalayıb. Onun sözləşməsinin müddəti mövsümün sonunda artırıla bilər. Azərbaycanlı futbolçu Almaniya klubunun heyətində 11 rəsmi matça çıxıb, 4 qol vurub, 1 assistlə yadda qalıb.

“Bakı”nın yetirməsi olan Mahir Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 51 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Seçilən
46
arena.az

1Mənbələr