MBDA-nın (Avropanın aparıcı raket sistemləri istehsalçısı) İtaliya bölməsi və Leonardo qrupu donanma üçün yönəldilmiş enerji silahlarının hazırlanmasında tərəfdaşlıq etmək barədə razılığa gəliblər.
Herbiand.az Navy Recognition-a istinadən bildirir ki, bu əməkdaşlıq İtaliya Hərbi Dəniz Qüvvələrinin müxtəlif növ pilotsuz sistemlərin qarşısını almaq üçün nəzərdə tutulmuş lazer döyüş sistemlərinin əldə edilməsinə olan marağına cavab verir.
İki şirkət tərəfindən imzalanmış anlaşma memorandumu MBDA-ya İtaliya Hərbi Dəniz Qüvvələrinin mövcud yerüstü platformalarının arsenalına inteqrasiya oluna bilən “yüngül” aşağı gücə malik lazer sisteminin dizayneri rolunu verir. Öz növbəsində, Leonardo daha böyük obyektləri vurmaq üçün daha güclü modifikasiyanın yaradılmasına cavabdehdir və bu modifikasiya hələ hazırlanmaqda olan gəmilərdə quraşdırılacaq.
Bu halda MBDA diqqətini lazer şüasının yaradılmasına yönəldəcək, Leonardo isə nəzarət və hədəf yönləndirmə sistemlərini öz üzərinə götürəcək. Layihə hər iki şirkətin İtaliyadakı qabaqcıl imkanlarından istifadə edəcək.
Bəxtiyar CƏFƏRLİ