AZ

Lənkəran Universitetinin rektoru “Dunarea de Jos” Galati Universitetində - FOTO

Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimovun başçılıq etdiyi nümayəndə heyəti 3-5 dekabr 2024-cü il tarixində Rumıniyanın “Dunarea de Jos” Galati Universitetinə səfər edib.
Modern.az-ın məlumatına görə, qonaqları “Dunarea de Jos” Galati Universitetinin rektoru prof. Marian Barbu qəbul edib.

Professor Natiq İbrahimov təmsil etdiyi universitetin təhsil uğurları, maddi-texniki bazanın yenilənməsi istiqamətində son illərdə görülən işlər, təhsilin modernləşdirilməsi sahəsində həyata keçirilən layihələr, qarşıda duran vəzifələrlə bağlı rumıniyalı həmkarına ətraflı məlumat verib. Öz növbəsində prof. Marian Barbu də “Dunarea de Jos” Galati Universiteti, onun fəaliyyət istiqamətləri barədə danışıb, qonaqları maraqlandıran məsələlərə aydınlıq gətirib.
 
Görüş zamanı universitetlər arasında ikili əməkdaşlığa dair müqavilə imzalanıb. Qarşılıqlı anlaşma və səmimilik şəraitində keçən görüşdə  universitetlərin uyğun fakültələrinin əməkdaşlığı ilə bağlı fikir mübadiləsi edilib, gələcəkdə ikili diplom layihəsinin həyata keçirilməsi üçün müəyyən addımların atılması istıqamətində ilkin müzakirələr aparılıb.
Natiq İbrahimov  hər iki universitetin aqrar, iqtisadiyyat və qida mühəndisliyi fakültələri arasında əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib, bildirib ki,  bu fakültələrin professor-müəllim heyətinin birgə layihələr həyata keçirməsi, elmi konfransların  təşkili universitetlər üçün faydalı ola  bilər.
 
Marian Barbu  universitetlər arasında birgə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını deyərək  qısa zamanda bu istiqamətdə əməli addımların  atılacağını bildirib.

Səfər zamanı Lənkəran Dövlət Universitetinin nümayəndə heyəti  “Dunarea de Jos” Galati Universitetinin tədris korpuslarını, laboratoriyalarını gəzib, yardımçı təsərrüfatı ilə əyani tanış olub. Rumıniyanın ən geniş aqrar sahəsi olan Braila aqronomluq adasına səfər maraqlı anlarla yaddaqalan olub. LDU-nun rektoru, prof Natiq İbrahimov rumıniyalı həmkarlarını tanışlıq məqsədilə Lənkəran Dövlət Universitetinə dəvət edib. Prof. Natiq İbrahimov LDU nümayəndə heyətinin “Dunarea de Jos” Galati Universiteti ilə tanışlığından doğan xoş təəssüratı universitetin xatirə kitabına yazdığı   minnətdarlıq dolu sətirlərlə bildirib.

Görüşün sonunda  xatirə hədiyyələri təqdim edilib, fotolar çəkilib.

Qeyd edək ki, səfər Erasmus+ proqramı vasitəsilə Avropa universitetləri ilə LDU arasında tədris sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, tədqiqat və innovasiya layihələrinin birgə həyata keçirilməsi, ikili diplom layihəsinin tədbiqi, Rumıniya və Macarıstan universitetləri ilə  qarşılıqlı təcrübə mübadiləsi, müəllimlərin ixtisasının artırılması və tələbələrin beynəlxalq təcrübə qazanması məqsədini daşıyır. 

Seçilən
8
2
modern.az

4Mənbələr