Azərbaycan çempionu “Qarabağ”, eləcə də “Zirə” və “Sabah” klubularının dünya reytinqindəki yeni mövqeləri müəyyənləşib.
Arena.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) bu gün klubların yeni dünya reytinqini açıqlayıb.
İFFHS-in siyahısında planetin 502 ən yaxşı komandası yer alıb. Azərbaycan cədvəldə dörd klubla təmsil olunub. Ən yaxşı təmsilçimiz “Qarabağ” 177,50 xalla dünyada 67-cidır. Qurban Qurbanovun komandası ötən ayla müqayisədə 5 pillə irəliləyib.
“Zirə” 94,25 xalla 219-cu yerdədir. Bakı klubunun mövqeyi dəyişməz qalıb.
62,50 xala malik “Sabah” 9 pillə irəliləyib. Paytaxt təmsilçisi 409-cudur.
Ən yaxşılar sırasına yeni daxil olan “Turan Tovuz” 53,75 xalla 496-cıdır. Kurban Berdıyevin komandası 31 addımlıq sıçrayışa imza atıb.
Qeyd edək ki, cədvələ 388 xala malik “Real” başçılıq edir.
Azərbaycan klublarının Avropadakı mövqeləri də bəlli olub. Belə ki, İFFHS-in bu gün açıqladığı dünya reytinqində yer alan 502 komandadan 285-i “köhnə qitə”ni təmsil edir. Onlardan dördü Azərbaycan klublarıdır. “Qarabağ” 177,5 xalla Avropanın 45-cisidir. Qurban Qurbanovun komandası Avropa Liqasında uduzduğu “Tottenhem” və Lion “Olimpik”ini qabaqlayır. “Monako”, “Anderlext”, “Beşiktaş”, “Napoli”, “Betis”, “Leypsiq”, “Brest” və “Jirona” kimi komandalar da aşağı sıralardadır.
94,25 xalı olan “Zirə” 126-cı, 62,5 xala malik “Sabah” 237-ci sırada qərarlaşıb. Siyahıda debüt edən “Turan Tovuz” 53,75 xalla qitənin 284-cüsüdür.
İFFHS-in açıqladığı klubların dünya reytinqində ən çox irəliləyişə nail olan Avropa təmsilçiləri də müəyyənləşib. 31 pilləlik sıçrayışa nail olan “Turan Tovuz” da fərqlənənlər sırasında yer alıb.
Kurban Berdıyevin yetirmələri 527-ci yerdən 496-cıya yüksəliblər. Belə irəliləyiş Avropada 32-ci nəticədir. “Tvente”, “Rio Ave” və “Lex” də eyni qədər irəliləməyi bacarıb.
Avropa rekordçusu isə “Varajdin”dir. Xorvatiya klubu 606-cı yeri 486-cıya dəyişməklə 120 pillə yüksəlib. “Yurqorden” 108 addım irəliləyib. İsveçlilər 294-cü yeri 186-cıya dəyişiblər.