AZ

"Arvadından boşanmasında məni günahlandırdı..." – Dəhşətli qətlin təfərrüatı…

Göyçay rayonunda 1988-ci il təvəllüdlü İslam Şıxaliyev şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı, 1970-ci il təvəllüdlü Ruslan Süleymanovu qətlə yetirib. 

Demokrat.az-ın
əldə etdiyi məlumata görə, İslam qonşusu Ruslanın narkotik vasitədən istifadə etməsi, bu səbəbdən Ruslan Süleymanovun yanına narkotik vasitədən istifadə edən şəxslərin gəlməsini irad bildirdiyi üçün onunla aralarında əvvəldən də ədavət olub. 

İslam 1 avqust 2023-cü ildə yaşadığı evə gələrkən Ruslan Süleymanovun küçədə bir nəfər şəxslə mübahisə etməsini görüb, ona irad bildirib. Bundan sonra yenidən aralarında mübahisə yaranıb. 

Bu səbəbdən oradan uzaqlaşaraq getsə də, Ruslan Süleymanovun yaşadığı evə gələrək onu axtarmasından sonra yenidən saat 15 radələrində yaşadığı evə gələrkən, Ruslan Süleymanov yaşadığı küçədə onu görüb. 

Ona tərəf gələrək əlində olan “kəsər” adlandırılan təmir-tikinti işlərində istifadə edilən dəmir alətlə onun baş nahiyəsinə zərbə vurub. 

Bundan sonra qonşular tərəfindən bir-birilərindən aralaşdırılsalar da, Ruslan Süleymanov yaşadığı evdən mətbəx bıçağını götürərək, ona tərəf gəlməsini görüb. Sonra qonşuların Ruslan Süleymanovun ona tərəf gəlməsinə mane olmalarına baxmayaraq, istintaqa məlum olmayan dəmir aləti götürərək. Ruslan Süleymanova bir zərbə vurub. 

Həmin xəsarətlər nəticəsində Ruslan Süleymanov 8 avqust 2023-cü ildə müalicə aldığı Respublika Neyrocərrahiyyə Xəstəxanasında ölüb. 

Hadisəni törədən İslamın barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İslam ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O, ifadəsində göstərib ki, Ruslan ilə qonşuluqda yaşayıb, sonradan onun narkotik vasitədən istifadə etməsi barədə məlumat əldə edib: 

“Ruslanın yanına narkotik vasitədən istifadə edən başqa şəxslərin gəlməsini gördüm. Hər dəfə Ruslan Süleymanova narkotik vasitədən istifadə etməyinə, həmin küçəyə narkotik vasitədən istifadə edən şəxslərin gəlməsinə görə irad bildirmişəm”. 

İslamın sözlərinə görə, 1 avqust 2023-cü ildə, saat 14 radələrində küçədə olarkən qonşusu Ceyhun adlı şəxslə dalaşaraq bir-birilərinin ünvanına nalayiq sözlər işlətdiklərini görüb və adları qeyd olunan şəxslərə mübahisələrini başqa yerdə həll etmələrini deyib, buna irad bildirib: 

“Bundan sonra Ceyhun adlı şəxs həmin yeri tərk etdi. Ruslan Süleymanov isə mənə tərəf gələrək ondan nə istədiyimi və nə ala bilmədiyimi deyərək mənimlə mübahisə etdi, mənə əl-qol ataraq boğaz nahiyəmi, üzümü dırnaqları ilə cırdı. Mən isə Ruslanın əlim ilə itələyərək özümdən uzaqlaşdırdım. Daha sonra Ruslan Süleymanov məndən kənarlaşaraq yaşadığım evə daxil oldu. Bir müddət sonra əli belində nə isə gizlədərək mənə tərəf gəldi. 

Bu zaman Ruslan Süleymanovun bıçaq götürdüyünü zənn edərək kənarlaşması üçün sonuncunun sinə nahiyəsinə bir təpik zərbəsi vurdum. Zərbənin təsirindən Ruslan Süleymanov geriyə doğru gedərək əllərini açdı. Ruslanın əlində dabankeşin olmasını gördüm. Bu zaman əmimin oğlu məni kənarlaşdırdı. Daha sonra isə həmin yeri tərk etdik. Təxminın 5 dəqiqə sonra əmim oğlu ilə birlikdə oraya qayıtdıqda Ruslan Süleymanov yenidən küçəyə çıxdı. Mənə tərəf gələrək məni döyməyə çalışdı”.

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin vaxt qonşuları Nəzakət Abdurrahmanova və Nailə adlı şəxs küçəyə çıxaraq onu evinin həyətinə aparıblar: 

“Bu zaman Ruslan Süleymanov ünvanıma nalayiq sözlər dedi. Bir müddət sonra evi tərk edərək Azərbaycan Beynəlxalq Bankının Göyçay filialına getdim. Orada olan zaman dayımın oğlunun arvadı zəng edərək qonşumuz Ruslan Süleymanovun yaşadığım evə daxil olaraq məni axtardığını, anamı təhqir etdiyini və evin giriş qapısının yanında olan kəsər alətini götürdüyünü bildirdi. Bundan sonra Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzi sisteminə zəng edərək bu barədə məlumat verdim. Bundan bir müddət sonra qonşuluqda yaşayan dayımgilə getdikdə orada anam mənə Ruslan Süleymanov tərəfindən təhqirlərə məruz qaldığını, Ruslanın evdən kəsər alətini götürdüyünü dedi. 

Bundan sonra yenidən Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzi sisteminə zəng edərək bu barədə məlumat verdim. Ruslan Süleymanovun mənim yaşadığı evə daxil olmasının və anamı təhqir etməsinin səbəbini öyrənmək üçün sonuncunun yaşadığı evə tərəf hərəkət etdim. Küçəyə çıxdıqda Ruslan Süleymanovun orada olduğunu gördüm. Bu zaman Ruslan mənə tərəf gələrək yaxamdan tutaraq arvadından boşanmasında məni günahlandırdı, məni öldürəcəyini dedi. Bu məsələnin mənə aidiyyətinin olmadığını bildirdim”. 

İslam bildirib ki, daha sonra Ruslan Süleymanov həmin yeri tərk edərək yaşadığı evə gedib: 

“Bu zaman mən Ruslanın yaşadığım evdən kəsər alətini götürməsini bildiyim üçün sonuncunun həmin kəsər alətini götürərək mənə zərbə vuracağını fikirləşdim. Ruslanı saxlamaq məqsədilə arxası ilə getdim. Ruslan Süleymanov yaşadığı evdən kəsər alətini götürdü. Bu zaman Ruslan Süleymanovun əlindən tutaraq onu itələdim, yaşadığı evə salmaq istədim. Həmin vaxt Ruslan Süleymanov kəsər aləti ilə baş nahiyəmə bir zərbə vurdu. 

Zərbənin təsirindən başımdan qan axmağa başladı. Daha sonra Ruslan Süleymanovu tutaraq saxladım. Bundan sonra qonşuluqda yaşayan şəxs oraya gəldi, Ruslan Süleymanovu yaşadığı evə apardı. Daha sonra mən yaşadığım evin həyətinə daxil oldum. Orada olan zaman yenidən Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzi sisteminə zəng edərək bu barədə məlumat verdim”. 

İslamın ifadəsinə görə, təxminən 5-10 dəqiqə sonra Ruslan Süleymanov əlində olan kərpic parçası ilə evindən çıxıb və ona tərəf gələrək həmin kərpic parçasını ona atıb: 

“Lakin kənara çəkildiyim üçün kərpic parçası mənə dəymədi. Bundan sonra Ruslan Süleymanovu əlim ilə itələyərək getməsini dedim. Bu zaman qonşuluqda yaşayan şəxslər Ruslan Süleymanovu yaşadığı evə apardılar. Bundan sonra yenidən Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzi sisteminə zəng edərək bu barədə məlumat verdim. Təxminən 5-10 dəqiqə sonra Ruslan Süleymanov yenə də evdən çıxaraq mənə tərəf gəldi. Bu zaman Ruslanın əlində bıçağın olduğunu gördüm. Ruslan Süleymanov yaşadığım evin darvasına bir neçə təpik zərbəsi vurduğu üçün qapı açıldı. Ruslan Süleymanovun içəri daxil olaraq bıçaqla mənə zərbə vuracağını fikiləşdiyim və qorxduğum üçün qapının kənarında olan dəmir borunu götürdüm. Ruslanın qapıdan içəri girmək istəyərkən onun həmin yeri tərk etməsi üçün həmin dəmir borunu ona tərəf tulladım. Həmin vaxt Ruslan Süleymanovun baş nahiyəsinə zərbə vurmaq və sonuncunu öldürmək istəmədim. Lakin dəmir parçası sonuncunun baş nahiyəsinə dəydi. Ruslan Süleymanov zərbənin təsirindən yerə yıxıldı, bıçaq əlindən düşdü. Daha sonra isə Ruslan yerdən ayağa qalxıb yaşadığı evə getdi. Bir müddət sonra polis əməkdaşları oraya gəldilər. Daha sonra isə mən dayım oğlu ilə birlikdə müayinə olunmaq üçün xəstəxanaya getdim. Orada mənə tibbi yardım göstərildi. Sonra Ruslan Süleymanov da oraya gətirildi və sonuncu da müayinə olundu. Daha sonra mən və Ruslan Süleymanov xəstəxanadan çıxdıq. Səhəri gün Ruslan Süleymanovun vəziyyətinin ağırlaşması səbəbindən xəstəxanaya aparılması, oradan Bakı şəhərinə göndərilməsi, bir müddət sonra isə ölməsi mənə məlum oldu”.

Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə İslam Şıxalıyev Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunub. 

O, cinayət məsuliyyətindən və cəzadan azad edilib.

Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq, ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilib. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb. 

Fariz Məlikli
Demokrat.az
phrase_var_article.chosen
27
demokrat.az

1phrase_var_article.sources