Heydər Əliyev fenomeni təkcə Azərbaycanla məhdudlaşmır. O, dünya siyasətçiləri arasında özünəməxsus rolu olan və sayılıb seçilən, siyasi zirvələr fəth etmiş nadir şəxsiyyətlərdəndir. Heydər Əliyev bir məktəb idi və zamanında iqtidar və ya müxalifətdə olmasından, siyasi baxışlarının nə olmasından asılı olmayaraq çoxları bu məktəbdən bəhrələndi".
Bu fikirləri siyasi şərhçi Yusif Bağırzadə Olaylar.az-a açıqlamasında bildirib:
"Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir.
Ulu Öndər güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Heydər Əliyevin ən böyük gücü dərin, universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında, həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi.
Heydər Əliyev idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi. Ulu Öndər deyirdi ki, reallığı düzgün qiymətləndirən, keçmiş təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini irəlicədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanmalıdır. Belə siyasət cəmiyyətin sabitliyinə, irəliyə doğru hərəkətinə və tərəqqisinə xidmət edir.
Ulu Öndərin keçdiyi ömür yoluna bir daha nəzər saldıqda belə qənaətə gəlirik ki, ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudulmur.
Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən söhbət açanda ilk öncə 1969-1982-ci illərə, onun Sovetlər birliyi dövründə respublikamıza rəhbərlik etdiyi vaxtlara nəzər yetirmək vacibdir. Həmin illərdə yaşamış dövlət və sənət xadimləri, təsərrüfat adamları, ziyalılar daim Ulu Öndərimizlə bağlı xatirələrində belə görkəmli şəxsiyyətin müasiri olmaqdan qürurlandıqlarını bildirir və qeyd edirlər ki, onun Azərbaycana rəhbərliyi ölkəmizin tarixində əsaslı dönüş nöqtəsi olub. Heydər Əliyevin respublika rəhbərliyinə gəlişi ilə həyat ritmi dəyişdi: bütün sahələrdə görünməmiş canlanma və inkişaf, nəhəng tikinti-quruculuq işləri başlandı. Qısa vaxt ərzində onun təşəbbüsü ilə mühüm sənaye müəssisələri inşa edildi, kənd təsərrüfatı, elm və təhsil sahələrində qətiyyətli islahatlar həyata keçirilməyə başladı.
Heydər Əliyev sonrakı dövrdə də, yəni Siyasi Büronun üzvü seçilib SSRİ kimi nəhəng dövlətin hakimiyyət iyerarxiyasında yüksək mövqe və vəzifə tutduqdan, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildikdən sonra da daim Azərbaycanı düşündü. Vəzifə imkanlarından istifadə edərək, İttifaq büdcəsindən Azərbaycana mümkün qədər çox vəsait ayrılmasına, bir sıra irimiqyaslı layihələrin Bakıya salınmasına nail oldu.
20 Yanvar hadisələrinə ilk hüquqi qiymətin verilməsi də Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsinin nəticəsidir. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını qarşısında ittiham etdi, ifşaedici və cəsarətli bir bəyanat verdi.
Ulu Öndər Heydər Əliyev Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə cavab olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdi və Azərbaycan qayıtdı. Qısa vaxt ərzində Bakıda qaldıqdan sonra doğulduğu Naxçıvana getdi və orada xalqın iradəsi ilə Ali Məclisə rəhbərlik etməyə başladı. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, eləcə də Azərbaycan Respublikasının Ali Soveti sədrinin müavini olaraq fəaliyyətini davam etdirdi. Məhz onun qətiyyəti və fədakarlığı sayəsində blokada şəraitində yaşayan Naxçıvan əhalisi müdrik rəhbərin ətrafında sıx birləşərək onun timsalında xilas yolunu tapdılar. Heydər Əliyev Naxçıvanı həm erməni təcavüzündən, həm də siyasi təlatümlərdən qoruya bildi.
17 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçiriləndə Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq üçrəngli bayrağımız binanın üzərində dalğalandı. Məhz bu hadisə müstəqillik uğrunda mübarizə tariximizin ən parlaq səhifəsidir və bununla da milli azərbaycançılıq ideologiyasının inkişaf dövrü başlandı. Bayrağımıza, mənəvi dəyərlərimizə sədaqətini ifadə edən Heydər Əliyev fiziki varlığını təhlükə qarşısında qoyaraq öz millətinə xidmət etməyi hər şeydən üstün tutdu, bu yolda heç bir çətinlikdən, qadağadan qorxub çəkinmədi.
Heydər Əliyevin ikinci hakimiyyət dövrü isə müstəqillik qazandığımız çox çətin və mürəkkəb illərə təsadüf edir. Həmin illər Azərbaycan dövlətinin, xalqının həyatında taleyüklü bir dövr idi. Hər birimiz Dövlətçilik təcrübəsi olmayan, səriştəsiz, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutan şəxslərin hakimiyyətdə olması illərini və onların hakimiyyət dövründə hansı çətinliklərlə, faciələrlə üzləşdiyimizi yaxşı xatırlayırıq. Azərbaycan parçalanma, müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir mürəkkəb vəziyyətdə Vətənin və xalqın taleyinə biganə qala bilməyən ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gəldi. Ümummilli Lider məsuliyyəti və xilaskarlıq missiyasını öz üzərinə götürərək Azərbaycanın düşdüyü ağır vəziyyətdən xilasının yollarını açıqladı. Dahi şəxsiyyət "Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasına, ölkəmizin bu ağır vəziyyətdən çıxmasına həsr olunacaqdır. Mənim başqa məqsədim, amalım yoxdur. Bunu isə mən xalqla birlikdə, xalqın dəyərli insanları, hörmətli adamları ilə, xalqın irəli çəkdiyi nümayəndələri ilə birlikdə edə bilərəm" söyləyərək düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində ölkədə mövcud siyasi gərginliyi aradan qaldırdı, sabitliyi təmin etdi.
Azərbaycanı çətin sınaqlardan çıxararaq separatizmin, dövlət çevrilişi cəhdlərinin qarşısını qətiyyətlə aldı, ölkəni parçalanmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Yenicə yaranmaqda olan nizami ordu ermənilərin torpaqlarımıza aramsız hücumlarını dayandıra bildi, Qarabağ müharibəsində atəşkəsə nail olundu.
Müharibənin dayandırılmasından sonra isə Heydər Əliyevin qarşısında digər mühüm bir vəzifə dayanırdı. Azərbaycanı düşmüş olduğu bataqlıqdan çıxarmaq, dağıdılmış iqtisadiyyatı bərpa etmək, sənaye və kənd təsərrüfatını dirçəltmək üçün yollar tapmaq. Bu vəzifə isə sözsüz kı, böyük həcmdə maliyyə vəsaiti tələb edirdi. O dövr üçün maliyyəni isə yalnız neftdən gələn gəlirlər hesabına əldə etmək mümkün idi. Ölkədə siyasi-ictimai sabitliyin hələ yetərincə möhkəm olmadığı bir vaxtda xarici şirkətlərin riskə gedib Azərbaycan neftinə sərmayə qoyacağı isə böyük sual altında idi. Lakin ulu öndər bu vəzifənin də öhdəsindən gəldi. O dünyanın aparıcı neft şirkətlərini inandırmağı bacardı. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın inkişafının, gələcək uğurlarının başlanğıc nöqtəsi oldu.
Ümummilli Lider Azərbaycanı inkişaf, tərəqqi yoluna çıxararaq ona olan ümidləri, etimadı doğrultdu. Məhz bu inama, xalqın dəstəyinə söykənərək 1993-cü ilin iyunundan 2003-cü ilədək olan dövrdə Azərbaycanın gələcəkdə ən yüksək zirvələri fəth etməsi üçün möhkəm təməl yaradıldı.
Ulu Öndərin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərinin miqyası genişdir, əvəzsizdir. Heydər Əliyevin fəaliyyəti, Azərbaycan xalqı üçün qoyduğu irs çox zəngindir və təbii olaraq onun xidmətlərini bir yazıda əhatə etmək qeyri mümkündür. Belə ki, müstəqil Azərbaycan dövləti, bu gün artıq əsasları kifayət qədər möhkəm olan dövlətçiliyimiz, dünyaya açılmış qapılar, millətimizi uğurlu gələcəyə doğru aparan aydın, işıqlı yol - bu reallıqların hər birində Heydər Əliyevin imzası var.
Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli ideallara bağlı olmuşdur. Heydər Əliyev bütün zəngin və mənalı həyatı boyu daim xalqını, vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, təbiətin bəxş etdiyi bir çox fitri keyfiyyətlər sayəsində tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyən edə bilmişdir. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəslinin bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən faydalanacağı şübhəsizdir".
Zeynəb Rzayeva