“İranın Ali lideri Seyid Əli Xamenei Suriya prezidenti Bəşər Əsədin devrilməsinə görə üç ölkəni günahlandırıb. Əsas diqqətçəkən məqam bu üç ölkədən ikisinin – ABŞ və İsrail – adını açıqlaması, üçüncüsünü isə “Suriyaya qonşu olan ölkə” adlandırmasıdır. Söhbətin Türkiyədən getdiyi məlumdur”.
Medianews.az xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı bildirib.
O qeyd edib ki, Ankara daha öncə Dəməşqə görüşün keçirilməsi, müxalifətlə sülh danışıqlarının başlanması və qaçqınların geri qayıdışına şəraitin yaradılması təklifini versə də, B.Əsəd bundan yayınıb.
A.Nərimanlının qənaətincə, B.Əsədin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən imtina etməsində İranın da təsiri olub: “Hərçənd, Suriyada İran-Rusiya və ABŞ-İsrail cəbhəsi arasında balansı təmin edən Ankaranın Əsəd məsələsində ikincilərlə birlikdə olması hakimiyyət dəyişikliyi və Tehranın strateji itkisi ilə nəticələndi. Bunun fonunda Xameneinin Türkiyənin adını çəkməməsi Tehranın hazırda möhtac olduğu Ankara ilə körpüləri tamamilə yandırmamaq istəyindən qaynaqlanır”.
Siyasi şərhçi vurğulayıb ki, Türkiyə Suriyada hələ də balansı dəyişə biləcək rolunu saxlayır: “İranda ümid edirlər ki, Ankara PYD/YPG məsələsində Vaşinqton-Təl-Əviv cəbhəsi ilə tərs düşəcəyi təqdirdə, Tehranla yenidən yaxınlaşacaq. Bu da onlara Suriyada müqavimət gücünü Türkiyə vasitəsilə saxlamaq, itirdiklərini müəyyən qədər kompensasiya etmək imkanı verə bilər”.
Nailə QASIMOVA