AZ

Türkiyəli tanınmış gimnast: Azərbaycanda çox bacarıqlı, böyük uğurlar əldə edə biləcək idmançılar var

Bakı, 11 dekabr, AZƏRTAC

“Bakıda keçdiyim ustad dərsinin azərbaycanlı kiçikyaşlı gimnastlara motivasiya olması mənim üçün böyük qürurdur. İstəyirəm ki, bu gimnastlar məşqlərinə davamlı çalışaraq, dünya və Avropa çempionatlarında Azərbaycana böyük nailiyyətlər qazandırsınlar”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin idman gimnastikası üzrə dünya (paralel qollarda) və fərdi çoxnövçülük üzrə Avropa çempionatının gümüş medalçısı Əhməd Öndər Bakıda keçdiyi ustad dərsləri barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

Təcrübəli idmançı Azərbaycana gəlməyin onun üçün hər zaman böyük xoşbəxtlik olduğunu, burada özünü evindəki kimi hiss etdiyini söyləyib: “Bu gəlişimdə də çox gözəl qarşılandım. Burada milli komandanın idmançıları ilə görüşmək mənim üçün çox zövqlüdür. Onlara bacardığım qədər məşq metodikam haqda məlumatlar verdim. Çox bacarıqlı, böyük uğurlar əldə edə biləcək idmançılar var. Onlarla birgə məşq etməkdən çox zövq aldım. Qarşınızda böyük uğurlar əldə etmiş nümunəvi idmançılar olduqda bu, sizi daha da yüksək nəticələr qazanmaq üçün sövq edir. Hər zaman türkiyəli idmançıları örnək götürdüklərini, gimnastları sevdiklərini dedilər. Bu da məni olduqca xoşbəxt etdi. Onlara bu gün heç vaxt ruhdan düşməmələrini, hər zaman çox çalışmalı olduqlarını söylədim. Onlarla məşq etmək, təcrübələrimi bölüşmək mənim üçün çox xoş oldu”.

Ə.Öndər Milli Gimnastika Arenası ilə bağlı təəssüratlarını da bölüşüb: “Dəfələrlə bu arenada yarışmışam. Daha əvvəl gələndə də Azərbaycan xalqı bizi çox sevərək, coşqu ilə qarşıladı. İndi burada yeni zal tikilib və biz də məşq etdik. Belə gözəl arenanın olması, saunasından-məşq otaqlarına, bədii gimnastika, artistizm - hər biri çox gözəldir. Hər zaman gimnastika üçün belə gözəl komplekslər təşkil olunmur. Bu baxımdan sizin gimnastlar çox şanslıdır. Belə bir arenada məşq etmək, həqiqətən də həyəcanverici idi”.

Seçilən
20
azertag.az

1Mənbələr