Xəbər verdiyimiz kimi, Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 24 ümumi təhsil müəssisəsində “Rəqəmsal bacarıqlar” layihəsi tətbiq edilir.
İdarədən verilən məlumata görə, layihə Beyləqan rayonu üzrə 3, İmişli rayonu üzrə 4, Saatlı rayonu üzrə 6, Sabirabad rayonu üzrə 11 müəssisədə həyata keçirilir.
Bəs görəsən, layihə digər bölgələrdə neçə təhsil müəssisəsində tətbiq edilir?
Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı olaraq Regional Təhsil İdarələrinə sorğu ünvanladıq.
Sorğumuza cavab olaraq Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib ki, idarənin tabeliyində fəaliyyət göstərən 40 ümumi təhsil müəssisəsində “Rəqəmsal bacarıqlar” layihəsi tətbiq edilir:
“Belə ki, layihə Ağstafa rayonu üzrə 5, Tovuz rayonu üzrə 15, Şəmkir rayonu üzrə 10, Qazax rayonu üzrə 9, Gədəbəy rayonu üzrə 1 müəssisədə həyata keçirilir. “Rəqəmsal bacarıqlar”ın öyrədildiyi məktəblərdə 40 müəssisə üzrə 19392 nəfər şagird layihədən yararlanır”.
Lənkəran-Astara Regional Təhsil İdarəsindən qeyd edilib ki, 49 ümumi təhsil müəssisəsində “Rəqəmsal bacarıqlar” layihəsi tətbiq edilir:
“Belə ki, layihə Astara rayonu üzrə 6, Cəlilabad rayonu üzrə 9, Masallı rayonu üzrə 11, Lənkəran rayonu üzrə 21, Lerik rayonu üzrə 1 müəssisədə həyata keçirilir. “Rəqəmsal bacarıqlar”ın tətbiq olunduğu məktəblərdə 943 sinif üzrə 20434 nəfər şagird layihədən yararlanır”.
Mərkəzi Aran Regional Təhsil İdarəsindən məlumat verilib ki, 2024-2025-ci tədris ili çərçivəsində idarənin tabeliyində fəaliyyət göstərən əlavə 17 ümumi təhsil müəssisəsində də "Rəqəmsal Bacarıqlar" layihəsi tətbiq olunmağa başlayıb:
“Hazırda regionumuzda ümumillilikdə 61 ümumi təhsil müəssisəsində layihə davam edir. Bildirmək istərdik ki, layihə üzrə Ağdaş rayonu üzrə 5, Kürdəmir rayonu üzrə 11, Göyçay rayonu üzrə 10, Mingəçevir rayonu üzrə 15, Ucar rayonu üzrə 7, Yevlax rayonu üzrə 11 və Zərdab rayonu üzrə 2 müəssisədə həyata keçirilir. Tətbiq olunduğu təhsil müəssisələrində summativ qiymətləndirmələr rəqəmsal formada həyata keçirilir. Bundan başqa region üzrə ümumillikdə 15538 şagirdimiz layihədə iştirak edir”.
Qarabağ Regional Təhsil İdarəsindən bildirilib ki, 29 ümumi təhsil müəssisəsində Rəqəmsal Bacarıqlar layihəsi tətbiq edilir:
“Belə ki, Ağcabədi rayonu üzrə 9, Bərdə rayonu üzrə 8, Tərtər üzrə 6, Füzuli üzrə 3, Şuşa üzrə 2 və Ağdam 1 rayonun ümumtəhsil müəssisəsində həyata keçirilir.Onlardan 535 sinif sayı, 984 qrup sayı olmaqla ümumi şagird sayı 12207-dir.Şagird sayı çox olanlarda sinif bölünür”.