AZ

BDU və TÜRKSOY arasında anlaşma memorandumu imzalandı

Bakı Dövlət Universiteti (BDU) və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRSKOY) arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
 
Moderator.az xəbər verir ki, memorandumu BDU-nun rektoru Elçin Babayev və TÜRKSOY-un Baş katibi Sultan Raev imzalayıb.
 
İmzalanma mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, türkdilli ölkələr arasında əlaqələrin inkişafında TÜRKSOY-un müstəsna xidmətləri var. BDU-nun da bu əməkdaşlığa öz töhfəsini verməyə hazır olduğunu deyən rektor bildirib ki, imzalanan memorandum türkdilli ölkələr arasında elm, təhsil, mədəniyyət sahələrində əməkdaşlığı inkişaf etdirmək, BDU ilə bu ölkələrin akademik əlaqələrini genişləndirmək məqsədi daşıyır.
 
TÜRSKOY-un Baş katibi Sultan Raev türk dünyasının ən yaxşı universitetlərindən olan BDU-nun mühüm elm və təhsil məbədi olduğunu deyib. O bildirib ki, BDU ilə əməkdaşlıq türkdilli dövlətlərin elm, təhsil, mədəniyyət əlaqələrinə böyük töhfə verəcək.
 
Memorandumda türk dünyasının mədəni və elmi irsi ilə bağlı tədqiqat layihələrinin təşkili, BDU-nun müvafiq fakültələri ilə TÜRKSOY arasında müştərək tədqiqat proqramlarının yaradılması, müəllim və tələbə mübadiləsi proqramlarının həyata keçirilməsi, birgə beynəlxalq və regional elmi tədbirlərin təşkil olunması nəzərdə tutulur. Türk dünyasının mədəniyyət və incəsənət tədbirlərində BDU-nun iştirakı, müştərək sərgilər, folklor festivalları və mədəniyyət günlərinin təşkil olunması, BDU və TÜRKSOY arasında məlumat mübadiləsi üçün platformaların qurulması, türk dillərinin öyrənilməsi və tədrisi üçün müştərək tədris proqramlarının hazırlanması, türk ədəbiyyatı üzrə birgə araşdırmalar və tərcümə layihələrinin həyata keçirilməsi də əks olunub.
 
Qeyd edək ki, memorandum çərçivəsində TÜRKSOY-la birgə kafedranın yaradılması haqqında razılıq da əldə olunub.
 
Seçilən
38
4
moderator.az

5Mənbələr