AZ

Anti-Azərbaycan şəbəkənin miskin yaldaşları…

Sosial şəbəkələr üzərindəki müşahidələr bir daha göstərir ki, Azərbaycana, onun uğurlarına qənim kəsilən, qırx dörd günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfəri həzm edə bilməyən ermənipərəst qüvvələrə qulbeçəlik etməklə cəmiyyətin qınaq obyektinə çevrilən antimilli ünsürlər öz mənfur əməllərindən əl çəkmək niyyətində deyillər. Bu ünsürlərin əsas məqsədi həm xaricdəki anti-Azərbaycan mövqeyi ilə tanınan qərəzli qrant təşkilatlarının diqqətini çəkmək, həm də söz trolları vasitəsilə daxili ictimai rəyi yanlış iqtiqamətə yönləndirməkdir.

Mənəvi-psixoloji burulğanlar girdabında çırpınan bu qaragüruhçuların sosial şəbəkələrdəki antimilli çıxışları bir daha təsdiq edir ki, əslində bütün bunlar merkantil bir şəbəkənin xaotik özfəaliyyəti yox, erməni lobbisinin təsiri altında olan qüvvələrin çox ustalıqla pərdə arxasından idarə etdikləri nizamlı və məqsədli bir prosesdir. Daha doğrusu, ölkəmizə qarşı əxlaqsızcasına aparılan informasiya müharibəsidir. Təbii ki, bütün bunların təməlində ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycanın müstəqil siyasət yürütməsini istəməyən məlum dairələr dayanır. Öz çirkin niyyətlərini gerçəkləşdirmək istəyən bədxahlarımız bu işdə radikal müxalifətdəki ünsürlərdən ustaqlıqla istifadə edirlər.

Ermənipərəst dairələrin maşasına çevrilən, ötən əsrin 90-cı illərində öz şəxsi mənafeləri, ambisiyaları, kreslo, hakimiyyət sevdaları üzündən müstəqilliyini yenicə bərpa etmiş respublikamızı cəhənnəm atəşinə atan Əli Kərimli, Cəmil Həsənli kimi psevdodemokratlar bu gün də öz əməlləri, çirkin xislətləri ilə Azərbaycanımıza oddan köynək biçmək istəyirlər. Tam çılpaqlığı ilə demək olar ki, onların dərdi demokratiya, azad seçkilər, filan deyil. Bu saxta demokratların əsl məqsədi ermənipərəst qüvvələrin dəyirmanına su tökərək ölkəmizdəki sabitliyi pozmaq, xaos, anarxiya yaratmaq, necə deyərlər, bulanıq suda balıq tutmaqdır. Əsla və əsla buna nail ola bilməyəcəklər. Çünki bu gün azadlıq və sabitlik adası olan Azərbaycanda sarsılmaz xalq-iqtidar birliyi vardır. Təəssüf ki, bütün bu nailiyyətləri hər şeydə qara axtaran “sapı özümüzdən olan baltalar”, dağıdıcı müxalifətin başbilənləri anlamaq istəmirlər.

Azərbaycanın beynəlxalq münasibətlər sistemində öz mövqeyini getdikcə möhkəmləndirməsi, iqtisadi imkanlarını artırması və digər amillər Qərbdəki müəyyən güc mərkəzlərini ciddi şəkildə narahat edir. Məhz həmin dairələrin dirijorluğu ilə əsassız iddia və bəhanələrlə siyasi dialoqdan, sağlam siyasi rəqabətdən yayınan AXCP sədri Əli Kərimli, “Milli Şura” nın rəhbəri Cəmil Həsənli, bu qurumun Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli, eləcə də xarici ölkələrdə məskunlaşan Qənimət Zahid, Sevinc Osmanqızı kimi antipodlar son zamanlar sosial şəbəkələrdə ölkəmizin əleyhinə apardıqları “qara piar” kampaniyasının miqyasını daha da genişləndiriblər. Təbii ki, bu marginalların dünyada baş verən proseslərin fonunda Azərbaycanın milli maraqlara xidmət edən daxili və xarici siyasətinə ləkə yaxmaları onların erməni lobbisinin təsiri altında olan təşkilatlarla sinxron fəaliyyətini açıq-aşkar ortaya qoyur.

Gerçəklik odur ki, öz əcnəbi ağalarının sifarişini yerinə yetirən bu marginallar ya bəzi xarici ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edir, ya da məlum anti-Azərbaycan fondlar vasitəsilə ayrı-ayrı dövlətlərin maraqlarını yerinə yetirirlər. Bu xəyanətkarlar və onların trol dəstəsi həmin dairələrdən aldıqları tapşırıqlar əsasında ölkəmizin beynəlxalq imicinə zərbə vurmaq üçün dəridən-qabıqdan çıxır, sosial şəbəkələrdə, xüsusilə internet TV-lərdə ictimai rəyi çaşdırmaq üçün ölkəmizə durmadan şər-böhtan yağdırırlar.

Şübhəsiz, bu xəyanətkar zümrənin milli birliyimizə xələl gətirmək, cəmiyyəti çaşdırmaq, insanlar arasında etimadsızlıq, ümidsizlik, ruh düşkünlüyü yaratmaq üçün dəridən-qabıqdan çıxması, eləcə də sosial şəbəkələrdəki antimilli çıxışları cəmiyyətimizdə istehza ilə qarşılanır, insanlarda ikrah hissi doğurur. Şübhəsiz, anti-Azərbaycan şəbəkənin maşaları, quyruqbulayanları, yallananları bütün bunlarla heç nəyə nail ola bilməyəcəklər. Öz cılız ambisiyalarını, məkrli niyyətlərini reallaşdırmaq üçün milli maraqları heçə sayaraq erməni lobbisinin mənafelərinə xidmət edən məlum dağıdıcı ünsürlər iflasa uğrayaraq tarixin zibilliyinə gömüləcəklər.

Zahid Rza, “İki sahil”

phrase_var_article.chosen
59
ikisahil.az

1phrase_var_article.sources