AZ

Qurban Qurbanov: “Elfsborq”a qalib gələcək gücdəyik”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının Liqa mərhələsinin 6-cı turunda “Elfsborq”a qarşı keçirəcəkləri oyundan danışıb.

Arena.az xəbər verir ki, sabah baş tutacaq bu oyundan öncə hər iki komandanın mətbuat konfransı və açıq məşqi keçirilib.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərlə görüşdə bunları söyləyib:

“Hər iki komanda üçün vacib oyundur. Avropa Liqasında 2024-cü ilin son turudur. Ümumi nəticəyə baxsaq, aradakı xal fərqi çox azdır. Bəlkə də, sabah daha çox güc sərf etməli olacağıq. Səliqəli oynamaq önəmlidir. Sərfəli nəticə ilə meydanı tərk etməyə çalışacağıq. Futbol elə səviyyəyə gəlib ki, istənilən komanda istənilən rəqibi məğlub edə bilər. Qarşımızdakı komanda da çox intizamlıdır. Düşüncələrimiz tam həyata keçsə, bu rəqibə qalib gəlmək gücündəyik. Diqqətli, intizamlı oyunla bunu əldə edə bilərik”.

Baş məşqçi müdafiəçilər Bəhlul Mustafazadə və Kevin Medinanın zədəli olmasına da münasibət bildirib: “Xüsusən də, müdafiə xəttində itkilərimiz var. Bəhlul Mustafazadə və Kevin Medina oynamayacaq. Bunlar görünənlərdir. Görünməyən tərəflər isə odur ki, bəzi oyunçuların da mikro zədələri var. Bu, bizi narahat edir. Sabah həkimlərlə məsləhətləşdikdən sonra qərarımızı verəcəyik. Meydança amilini də unutmaq olmaz. Süni örtük həmin zədələrə daha pis təsir göstərə bilər. Ancaq təcrübəli futbolçularımız var. Həmin mövqelərdə ən düzgün addımı atmağa çalışacağıq”.

Mətbuat konfransında iştirak edən “Qarabağ”ın müdafiəçisi Marko Veşoviç də Bakıya qələbə ilə qayıtmağı hədəflədiklərini söyləyib:

“Bizi çətin rəqibə qarşı ağır oyun gözləyir. Həftəboyu matça yaxşı hazırlaşmışıq. Ümid edirəm ki, istədiyimiz oyunu nümayiş etdirəcəyik. Bununla bərabər aktivimizə daha bir qələbə yazdırmaq istəyirik. İnanıram ki, burada əldə edəcəyimiz qalibiyyəti fanatlarımızla birgə qeyd edəcəyik”.

“Qarabağ”ın müdafiə xəttində zəif cəhətlər var”

“Elfsborq”un baş məşqçisi Oskar Hilyemark isə oyundan əvvəlki mətbuat konfransında bunları dilə gətirib:

“Rəqibin heyətində topla fərdi şəkildə yaxşı davranan futbolçular var. Fikrimcə, onlar yaxşı oyunçulardan təşkil olunmuş komandadır. Lakin “Qarabağ”ın müdafiə xəttində zəif cəhətlər var. Şanslarımızı yüksək qiymətləndirirəm. Sabahkı matçı səbirsizliklə gözləyirik. 2024-cü ildə son görüşümüzə çıxacağıq. Ümid edirik ki, bizim üçün uğurlu olacaq”.

“Elfsborq”un 21 yaşlı yarımmüdafiəçisi Ahmet Qasem isə bunları dilə gətirib:

“Bizi qarşıda maraqlı oyun gözləyir. Hazırda tam olaraq “Qarabağ”la oyuna köklənmişik. Rəqibimiz hücum xəttində güclü futbolçuları olan təcrübəli komandadır. Bununla belə, bu görüşdə qələbə qazanmaq gücündə olduğumuzu düşünürəm. Biz Borasdakı hava şəraitinə uyğunlaşmışıq, ola bilər ki, bu amil onlar üçün ürəkaçan olmasın. Oyun günü maksimum soyuq olacağına ümid edirəm”.

Sabah “Boras Arena”da keçiriləcək bu qarşılaşmaya Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.

Seçilən
27
arena.az

1Mənbələr