AZ

Tarixi görüş

İsa HƏBİBBƏYLİ,
AMEA-nın prezidenti, akademik


Dünya miqyasında elmin inkişafında zaman və şəxsiyyət faktoru həmişə mühüm amillərdən biri olmuşdur. Ona görə də uzaqgörən dövlət xadimləri, böyük mütəfəkkirlər və maarifçilər öz fəaliyyətlərində elmin inkişafına diqqət və qayğı göstərmiş, cəmiyyətin inkişafı prosesində elm faktorundan bacarıqla istifadə etmişlər. Ümummilli lider, görkəmli dövlət xadimi Heydər Əliyev özünün çoxillik dövlətçilik fəaliyyətində elmə böyük önəm vermiş, onun inkişaf etdirilməsinə və alimlərə daim qayğı göstərmiş, rəhbərlik etdiyi ölkəni və xalqı irəliyə aparmaq üçün elmi ideyalardan istifadə olunmasına xüsusi diqqət yetirmişdir. Azərbaycan Elmlər Akademiyasının inkişafında və müstəqil dövlətçilik ideallarına doğru istiqamətləndirilməsində Heydər Əliyevin mühüm rolu vardır.

Prezident Heydər Əliyevin Azərbaycan Elmlər Akademiyasının rəhbər heyəti,  EA-nın həqiqi və müxbir üzvləri, respublikamızın tanınmış alimləri ilə 31 yanvar 1997-ci il tarixdə Prezident İqamətgahında keçirdiyi tarixi görüş geniş mənada ölkə elminin, xüsusən də ali dövlət elmi təşkilatının inkişafında əsaslı dönüş hadisəsidir. Görüşdə Elmlər Akademiyasının statusunun müəyyən edilməsi, ölkə elminin müstəqil dövlət quruculuğuna xidmət göstərməsi, alimlərin cəmiyyət qarşısındakı mövqeyi, onların sosial vəziyyətinin yaxşılaşdırılması, gənclərin elmə gəlişi, kadr islahatları kimi zəruri və aktual məsələlər ətrafında açıq söhbət aparılmışdır. Özünün mahiyyəti və əhəmiyyətinə görə dövlət başçısının ölkə alimləri ilə 31 yanvar 1997-ci il tarixli görüşü Azərbaycan elm tarixinin nadir və əhəmiyyətli hadisəsidir. Bu görüş müstəqil Azərbaycan dövlətinin elm siyasətinin prioritetlərinin formalaşdırılmasına, Elmlər Akademiyasının mövcud problemlərinin həllinə, inkişaf perspektivlərinə dövlət səviyyəsində həsr olunmuş ilk müzakirə kimi tarixi əhəmiyyət kəsb edir. 

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə 31 yanvar 1997-ci ildə Elmlər Akademiyasının rəhbərliyi, həqiqi və müxbir üzvləri, institut direktorları və aparıcı alimləri ilə Prezident İqamətgahında görüşün keçirildiyi vaxta qədər ölkəmizdə belə bir müzakirə təşkil olunmamışdı. Müstəqilliyin başlanğıc illərində, 1992-ci ildə Azərbaycan Respublikasının Ali Sovetində “Elm haqqında qanun” layihəsi adlandırılan bir sənəd müzakirə edilsə də, elm sahəsində mövcud reallığı və perspektiv inkişafı, habelə dünya təcrübəsini müasir tələblər səviyyəsində əks etdirmədiyi üçün təqdir olunmamışdı. Azərbaycan Elmlər Akademiyasının hazırladığı Akademiya haqqında qanun layihəsi isə bütövlükdə, respublika üzrə elmi fəaliyyəti deyil, birtərəfli qaydada yalnız ayrılıqda götürülmüş bir elmi təşkilatın hüquqları və vəzifələrinə həsr olunduğu üçün digər elmi qurumların marağına səbəb olmamışdı.

Beləliklə, Elmlər Akademiyası hələ də keçmiş SSRİ Elmlər Akademiyasının iş üslubundan tam uzaqlaşa bilməmişdi. Bütün bunları yaxından müşahidə edən Prezident Heydər Əliyev EA heyəti ilə 31 yanvar 1997-ci il tarixli görüşdən istifadə edərək elmi ictimaiyyətə dövlət müstəqilliyi dövrünün elm siyasətinin əsas prinsipləri və müddəaları haqqındakı baxışlarını çatdırmaq, onlarda yeni tarixi mərhələnin elm siyasətinin mahiyyətinə dair müasir dünyagörüşü formalaşdırmaq məqsədini həyata keçirməyi əhəmiyyətli hesab etmişdir. Ona görə də müzakirələr zamanı, ilk növbədə, Elmlər Akademiyasının rəhbərliyini və üzvlərini keçmiş sovet cəmiyyətinin iş prinsiplərindən əl çəkib, öz fəaliyyətlərini müstəqillik dövrünün xüsusiyyətlərinin doğurduğu yeni tələblər əsasında qurmağa çağırmışdır. Prezident Heydər Əliyevin aşağıdakı fikirləri müstəqillik dövründə Azərbaycan EA-nın konseptual əsaslarını müəyyən edir: 

“İndi Azərbaycan müstəqil dövlətdir. Azərbaycanın Elmlər Akademiyası dövlət elmi akademiyasıdır. Bizim akademiyamızın gərək strategiyası olsun. Akademiya gərək öz işini bu strategiya əsasında qursun. Bu strategiyanı da gərək siz respublikamızın həm elmi-tədqiqat sahəsindəki imkanlar əsasında qurasınız, həm də elmi-tədqiqat işlərinin nəticələrinə görə respublikamıza lazım olan sahələri əhatə etməyə çalışasınız.

Keçmişdə biz Sovetlər İttifaqının tərkibində olarkən yalnız bu ittifaq çərçivəsində hərəkət edə bilirdiksə, indi bütün dünya ilə əlaqə qururuq və qura bilərik... Ona görə də sizin indiki iş planınız, elmi strategiyanız gərçəkdən də o keçmiş işlərdən tamamilə fərqli olmalıdır.

İndi ümumiyyətlə, qüsurlarımızdan biri ondan ibarətdir ki, çalışırıq keçmişdə necə olub, onu təkrar edək… Bundan uzaqlaşmaq lazımdır. Şübhəsiz ki, keçmişdə olan, bu gün üçün dəyərli təcrübədən istifadə etmək lazımdır… Amma keçmiş üsul-idarəni, metodları, qanun-qaydaları əsas götürüb, onları təkrar etmək düzgün deyil. Ona görə də indi siz elmin inkişafı üçün akademiyanın strategiyasını müəyyən edərkən, gərək işə, bax, bu prinsiplər əsasında yanaşasınız”.

Heydər Əliyev 15 may 1991-ci il tarixdə təsdiq olunmuş “Azərbaycan Elmlər Akademiyasının statusu haqqında” dövlət sənədində Elmlər Akademiyasının tam müstəqil olması haqqındakı müddəalara tənqidi münasibətini bildirmişdir. Dövlət rəhbəri haqlı olaraq özəl, yaxud qeyri-hökumət təşkilatı və ya klub statusunda olan akademiyalarla, dövlətin ali elmi təşkilatı olan Elmlər Akademiyasını eyniləşdirmək meyillərinə də qarşı çıxmışdır. Qeyd etmişdir ki, dünya təcrübəsində mövcud olan klub xarakterli akademiyalarla fundamental tədqiqatlar aparmaqla məşğul olan, doktorantura təhsilini həyata keçirən, ölkənin elm siyasətini müəyyən edən, tərkibində elmi-tədqiqat institutları fəaliyyət göstərən elmlər akademiyaları fərqli anlayışlardır. 

Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin 1991-1992-ci illərdə Elmlər Akademiyasını ləğv etmək, akademiyanın mülkiyyətini özəlləşdirmək haqqındakı niyyətləri nə qədər səhv addım idisə, dövlət müstəqilliyinin ilk mərhələsində akademiya rəsmilərinin, ayrı-ayrı tanınmış elm adamlarının da bu ali dövlət elmi qurumunu dövlətdən, ölkədə gedən proseslərdən təcrid edilmiş şəkildə “müstəqil” elmi qurum kimi təsəvvür etmələri də kökündən yanlış idi. Əslində, bu meyil də son nəticədə Elmlər Akademiyasının bağlanmasına və ya əhəmiyyətsiz bir qüruma çevrilməsinə gətirib çıxara bilərdi. Çünki nəinki iqtisadi böhrandan hələ qurtara bilməmiş yeni qurulmuş Azərbaycan Respublikası, hətta inkişaf etməkdə olan və ya inkişaf etmiş ölkələrdə də EA-lar əsasən dövlət büdcəsi hesabına maliyyələşdirilir. İnnovasiya və sahibkarlıq fəaliyyəti ilə də məşğul olan EA-ların əldə etdikləri əlavə gəlirlər inkişaf prosesinə stimul yaratsa da, onların müstəqil şəkildə fəaliyyət göstərmələrinə tam təminat verə bilmir. Bu mənada Prezident Heydər Əliyevin 31 yanvar 1997-ci il tarixdə keçirilən görüşdə dönə-dönə Azərbaycan Elmlər Akademiyasının dövlət elmi müəssisəsi olmasını xatırlatması bu elmi təşkilatın fəaliyyətinə verilən qiymətdən çox, qurumun statusunu və vəzifələrini düzgün başa düşməyə çağırışın ifadəsidir: “Bunu deməyə məcburam ki, Azərbaycan Respublikasının müstəqil Azərbaycan Elmlər Akademiyası Azərbaycanın ən yüksək elmi müəssisəsi, elmi təşkilatıdır… Azərbaycan Elmlər Akademiyası dövlət akademiyasıdır, Prezidentin birbaşa himayəsi altındadır və Prezidentin qarşısında cavabdehdir. 

…Bir tərəfdən deyirsiniz ki, Akademiyanı kimsə dağıtmaq istəyir, digər tərəfdən də qərar qəbul etmisiniz ki, Akademiya özünü idarə edən təşkilatdır, müstəqildir, filandır, heç kəsdən asılı deyil… Elə bu dağıntı işini özünüz etmisiniz. Nizamnamə pozulanda hər şey ola bilər…. Ona görə də öz səhvlərinizin bəlasını çəkirsiniz və mən buna yol verə bilmərəm”.

Dünya təcrübəsi və müstəqil Azərbaycan dövlətinin reallığı Ulu öndərin nə qədər uzaqgörən və obyektiv mövqedə olduğunu təsdiq edir. Sonralar Milli Elmlər Akademiyasının Heydər Əliyev tərəfindən 2 yanvar 2003-cü ildə təsdiq edilmiş yeni Nizamnaməsində, Prezident İlham Əliyevin 2016-cı ildə təsdiq etdiyi Azərbaycan Respublikasının Elm haqqında Qanununda, AMEA-nın 2014-cü il və 2023-cü il tarixli nizamnamələrində Milli Elmlər Akademiyasının ali dövlət elmi təşkilatı olması prinsipi əsas maddə kimi öz əksini tapmış və digər müddəalar həmin prinsip əsasında formalaşdırılmışdır. Bu, Milli Elmlər Akademiyasının statusunun müəyyən edilməsinin və fəaliyyətini davam etdirməsinin ana xəttini müəyyən edən əsas müddəadır. 

Görkəmli dövlət xadimi Heydər Əliyev 31 yanvar 1997-ci il görüşündə Azərbaycan Milli Elmlər Akademiyasının müstəqillik dövründəki statusu ilə yanaşı, əsas məqsəd və vəzifələri haqqında da konkret fikirlər irəli sürmüş, bu haqda akademiya rəhbərliyinə ən doğru yolu göstərmişdir: “Azərbaycan Elmlər Akademiyası respublikamızın dövlət müstəqilliyinə xidmət etməlidir və Azərbaycan elminin inkişaf etməsində aparıcı rolunu oynamalıdır. Azərbaycan Prezidenti, hökuməti bunun üçün bütün imkanları yaradacaqdır. 

Bu vəzifələri yerinə yetirmək üçün siz elmin inkişafı haqqında müəyyən bir mərhələdə strategiyanızı və taktikanızı müəyyən etməlisiniz, onu təsdiq etməlisiniz və Azərbaycan Prezidentinə təqdim etməlisiniz”.

Görkəmli dövlət xadimi Heydər Əliyevin tələb və təklif etdiyi müddəalar Milli Elmlər Akademiyasının dünya təcrübəsi və ölkə reallığı əsasında təsdiq olunmuş qızıl qaydasıdır. Həmçinin Azərbaycan Elmlər Akademiyasının strategiyasına və strukturuna da xalqımızın milli maraqları və müstəqil dövlətimizin mənafeləri baxımından yanaşaraq, elm sahəsində islahatların aparılması zərurəti haqqında Prezident Heydər Əliyevin 31 yanvar 1997-ci ildə irəli sürdüyü tələblər davamlı inkişafla bağlı olan aktual prinsip kimi daim zaman-zaman həyata keçirilməkdə davam edir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Elmlər Akademiyasının rəhbərliyi və elmi heyəti ilə 31 yanvar  1997-ci il tarixdəki görüşündə müzakirə edilən digər məsələlərin hamısında xalqımızın və müstəqil dövlətimizin maraqları və mənafeləri mövqeyindən çıxış edilmişdir. Prezident Heydər Əliyevin bu tarixi görüşdə irəli sürdüyü Azərbaycan tarixinin, xüsusən XIX-XX əsrlər tariximizin yenidən yazılması zərurəti haqqındakı tələbi də keçmiş sovet ideologiyasının prinsiplərindən yaxa qurtarmağa və yeni tarixi dövrün tələbləri əsasında xalqımızın obyektiv reallıqlara və arxiv sənədlərinə əsaslanan gərçək tarixinin yazılıb yeni nəsillərə çatdırılması ideyasına xidmət edir: “İndi vəzifə ondan ibarətdir ki, Azərbaycanın tarixi yenidən yazılmalıdır… Mən demişəm ki, Azərbaycanın XX əsr tarixi yazılmalıdır. Mən bunu niyə belə demişəm? XX əsr çox mürəkkəb bir əsrdir. Bu əsrdə dünyada və respublikamızın həyatında baş vermiş ictimai-siyasi hadisələr məlumdur. Ancaq bu, XX əsrdə yaşadığımız ideologiyaya və onun konsepsiyasına görə bizim tariximiz təhrif olunmuşdur. Ona görə də mən çox çalışıram ki, biz XX əsr tariximizi tez yazaq. Çünki, bilirsiniz, tariximiz bir tərəfdən təhrif olunur, digər tərəfdən isə keçmişdə nə varsa, götürüb qəzetlərdə, kitablarda qaralamağa, pisləməyə başlayıblar… İndi Akademiyanın qarşısında duran əsas vəzifələrdən biri də Azərbaycan xalqının XIX-XX əsrlər tarixinin yazılmasıdır”.

Milli Elmlər Akademiyasının 50 illik yubileyinin keçirilməsi, “Azərbaycanın Tarixi Atlası”nın hazırlanması, yeni nəsil elmi kadrların yetişdirilməsi, Milli Ekologiya Fondunun yaradılması, arxiv işinin yenidən qurulması, 20 Yanvar hadisələrinə obyektiv siyasi-elmi qiymət verilməsi, görkəmli elm xadimlərinin yubileylərinin qeyd olunması, gənclərin elmi fəaliyyətə cəlb edilməsi kimi məsələlər ətrafında aparılan müzakirələr və qəbul edilən qərarlar miqyasına və əhəmiyyətinə görə bu tarixi görüşün ölkə Prezidenti ilə alimlərin dialoqundan çox, müstəqillik dövründə Elmlər Akademiyasının problemlərinə və vəzifələrinə həsr edilmiş müşavirə səviyyəsində keçirildiyini göstərir. Bu görüş və müzakirələrdə Heydər Əliyevin göstərdiyi yol Elmlər Akademiyasını müstəqillik adı altında yanlış fəaliyyət göstərməkdən qurtarıb, düzgün istiqamətdə inkişaf etdirilməsini müəyyən etmişdir. Həmin görüşdə iştirak etmiş akademik Cəmil Quliyev çıxışında 31 yanvar 1997-ci il görüşünü Elmlər Akademiyasının xilası hadisəsi, Heydər Əliyev tərəfindən xilas edilməsi hadisəsi kimi dəyərləndirmişdir: «Azərbaycan Elmlər Akademiyası ətrafında gedən söhbətlər hamıya məlumdur... Azərbaycan Elmlər Akademiyasını bu gün Siz xilas etdiniz… Siz akademiyanın ləğvi barədə bütün dedi-qodulara son qoydunuz…”

Beləliklə, görkəmli dövlət xadimi  Heydər Əliyevin akademik heyətlə keçirilmiş 31 yanvar 1997-ci il tarixli görüşü ilə EA-nın ləğv edilməsi, statusunun dəyişdirilməsi, elmi tədqiqat institutlarının bağlanması kimi cəmiyyətdə gedən söz-söhbətə son qoyulmuşdur. Məhz həmin görüşdə Prezident Heydər Əliyevin qəti mövqeyi ilə Elmlər Akademiyasının statusunun dəyişdirilərək – Qazaxıstan variantına uyğunlaşdırılması, yəni Məhdud Məsuliyyətli Cəmiyyətə, yaxud ictimai təşkilata çevrilməsi sahəsindəki mübahisəli fikirlər aradan qaldırılmışdır. Azərbaycan elminin taleyində xüsusi əhəmiyyətə malik olan həmin tarixi görüşdə Elmlər Akademiyasına dövlət dəstəyin daha da qüvvətləndirərək bu qurumun ali dövlət elmi təşkilatı kimi fəaliyyətini davam etdirməsi qəti olaraq təsdiqlənmişdir. Elmlər Akademiyasının mahiyyətini ifadə edən “ali dövlət elmi təşkilatı” formatı ulu öndər Heydər Əliyevin dahiyanə dəqiqliklə müəyyən etdiyi təyinatdır. 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin elm xadimləri ilə görüşündə elmi ictimaiyyətin diqqətinə çatdırdığı qəti mövqe ilə Elmlər Akademiyasının statusu, fəaliyyət istiqaməti müəyyən edilmişdir: “Bir şeyi bilməlisiniz ki, – bu mənim fikrimdir, – Azərbaycan Elmlər Akademiyası respublikamızın ən yüksək elmi müəssisəsidir. O, Azərbaycan dövlətinə məxsusdur. Son illərdə təkcə Azərbaycanda yox, dünyanın hər yerində müxtəlif akademiyalar yaranır. Eşidirsən ki, filan yerdə akademiya yaranıb, filankəs o akademiyaya üzv seçilib… Əgər belə desək, bu, özəl akademiyalardır… Amma Azərbaycan dövlətinin ən yüksək elmi müəssisəsi respublikamızın Elmlər Akademiyasıdır… Bu akademiyanın işi və orada işləyənlərin səviyyəsi, şübhəsiz ki, başqalarından yüksəkdir, yüksək də olacaqdır”.

Bu tarixi görüşdən sonra Elmlər Akademiyasının rəhbər heyətinin yenidən təşkili, həyata keçirilən digər dəyişikliklər EA-ya rəsmi şəkildə ali dövlət elmi təşkilatı statusunun verilməsi anlayışını ifadə edən Milli Elmlər Akademiyası haqqında qərarın qəbul edilməsinə doğru istiqamətləndirilmişdir. 

Elmlər Akademiyasının kollektivi görüşün mahiyyəti və əhəmiyyətini yüksək dəyərləndirmiş, EA-nın gələcəyinə göstərilən dövlət qayğısını minnətdarlıqla qarşılamışdır. İlk dəfə Azərbaycan Milli Elmlər Akademiyasının Elmi İrs Arxivindən əldə etdiyimiz sənədlər 31 yanvar 1997-ci il tarixli görüşün doğurduğu əks-sədanı bütün reallıqları ilə birlikdə əyani şəkildə görməyə, konkret detalları ilə təsəvvür etməyə imkan yaradır. Bu baxımdan Prezident İqamətgahında keçirilmiş tarixi görüşdən dərhal sonra, 5 fevral 1997-ci il tarixdə Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında Akademiyanın ümumi yığıncağının çağırılması haqqında qərarın qəbul edilməsi və 7 fevral 1997-ci ildə ümumi yığıncağın keçirilməsi akademik təşkilatın elmin inkişafına və alimlərə göstərilən dövlət qayğısına yüksək əhval-ruhiyyə ilə cavab vermələrini göstərir. 

Azərbaycan EA-nın 7 fevral tarixdə keçirilmiş ümumi yığıncağında Rəyasət Heyətinin iclasında təsdiq olunmuş gündəliyə əsasən Elmlər Akademiyasının üzvlərinin və onun rəhbər orqanlarının seçkiləri haqqında Əsasnamənin II bölməsinin 5-ci bəndinə müvafiq olaraq, yeni müddətdə Azərbaycan EA-nın prezidenti seçkilərinin keçirilməsi məsələsi müzakirə olunmuşdur. Bununla belə, 7 fevral 1997-ci il tarixdə öz işinə başlayan ümumi yığıncaqda təşkilati məsələyə baxılsa da, akademiyanın üzvləri çıxış edərək Prezident İqamətgahındakı 31 yanvar 1997-ci il tarixli görüş haqqında təəssüratlarını bölüşmüş, həmin tarixi günün dərsləri və çağırışlarını diqqət mərkəzinə çəkmişlər. Bu mənada Elmlər Akademiyası ümumi yığıncağının 7 fevral 1997-ci il tarixli iclası Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin elm siyasəti, akademiyanın müstəqillik dövründəki statusu məsələsi və vəzifələrinə həsr edilmiş forum təsiri bağışlayır. Elmlər Akademiyasının ümumi yığıncağında çıxış edənlərin görkəmli dövlət xadimi Heydər Əliyevin uğurlu dövlətçilik fəaliyyəti, apardığı məqsədyönlü elm siyasəti, akademiyanın rolu və vəzifələri haqqındakı fikirləri elm tariximizin əhəmiyyətli səhifələridir. AEA ümumi yığıncağının 7 fevral 1997-ci il tarixli iclası müstəqil Azərbaycan dövlətinin elm siyasətinin cəmiyyətdə dərk olunmasını və şərh edilməsini əks etdirən akademik yığıncaq kimi də tarixi hadisədir. Ümumi yığıncağın bu iclası Azərbaycan alimlərinin mövqeyi, dünyabaxışı haqqında da aydın təsəvvür yaradır. Ümumi Yığıncağın təşkilati məsələyə baxılmasına qədərki giriş hissəsinə sədrlik edən akademik Eldar Salayev 31 yanvar 1997-ci il tarixdə Prezident İqamətgahında görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə keçirilən görüşü “nəinki akademiyanın həyatında, eyni zamanda, Azərbaycan elmində tarixi bir hadisə” kimi qiymətləndirmişdir. 

Qeyd etmək lazımdır ki, çıxışların hamısında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çoxillik dövlətçilik fəaliyyətinin yüksək qiymətləndirilməsi və EA-ya qayğısı diqqət mərkəzində olmuşdur. 

Akademik İsmayıl İbrahimov Prezident İqamətgahındakı görüşün ümumiyyətlə elmin və konkret olaraq akademiyanın inkişafına göstərilən dövlət qayğısının xüsusi əməli ifadəsi olduğunu nəzərə alaraq, Prezident Heydər Əliyevə minnətdarlıq məktubu göndərilməsi təklifi ilə çıxış etmişdir: “Keçirilən böyük görüşün nəticələrini nəzərə alaraq, təklif edirəm ki, bugünkü ümumi iclasımız adından respublika Prezidentinə müraciət qəbul olunması Rəyasət Heyətinə tapşırılsın”. 

Ümumi yığıncaqdakı çıxışların hər biri Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin alimlərlə görüşünün mahiyyəti və əhəmiyyəti haqqındakı akademik baxışların ifadəsidir. 

Akademik Bəkir Nəbiyev: “Biz hamımız düz bir həftə bundan əvvəl Prezident Aparatında keçirilən görüşün təsiri altındayıq… Bəli, sıravi elmi işçidən başlamış Akademiya üzvlərinə qədər hamının məvacibi artırılmışdır… Lakin bizi daha çox mütəəssir edən Prezident Heydər Əliyevin EA və Azərbaycan elmi haqqında yüksək səriştəli nitqidir. 

…Elmlər Akademiyası ətrafında yaranmış qeyri-müəyyənliyin sükut buzunu sındıran bu tarixi görüşdən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün görüləcək işlər, inanıram ki, bizim bundan sonra keçiriləcək daha geniş və işgüzar yığıncaqlarımızda müzakirələrin predmeti olacaqdır”.

Akademik Musa Rüstəmov: “Əlbəttə, bu özü böyük tarixi hadisədir ki, respublika Prezidenti EA-nın üzvlərini şəxsən qəbul etmiş, Azərbaycan elminə olan münasibətini göstərmişdir… Bu, Elmlər Akademiyasının inkişafına çox böyük təsir göstərəcəkdir. Prezident, həmçinin öz çıxışında gələcək inkişaf yollarını da göstərmişdir… Bütün bunlar imkan verəcək ki, akademiyaya gənclər də cəlb olunsunlar”. 

Akademik Ziya Bünyadov: “Bir həftə bundan qabaq birinci dəfə idi ki, respublika Prezidentinin iqamətgahında akademiyanın işçiləri ilə belə görüş keçirilirdi… Nəhayət, Prezidentimiz bizi toplayıb EA-nın gələcək həyatı üçün təhlükəli olan sözləri kənarlaşdırdı. Onun bizə tövsiyə etdiyi məsələlərlə addımlamalıyıq. Biz artıq XXI əsrin astanasındayıq.” 

Akademik Asəf Nadirov: “Akademiyanın həyatında yeni dövr başlayır… Müstəqillik əldə ediləndən sonra 5 dəfə dəyişən hakimiyyət strukturları respublikamıza ağır zərbə vurduğu kimi, akademiyamıza da ağır zərbə vurdu. Hətta məsələ o yerə çatmışdı ki, Akademiyanın ləğvi məsələsi irəli sürülmüşdü. Lakin 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə gələn Heydər Əliyev cənabları təkcə akademiyada yox, respublikamızın həyatında böyük dönüş yaratdı…

(ardı var)

 

Seçilən
35
xalqqazeti.az

1Mənbələr