AZ

Sadə məsələ

“Konəd həmcens ba həmcens pərvaz. 

Kəbutər ba kəbutər, baz ba baz"

(Nizami Gəncəvi,  tərcüməsi: “Hər kəs öz həmcinsi ilə uçar, Göyərçin göyərçinlə, şahin şahinlə”).

Əgər ölkəmiz futbol baxımından inkişaf etməyibsə, Lionel Messi nə üçün Bakıya gəlmişdir? Mən milli komandamızın baş məşqçisi Fernandu Santuş müəllimin “Düz yoldayıq” fikrinə yüksək şəkildə qatılıram. Dünya çempionu məhz həmin düz yolla qonaq gəlmişdi.

Sözgəlişi, Santuş soyadı biz azərbaycanlılar üçün hələ qədimdən əzizdir. Bəlkə indiki uşaq-muşaqlar bu faktı bilmir, yazıram, öyrənsinlər: Anqolanın 1979-2017-ci il arasında, düz 38 il prezidenti olmuş Joze Eduardu duş Santuş Azərbaycan təhsilinin yetirməsi idi, indiki Neft və Sənaye Akademiyasını, keçmiş “AZİ”ni bitirmişdi. (Anqolanın Portuqaliya müstəmləkəsi olmasını nəzərə alsaq, baş məşqçimizin həmin prezidentlə qahım çıxması ehtimalı da var). Yəni hazırda bu məktəbdə oxuyan tələbələrimiz gələcəkdə Anqola prezidenti olmağa ümid edə bilərlər. Ümidvaram bu həvəslə yaşayıb karyera quran gənclər mənim yazımı, verdiyim stimulu unutmayacaqdır. 

Stimul vacibdir. Bax, elə Messinin səfəri nə qədər gənclərdə futbola həvəs, maraq oyatdı. Hətta yaxşı olar ki, “Neftçi” komandasına sərf elədiyimiz pulları bu kimi məqsədlərə ayıraq. İldə bir neçə dəfə dünya futbolunun ulduzları Bakıya, bölgələrə gətirilsin, əhaliyə nümayiş etdirilsin. 

Mən bunu boş söhbət kimi, havadan yazmıram. Təcrübə danışır, necə deyərlər. 1979-cu ildə, 6 yaşım olanda Moskvadan, “Pravda” qəzetinin müxbiri evimizə qonaq gəlmişdi. Atamın tanışı idi. Bəlkə də mən o müxbirə göstərilən xalq məhəbbətini izləyərək sonradan jurnalist olmaq qərarına gəldim. Ancaq səhv istiqamətə yönəlməyim də mümkün idi, çünki Moskvada balerina işləyən qızından elə həmin il açıqca hədiyyəsi almışdım. 

Yəni həyatda belə qəribə ziqzaqlar olur. Jurnalist də ola bilərsən, baletmeyster də. (Öz aramızda, Allah hər ikisindən uzaq eləsin. Əziyyətli peşələrdir - gərək daim barmağın üzərində yeriyəsən. Bunu jurnalist olmaq eşqinə düşən kimlərsə varsa, onlar üçün yazıram. Nə qədər gec deyi, dönün bu yoldan. Yazıq olarsınız. Santuş müəllimin dediyi düz yol bu deyil. Hətta diqqət eləsəniz, ana dilimizdə “yazı” sözünü “yazıq” sözündən cəmi 1 hərf ayırır, fərqləndirir). 

Qayıdaq mövzuya. Mövzu isə eks-prezident Əbülfəz Elçibəyin Bakıdakı iqamətgahından oğurluq edilməsidir. Kombi, elektrik malları və sairə oğurlayan vətəndaş isti izlərlə yaxalanmışdır. Şükür, heç olmazsa bu məsələnin zamana ehtiyacı olmayıbdır. 

Əlaqədar orqanların açıqlamasından belə məlum olur ki, hadisəni törədən yoldaş Saatlı rayon sakinidir. Bu isə bəzi ekspertlərdə Əli bəydən şübhələnməyə əsas yaradıb. Açıq yazırlar - dünən bu istiqamətdə məktub almışam. Deyirlər AXCP sədri də Saatlı sakinidir, vaxtilə Əbülfəz bəylə müəyyən fikir ayrılıqları olubdur. 

Maraqlıdır ki, təzəlikcə hökumətin məhkəməsi Əli bəyi 1500 manat cərimə etmişdi. Uzun illərdir işsiz qalmış, hətta xarici pasport da verilməyən (heç olmazsa Rusiyada gedib işləyə bilərdi), cəriməni ödəməyə pulu olmayan Əli bəyin Elçibəyin villasına basqın təşkil etməsindən şübhələnirlər. 

Mümkün deyildirmi? Hər şey mümkündür. Dünən bir gənc futbol aşiqi də mənə elə bu cür dedi: “Messinin Bakıya gələcəyini yatsam yuxuda görməzdim”. Həqiqətən belədir. 

Sadəcə, biz gərək Messidən xahiş eləyək, gələn dəfəki Bakı səfərində futbol üzrə dünya çempionu olmuş Argentina yığmasının aldığı kuboku da ölkəmizə gətirsin. Yığışaq, gedək, ellikcə həmin kuboku öpək, başımız üstündə qaldıraq, şəkil çəkdirək. Olaq dünya çempionu. 

Vallah, məsələ bu qədər sadədir. 

Seçilən
11
musavat.com

1Mənbələr