AZ

Polşa və Azərbaycan banklar assosiasiyaları arasında memorandum imzalanıb

Bakı, 12 dekabr, AZƏRTAC

Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov Polşa Banklar Assosiasiyasının (PBA) dəvəti ilə bu ölkədə səfərdə olub.

ABA-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanovanın dəstəyi ilə baş tutan səfər zamanı Yunus Abdulov Polşa Banklar Assosiasiyasının (PBA) prezidenti Tadeuş Bialek ilə görüşüb, iki ölkənin assosiasiyaları arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Memorandum iki assosiasiyanın üzv təşkilatları arasında qarşılıqlı, faydalı əməkdaşlıq vasitəsilə tərəflərin ümumi maraqlarını təşviq etmək məqsədi daşıyır. Sənədə görə, ABA və PBA bank və maliyyə sahəsində seminarlar, forumlar, konfranslar və digər tədbirlərin təşkili üçün birgə əməkdaşlıq, həmçinin Polşa və Azərbaycan bank-maliyyə əlaqələrinin möhkəmləndirilməsi qərarına gəlinib.

Bundan əlavə, səfər çərçivəsində ABA-nın icraçı direktoru Yunus Abdulov və Varşava Bank İnstitunun İdarə Heyətinin sədr müavini Mariola Şimanska arasında işgüzar görüş keçirilib. Görüşdə birgə təlim-tədris sahəsində əməkdaşlıq və mübadilə proqramlarının təşkili istiqamətində müzakirələr aparılıb.

 

 

Seçilən
4
3
azertag.az

2Mənbələr