"Messini Bakıya gətirmək yaxşı işdir. Özəlliklə də çox sayda uşağın sevincini görməyə dəyərdi. İdealları olan bir futbolçunu bu cür qarşılamaq və sevinmək uşaqların haqqıdır. Hələ bu görüşə qatıla bilməyənlərin üzüntüsünü də anlamaq lazımdır".
Offsideplus.az xəbər verir ki, bu sözləri millət vəkili şəxsi feysbuk hesabında paylaşıb.
Deputat bu tədbirlərin biznes layihə olduğunu dilə gətirib:
"Messi, fikrimcə dünyanın gəlmiş-keçmiş ən möcüzəli futbolçusudur. Bununla belə, ən aktual məsələ bu cür gəliş-gedişlərin ölkəmizdə futbolun inkişafına faydası barədə strategiyadır. Varmı belə strategiya? Bilgim olmadığından qəti söz söyləmək istəməzdim. Ancaq düşünürəm ki, sırf şou xarakteri daşıyan addımdır. Məsələn, Məsut Özilin gəlişi, meydançada uşaqlarla top qovması daha anlamlı görünürdü. Əlbəttə qonağa qazan yeməklərini, kababımızı ikram etmək də vacibdir. Bu cür əlahiddə qonaqları qazanımızın içində gəzdirməklə bərabər qazonumuzun da üstündə dolaşdırmaq yaxşı olardı. Bu cür futbolçuların uşaq idmanına dəstək üçün gəlməsi ən ciddi strategiya olaraq düşünülməlidir. Tövsiyələri faydalı ola bilər. Ən rahat yol isə başqadır. Futbolu diletantların cəngindən xilas edib, ağıllı milli çempionat platforması yaradırsan, 5-6 “Qarabağ” kimi, hətta bu standartdan da yuxarı komanda formalaşır, Avropa yarışlarında stabil yer alır və heyətində ulduzların olduğu komandalar vaxtaşırı Bakıya, Ağdama, Naxçıvana, Lənkərana gəlir. O zaman uşaqlarda da buna alışqanlıq yaranır və Messini gördüyündə ağladıqları kimi davranmırlar. Anlayıram, Molla Nəsrəddinin biznes məsələsinə bənzər bir şeylər olduğunun fərqindəyəm, ancaq bəlkə də buradan başlamaq daha məqsədəuyğun olar. Mollanın biznes planı belədir: qapının yaxınına tikan əkəcək, oradan keçən qoyunların yunu tikana ilişəcək, bu yunu əridəcək, onu ipə çevirib paltar toxuyacaq, paltarı satıb pul qazanacaq! Sadəcə, hər bölgədə uşaqlar üçün əlçatan formada futbol, basketbol, voleybol, həndbol, reqbi, üzgüçülük, atletika infrastrukturu yaratsa, Olimpiya çempionları yetişdirən bu məmləkət niyə də Messi dəyərində bir azərbaycanlı Məsi yetişdirməsin?!"