AZ

Laçında Heydər Əliyevin xatirəsi ehtiramla anılıb

Dekabrın 12-də Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anım günü keçirilib.

Tədbirdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Laçın şəhər, Zabux və Sus kənd tam orta məktəblərinin pedaqoji heyəti, Laçın rayon Mərkəzi Xəstəxanasının həkim heyəti, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilatlarının nümayəndələri iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib.

Daha sonra Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyev təkcə Azərbaycanın tarixində deyil, bütövlükdə dünya siyasi səhnəsində dərin iz buraxmış bir liderdir. Ulu öndərin irsi, ideyaları və qurduğu güclü dövlət bizim üçün əbədi yol göstəricidir: “Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi, bu dəyərləri daha da irəli aparmış, xalqımızı vahid məqsəd ətrafında birləşdirmişdir. Onun rəhbərliyi altında Azərbaycan Qarabağın işğaldan azad edilməsi kimi tarixi bir zəfəri gerçəkləşdirdi. Bu qələbə təkcə bizim torpaqlarımızın bütövlüyünü bərpa etmədi, eyni zamanda Heydər Əliyevin qoyduğu milli birliyə dayanan siyasətin həqiqi gücünü bir daha göstərdi. Bu gün bizlərə düşən vəzifə Heydər Əliyevin ideyalarına sadiq qalaraq, onun qurduğu müstəqil Azərbaycanı daha da gücləndirməkdir. Bir daha Heydər Əliyevi sevgi və ehtiramla anırıq. Allah rəhmət eləsin!”

Qocaman müəllim Kifayət Sadıqova qeyd etdi ki, Heydər Əliyev təkcə müstəqil Azərbaycanın qurucusu deyil, eyni zamanda xalqımızın milli-mənəvi dəyərlərini qoruyan və gələcəyə daşıyan böyük lider idi: “Onun rəhbərliyi ilə ölkəmiz siyasi, iqtisadi və mədəni sahələrdə misilsiz uğurlara imza atdı. Bir müəllim olaraq, Heydər Əliyevin təhsilə verdiyi əhəmiyyəti xüsusi vurğulamaq istərdim. Onun təşəbbüsü ilə ölkəmizdə təhsil infrastrukturu gücləndirildi, elm və mədəniyyət sahələri yeni yüksəliş mərhələsinə daxil oldu”.

Rayon ziyalısı Qəzənfər Hüseynov isə çıxışında qeyd etdi ki, ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının iftixarıdır: “Heydər Əliyevin xidmətləri hər bir sahədə öz əksini tapıb. Rayon ziyalısı kimi bunu qürurla deyə bilərəm ki, onun yaratdığı imkanlar bizlərə yeni üfüqlər açdı, millətimizə yeni yol göstərdi”.

Rəsmi hissədən sonra şagirdlər dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş şerlər səsləndirdilər.

Daha sonra “Heydər Əliyev. Zamanın fövqündə” sənədli filmi nümayiş olundu.

P.ƏMİRCANOV
XQ

Seçilən
11
3
xalqqazeti.az

4Mənbələr