"Noyabrın 1-dən dinamik tarif siyasətinə keçilib. Biz noyabrda bu dinamikanı izlədik. Statistikaya əsasən, sərnişinlərimizin 50%-i biletlərini səfərlərinə 3-10 gün qalmış, 20%-i isə son 3 gün qalmış əldə edirlər".
News365.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Rövşən Rüstəmov bildirib.
Onun sözlərinə görə, 70% sərnişin yalnız son 10 gündə səfərlərini planlaşdırır:
"Tövsiyə edərdik ki, səfərlərini öncədən planlaşdırsınlar və bizim 15%-lik endirimimizdən faydalansınlar".
R.Rzayev qeyd edib ki, sərnişindaşıma ilə bağlı digər yenilik isə odur ki, artıq dəmir yolu infrastrukturuna məsafə başına ödənişlər həyata keçirilir:
"Səfər edilən məsafəyə uyğun olaraq ödəniş aparılır. Bu günlərdə son test mərhələsindəyik. SİMA ödəniş sistemi artıq bir neçə dəmir yolu stansiyasında test mərhələsindədir. Bu, o deməkdir ki, yaxın günlərdə sərnişinlərimiz heç bir təmas olmadan platformalarda, turniketlərdə SİMA tanınma sistemindən istifadə edə biləcəklər".