AZ

Böyük layihədə dövlətin 2 faiz payının SOCAR-a verilməsi nə deməkdir...

Image

SOCAR dövlət şirkəti olduğuna görə bu dəyişiklik texniki xarakter daşıyır

“Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” Sərəncamda dəyişiklik edilib.

Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) səhmlərinin 49 faizi dövlətə, 51 faizi isə SOCAR-a məxsus olan “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti vasitəsilə layihələrin səmərəli idarə olunmasını təmin etməlidir.

Cəmiyyətin nizamnamə kapitalında dövlətə məxsus səhmlərin nizamnamə kapitalının 2 faizini təşkil edən hissəsi üzərində mülkiyyət hüququ, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, SOCAR-ın nizamnamə kapitalına ötürüləcək.

QSC-də SOCAR-ın payının 51-ə çatdırılması nə deməkdir?

Məlumat üçün qeyd edək ki, Avropa bazarlarına Azərbaycan qazının çatdırılmasını təmin etmək üçün Prezident 29 oktyabr 2013-cü il tarixində “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi (“SD2”), Cənubi Qafqaz Boru Kəməri sisteminin genişləndirilməsi (“SCPX”), Trans-Anadolu Boru Kəməri (“TANAP”) və Trans-Adriatik Boru Kəməri (“TAP”) layihələrinin səmərəli şəkildə həyata keçirilməsi ilə bağlı dövlət tərəfindən nəzarət və hərtərəfli kömək göstərilməsini təmin etmək məqsədi ilə Dövlət Komissiyası yaradılması haqqında sərəncam imzalayıb.

Azərbaycan Prezidenti 25 fevral 2014-cü il tarixində Layihələr üzrə Dövlətə məxsus payların konsolidasiya edilməsi, idarə olunması və maliyyələşdirilməsi məqsədilə “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin (“CQD”) yaradılması haqqında sərəncam imzalayıb. CQD Dövlət (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) (51%) və SOCAR-ın (49%) təsisçiliyi ilə 31 mart 2014-cü il tarixində yaradılıb. İndi isə bu səhm balansı nisbəti dəyişdirilərək, SOCAR-ın payı 51%-ə çatdırılıb.

Yuxarıda qeyd olunan sərəncama uyğun olaraq, SOCAR-ın layihələr üzrə bütün iştirak payları CQD-yə ötürülüb və bu payların maliyyələşdirilməsi CQD tərəfindən həyata keçirilir.

CQD-nin adından layihələr üzrə əməliyyat işlərini SOCAR həyata keçirir.

Bütün formada təsis edilən səhmdar cəmiyyətlərin idarə edilməsi barədə qərarlar səhmdarların 50+1 səs çoxluğu ilə qəbul edilir. Əgər bir səhmdar səhmlərin 51 faizinə sahibdirsə, deməli o təkbaşına qərar qəbul etmək hüququna malik olur. İndiyə qədər sözügedən layihə üzrə bütün qərarlar hökumət tərəfindən qəbul edilir və SOCAR  tərəfindən isə bu qərarlar icra edilirdi. Yəni dövlət qərar qəbul edir, SOCAR isə həmin qərarlara uyğun olaraq CQD layihəsini idarə edirdi. Bu baxımdan indiyə qədər SOCAR CQD layihəsi üzrə idarəetmə barədə addımlar atmaq lazım gələndə mütləq hökumət qarşısında müəyyən təkliflər təşəbbüsü ilə çıxış edir və qərarın qəbul edilməsini gözləyirdi. Yəni idarəetmədə  operativlik bir qədər zəifləyirdi. Amma bu qərar qəbul edildikdən sonra SOCAR artıq idarə etdiyi CQD layihəsi üzrə müstəqil qərarlar qəbul etmək hüququna malik olacaq. Beləliklə də layihənin idarə edilməsi zamanı şirkətə çevik və operativ qərarlar qəbul etmək imkanları yaranır.

Nəzərə alsaq ki, SOCAR da dövlət şirkətidir, onda bu qərarın mülkiyət hüququnun bir əldən başqa ələ keçməsi barədə düşünməyə belə dəyməz. SOCAR özəl şirkət olsaydı artıq bu barədə müzakirələr açmaq, dövlətin payının layihədə azaldılmasının səbəbini sormağa əsas yarana bilərdi. Bu, sadəcə olaraq, layihənin idarə edilməsində operativliyi təmin etmək məqsədi ilə edilmiş texniki dəyişiklikdir.

Amma burada müəyyən şübhəli məqamlar da va ki, bu yolla bəlkə gələcəkdə CQD layihəsinin bir hissəsinin özəlləşdirilməsı və ya satılması üçün SOCAR-a şərait yaradılir? Lakin bu ehtimalı hökumət qurumlarından heç kim təsdiqləmədi və bunu mümkün saymadılar.

Akif NƏSİRLİ





Seçilən
43
baki-xeber.com

1Mənbələr