AZ

Dünyaca məşhur nəşriyyat Heydər Əliyev haqqında akademik kitab nəşr etdi — FOTO

Dünyanın ən nüfuzlu nəşriyyat evlərindən biri olan “Palgrave Macmillian” tərəfindən Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev haqqında akademik kitab nəşr edilib.

 Yuta Universitetinin professoru M. Hakan Yavuz, Tennessi Texnologiya Universitetinin professoru Maykl M. Qanter və Humboldt Universitetinin doktorantı Şamxal Əbilovun redaktorluğu ilə çap edilmiş “Heydar Aliyev and the Foundations of Modern Azerbaijan” adlı bu kitab müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin siyasi irsini və liderlik dövrünü əhatə edən dərin təhlillər təqdim edir.

Kitab 12 bölmədən ibarət olub ABŞ, Rusiya, Belçika, Almaniya, Türkiyə, Azərbaycan, Cənubi Koreya kimi ölkələrin nüfuzlu universitetlərində və tədqiqat mərkəzlərində çalışan alimlərin məqalələrini özündə ehtiva edir. Əsər Heydər Əliyevin 1993–2003-cü illəri əhatə edən rəhbərlik dövrünü – Azərbaycanın müstəqil dövlət quruculuğu prosesini, milli kimlik və dövlətçilik konsepsiyasının yenidən formalaşdırılmasını və Ermənistanın işğal etdiyi ərazilərin azadlığı üçün təhlükəsizlik strukturunun yaradılmasını elmi baxımdan araşdıran ən əhəmiyyətli akademik mənbələrdən biri kimi qiymətləndirilir.

Kitabda Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın məqsədyönlü strategiyası, idarəetmə modeli və təhlükəsizlik siyasəti detallı şəkildə araşdırılır. Bu dövr Azərbaycanın siyasi sabitliyinin, iqtisadi inkişafının, geosiyasi strategiyasının və beynəlxalq arenada mövqeyinin gücləndirilməsi ilə yadda qalıb. Eyni zamanda, əsər Azərbaycan Respublikasının cari dövlətçilik modelinin formalaşması proseslərini həm daxili, həm də beynəlxalq kontekstdə analiz edir.

Sözügedən kitabda Azərbaycanın siyasi mədəniyyəti, iqtisadi inkişafı, diplomatik əlaqələri, media və mədəniyyət, tarix, texnologiya, hərb və təhlükəsizlik sahələrində əldə etdiyi nailiyyətlərə dair geniş təhlillər təqdim edilir. Həmçinin təhsil və xarici siyasətə dair əhəmiyyətli məsələlər də bu fundamental araşdırmanın əsas mövzularındandır.

Məzmun baxımdan kitabın əhatə etdiyi mövzular olduqca zəngindir. Belə ki, Azərbaycanın son iki yüzillikdəki tarixi proseslərindən bəhs edilən giriş hissəsindən sonra verilmiş ikinci fəsildə Heydər Əliyevin Azərbaycanın müstəqilliyi uğrunda apardığı siyasət ətraflı şəkildə araşdırılır və onun liderliyi dövründə dövlətin formalaşması və millət quruculuğu prosesini işıqlandıran mühüm suallar cavablandırılır. Bundan əlavə, Heydər Əliyevin dövlətə və onun sosial-siyasi mənzərədəki mühüm roluna dair baxışlarının təhlil edildiyi bu fəsildə onun milli kimlik anlayışına dair incə yanaşması təqdim edilir.

Üçüncü fəsildə Heydər Əliyev irsi Şarl de Qoll və Avraam Linkoln kimi ikonlaşmış dünya liderləri ilə müqayisəli təhlil edilərək daha kiçik bir ölkədən gəlməsinə baxmayaraq, Heydər Əliyevin bu kimi mötəbər şəxsiyyətlər sırasında əhəmiyyətli yer tutduğu vurğulanır. Eynilə, çətin dövrlərdə öz dövlətlərinin gələcəyini təmin edən xilaskar obrazı qazanmış Şarl de Qoll və Avraam Linkoln kimi Heydər Əliyevin də siyasi eniş dövründən sonra böyük qayıdış edərək Azərbaycanın milli lideri kimi tanınması və xalqın qoruyucu simvoluna çevrilməsi bu fəsildə analiz edilir.

Dördüncü fəsil Heydər Əliyevin siyasi bioqrafiyasına dair daha geniş tədqiqatın bir hissəsi kimi Rusiya arxivlərinə istinad edir. Bu fəsildə Mixail Qorbaçovun yenidənqurma və aşkarlıq siyasətinin erməni millətçilərinə Qarabağ hərəkatını başlatmaq üçün əlverişli şərait yaratdığı qeyd edilir. Burada həmçinin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və Mərkəzi Komitənin Siyasi Bürosunun üzvü olan Heydər Əliyevin nüfuzdan salınması istiqamətində aparılan kampaniyaya, ermənilərin Qarabağ siyasətinin qarşısında duran ciddi maneə hesab edilən Ümummilli lideri SSRİ-nin ali hakimiyyət orqanından uzaqlaşdırmaq cəhdlərinə də yer verilib.

Növbəti fəsil Heydər Əliyevin müdrik dövlət quruculuğu strategiyalarına həsr olunub. Xüsusilə, bu fəsildə “Əsrin müqaviləsi” kimi tanınan mühüm enerji sazişlərinin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsindəki əhəmiyyəti rolu araşdırılır. Bu sazişlərin təkcə institusional quruculuğu stimullaşdırmaqla kifayətlənmədiyini həm də ölkədə özəl sahibkarlığın inkişafı üçün zəruri konstitusion təməli təmin etdiyi göstrilmiş və eləcə də Azərbaycanın beynəlxalq arenada iqtisadi və siyasi nüfuzunun artmasına və ölkənin iqtisadi müstəqilliyinin möhkəmləndirilməsinə xidmət etdiyi analiz edilmişdir.

Altıncı fəsil Azərbaycanın milli təhlükəsizliyi və xarici siyasətinin əsas məsələlərindən biri olan Qarabağ münaqişəsindən bəhs edir. Fəsildə Heydər Əliyevin Qarabağ münaqişəsi ilə bağlı siyasətinin əsas prinsipləri və bölgəyə dair baxışları təhlil olunur. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli yolları araşdırılır. Fəsildə Heydər Əliyevin strateji səbirlilik siyasəti, diplomatik və iqtisadi vasitələrdən istifadə edərək ölkənin mövqeyini gücləndirmək cəhdləri təqdim edilir.

Həmçinin Heydər Əliyevin münaqişənin həllində hərbi yanaşmanın kifayət etmədiyini, beynəlxalq təşkilatlarla əməkdaşlıq və beynəlxalq hüquq prinsiplərinə əsaslanan siyasət yürütməsinin detalları açıqlanır. Onun bu yanaşmasının milli təhlükəsizliyin təmin edilməsi və ərazi bütövlüyünün bərpasına yönəlmiş uzunmüddətli strategiyanın bir hissəsi olduğu vurğulanır.

Yeddinci fəsil Heydər Əliyevin xarici siyasətinə hərtərəfli baxış təqdim edir. Fəsildə onun xarici siyasətdəki əsas məqsədləri və bu məqsədlərə çatmaq üçün tətbiq etdiyi metodlar araşdırılır. Təhlillər Heydər Əliyevin xarici siyasətində Azərbaycanın siyasi müstəqilliyini qorumağı və ərazi bütövlüyünü təmin etməyi əsas prioritetlər kimi müəyyənləşdirir. Fəsildə onun xarici siyasət strategiyasının yalnız münaqişələrin həllinə deyil, eyni zamanda Azərbaycanı regionda etibarlı tərəfdaşa çevirmək məqsədinə xidmət etdiyi vurğulanır. Xarici təzyiqlərə qarşı dayanıqlılıq nümayiş etdirərək Azərbaycanın beynəlxalq mövqeyini gücləndirmək və müstəqilliyini möhkəmləndirmək istiqamətində əldə edilən uğurların təhlili təqdim olunur.

Heydər Əliyevin xarici siyasət doktrinası Rusiya, ABŞ, İsrail, İran və Türkiyə ilə münasibətlərin inkişafında mühüm rol oynayıb. Bu istiqamətdə aparılan tədqiqatın yekun hissəsi göstərir ki, Heydər Əliyevin xarici siyasəti Azərbaycanın milli maraqlarının qorunması və beynəlxalq arenada nüfuzunun artırılması məqsədini güdürdü.

Bu baxımdan kitabın səkkizinci fəsli Azərbaycanın 1993-cü ildən əvvəlki xarici siyasətinin Rusiya ilə münasibətlərə təsirini və Heydər Əliyevin 1993-cü ildən sonrakı dövrdə iki ölkə arasında əlaqələri gücləndirmək üçün atdığı addımları təhlil edir. Bu dövrdə Rusiya ilə münasibətlərin inkişafına təsir göstərən amillər və Heydər Əliyevin bu istiqamətdə apardığı siyasət geniş şəkildə araşdırılır.

Doqquzuncu fəsildə Azərbaycan-ABŞ münasibətləri təhlil edilir. Xüsusilə, “Azadlığa Dəstək Aktı”nın 907-ci bölməsinin təsiri diqqət mərkəzində tutularaq bu dövrdə Heydər Əliyevin əsas məqsədinin qlobal güclər arasında tarazlıq yaradaraq Azərbaycanın milli maraqlarını qorunması istiqamətindəki siyasəti analiz edilir. 

Növbəti fəsil Heydər Əliyev dövründə Azərbaycan-İsrail münasibətlərinin inkişafını əhatə edir. Bu əlaqələrin siyasi və iqtisadi amillər əsasında formalaşdığı vurğulanır. Məhz bu dövrdə iki ölkə arasında strateji tərəfdaşlığın qurulduğu və bunun da Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsinə xidmət etdiyi oxucuların diqqətinə çatdırılır.

On birinci fəsil Heydər Əliyev dövründə Azərbaycan–İran münasibətlərinin əsaslarını və inkişaf dinamikasını əhatə edir. Burada İranın Qarabağ münaqişəsinə dair mövqeyinin Azərbaycan–İran münasibətlərinə təsiri geniş şəkildə araşdırılır. Bu fəsildə Heydər Əliyevin İranla əlaqələri möhkəmləndirmək üçün tətbiq etdiyi siyasət və qarşılaşdığı çətinliklər təhlil edilir.

Və nəhayət, son fəsil olan on ikinci fəsil Heydər Əliyevin Türkiyə ilə əlaqələrə xüsusi əhəmiyyət verdiyini göstərərək Türkiyəni Azərbaycanın əsas müttəfiqi kimi qəbul etdiyini diqqətə çatdırır. İki qardaş ölkə arasında mədəni, siyasi və iqtisadi münasibətlərin əsaslarının təhlil edildiyi bu fəsildə xüsusilə Heydər Əliyevlə Türkiyənin o dövrdəki prezidenti Süleyman Dəmirəl arasında qurulan şəxsi dostluq əlaqələrinin iki ölkə arasındakı əməkdaşlığı daha da dərinləşdirdiyi vurğulanaraq bu əlaqələrin Azərbaycanın siyasi müstəqilliyinin qorunmasına və ölkə vətəndaşlarının rifahının yüksəldilməsinə xidmət etdiyi göstərilib.

Alimlər, siyasətçilər və tədqiqatçılar tərəfindən dəyərli və unikal mənbə kimi təqdim edilən “Heydar Aliyev and the Foundations of Modern Azerbaijan” kitabını Azərbaycanın tarixi və inkişafı ilə maraqlanan hər kəs “Amazon” və digər aparıcı onlayn platformalardan əldə edə bilər.(Sfera.az)

Seçilən
4
12
demokrat.az

10Mənbələr