AZ

Doğum azalır, dünya qocalır - PROBLEM

Dünya əhalisinin 10,3 faizi 65 yaşdan yuxarı insanlardır

Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) "Dünya Əhalisinin 2024-cü il Vəziyyəti Hesabatı"na əsasən, qlobal əhalinin dinamikası regional artım modellərində, əhalinin sıxlığında və urbanizasiya nisbətlərində əhəmiyyətli dərəcədə dəyişiklik göstərir. Hesabatda bildirilir ki, dünyanın bir çox yerlərində əhali qocalır, xüsusilə Avropa, Şimali Amerika və Asiyanın bəzi bölgələrində yaşlı insanların nisbəti artır. Bu tendensiya isə səhiyyə sistemi, pensiya planları və işçi qüvvəsi dinamikası üçün problemlər yaradır.

UNFPA-nın məlumatına görə, 1974-cü ildə dünyada 65 yaşdan yuxarı insanların nisbəti 5,5 olduğu halda, 2024-cü ildə demək olar ki, iki dəfə artaraq 10,3 faiz təşkil edib. 2074-cü ildə bu rəqəmin yenidən iki dəfə artaraq 20,7 faizə çatacağı, 80 və yuxarı yaşda olan insanların sayının isə üç dəfədən çox olacağı gözlənilir. Hazırda inkişaf etmiş ölkələr yaşlı əhalinin ən yüksək nisbətinə malikdirlər, inkişaf etməkdə olan ölkələr isə tez-tez əhalinin sürətli qocalmasının şahidi olurlar. Qlobal səviyyədə əhalinin qocalması, gözlənilən ömür uzunluğunun yaxşılaşması ilə bağlı olsa da, bu, bir çox ölkələrdə doğum səviyyəsinin aşağı düşməsi ilə də əlaqələndirilir.

Dünya əhalisinin artımı yavaş templə davam etsə də, artımın 2080-ci illərə qədər davam edəcəyi proqnozlaşdırılır. Hazırda təbii artımda qlobal məhsuldarlıq ailənin planlaşdırılmasında, təhsildə və iqtisadi amillərdə baş verən dəyişikliklərin təsiri ilə hər qadının təxminən 2,3 uşaq dünyaya gətirməsidir. Şimali Amerika və Avropa da daxil olmaqla inkişaf etmiş regionların ümumi əhalisi 1 milyard 277 milyon olduğu halda, bu ölkələrdə orta doğuş 1,5 uşaqdır. Bunun əksinə olaraq, Asiya, Afrika və Latın Amerikasını əhatə edən inkişaf etməmiş regionlarda 6 milyard 842 milyon insan yaşayır və daha yüksək doğum nisbətinə malikdir, hər qadına 2,4 uşaq düşür.

Afrikada əhali artır, Asiyada rəqəmlər oynayır

Afrika ən sürətlə böyüyən region olmağa davam etsə də, bu qitənin bir çox ölkəsində əhalinin əhəmiyyətli artımı müşahidə olunur. Nigeriya, Efiopiya və Konqo Demokratik Respublikası kimi ölkələrdə əhalinin yüksək məhsuldarlıq göstəriciləri və təkmilləşdirilmiş səhiyyə sayəsində əhəmiyyətli dərəcədə artacağı gözlənilir. 688 milyon əhalisi olan Şərqi və Cənubi Afrikada, 516 milyon əhalisi olan Qərbi və Mərkəzi Afrikada əhalinin artımı yüksəkdir.Dünya əhalisinin ən böyük hissəsi yaşayan Asiyada Hindistan və Çin kimi ölkələrdə doğuş nisbətlərinin azalması səbəbindən əhali artımında yavaşlama müşahidə olunur, lakin İndoneziya və Filippin kimi Cənub-Şərqi Asiya ölkələrində əhali artımı davam edir.

Əhalinin azalması və ya artımda durğunluğun yaşandığı Avropada buna aşağı doğum əmsalı, əhalinin qocalması və miqrasiya meylləri səbəb olur. Almaniya, İtaliya və Rusiya kimi ölkələr isə azalan işçi qüvvəsi və artan asılılıq nisbətləri ilə mübarizə aparır. Əhalinin sıxlığını nəzərə alsaq, bəzi bölgələr həddən artıq sıxlaşır, digərləri isə urbanizasiyanın təsiri ilə seyrək məskunlaşmaqdadır.

Şəhərlərdə yaşayan dünya əhalisinin yüzdə 55-dən çox olması bu nisbətin artmağa davam edəcəyini göstərir. Tokio, Yeni Dehli və Şanxay kimi şəhərlərdə kiçik ərazilərdə milyonlarla sakin yaşayır. Bunun əksinə olaraq, Kanada, Avstraliya və Rusiya kimi ölkələrdə böyük regionlar coğrafi və iqlim şəraitinə görə seyrək məskunlaşıb.

Ümumiyyətlə, BMT-nin son hesabatında dünya əhalisinin 2030-cu ilə qədər artacağını proqnozlaşdırır. Bu rəqəmin 2050-ci ildə 9,7 milyard, 2100-cü ildə isə 10,4 milyarda çatacağını göstərir. 2050-ci ildə dünya üzrə 65 və yuxarı yaşda olan insanların sayının iki dəfədən çox artacağı və 1,6 milyarda çatacağı proqnozlaşdırılır. BMT 15-24 yaş arası insanları gənc adlandırır. Əgər proqnoz özünü doğrultsa, yaşlı insanlar dünya əhalisinin 16 faizindən çoxunu təşkil edəcək. 2050-ci ilə qədər bu yaş qrupunun dünyada hər 6 nəfərdən 1-ni təşkil edəcəyi təxmin edilir.

Avropa ölkələrində rekord səviyyə

Birləşmiş Millətlər Təşkilatının 2023-cü ildəki hesabatına görə, Asiya və Avropa dünyanın ən yaşlı əhalisinin məskənidir. Ən yaşlı əhalisi olan ölkələrdən biri Yaponiyadır, əhalisinin 30 faizi 65 və yuxarı yaşdadır. Avropa İttifaqı (Aİ) ölkələrində yaşayan hər 5 nəfərdən 1-i “65 və yuxarı”dır. Bu kontekstdə İtaliya, əhali ilə müqayisədə yaşlıların ölkə əhalisinin 24,5 % təşkil etməsinə görə birinci yerdədir. İrlandiya 15,5 % ilə Aİ-də yaşlı əhali nisbətinin ən aşağı olduğu ölkələrdən biridir.

2023-cü ildə Avropa İttifaqında (Aİ) doğum səviyyəsinin 4 milyon ətrafında olacağı proqnozlaşdırılsa da, daha aşağı göstərici qeydə alınıb. Avropanın “Eurostat” statistika xidmətinin məlumatına görə, 2023-cü ildə Aİ-də doğulan uşaqların sayı öncəki illə müqayisədə 5,5 faiz azalaraq 3 milyon 655 min nəfər təşkil edib. Bu, müvafiq statistikanın aparılmağa başlandığı 1961-ci ildən bəri ən aşağı göstəricidir.

“Eurostat” statistika xidmətinin məlumatına görə, uşaqların sayında azalma tendensiyası ən çox Baltikyanı ölkələrdə, Yunanıstanda, İspaniyada, İtaliyada, Polşada və Finlandiyada özünü göstərib. Bu ölkələrdə son on ildə doğulan uşaqların sayında azı 25 faiz azalma müşahidə olunub.Hesab edilir ki, aşağı doğum göstəriciləri əmək qabiliyyətli əhalinin sayının azalmasına səbəb olacaq ki, bu da öz növbəsində sağlamlıq və pensiya xərclərinin artması ilə nəticələnəcək və hökumətin büdcə yükünü artıracaq. Məlumat üçün qeyd edək ki, Aİ ölkələrində pik doğum sayı 1960-cı illərdə qeydə alınıb. O zaman Avropada hər il ortalama 7 milyona yaxın uşaq dünyaya gəlib.

Azərbaycanda da əhalinin yaşlılıq nisbəti artır. Ölkəmizdə doğum səviyyəsi ildən ilə azalır, yaşlı əhalinin ümumi sayda xüsusi çəkisi artır. Statistikaya görə son 23 il ərzində Azərbaycanda əhalinin sayı 26,45 faiz, ahılların sayı isə 99,4 faiz artıb. Ötən il - 2023-cü ildə əhalinin təbii artımı əvvəlki illə müqayisədə 15% azalıb. Bu tendensiya bu il də müşahidə olundu, ilin birinci yarısında, yanvar-iyul ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 58 min 401 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,0-dan 9,8-ə düşüb. Ölkəmizdə doğum sayının azalmasındakı ən başlıca səbəblər boşanmaların sayının kütləvi artması, nikaha girən əhalinin azalması, təhsil və karyera planları, habelə maddi problemlərdir.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti çərçivəsində hazırlanıb

Seçilən
44
1
sesqazeti.az

10Mənbələr