AZ

Rilaya Azərbaycan dilində danışa bilməməsini tənqid edənlərə CAVAB VERDİ

"Özümlə fəxr edirəm. Doğru yoldayam, Türkiyədə sənətçilərə verilən ən prestijli mükafatda vətənimi layiqincə təmsil etdim və düzünü desəm, məni tanımayanlar tərəfindən alqışlandım. Gözəl ölkədə, onun dönüş nöqtəsində, Azərbaycan SSRİ-nin mövcudluğunu dayandırdığı və müstəqil Azərbaycanın yenidən doğulduğu bir vaxtda anadan olmuşam. Mən o dövrün əksər şəhər sakinləri kimi rusdilli ailədə doğulmuşam".

Bizim.Media axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Rilaya Hüseynzadə sosial şəbəkə hesabında yazıb.

Sənətçi bir neçə gün əvvəl Türkiyədə "Altın kelebek" mükafatlandırma gecəsində Azərbaycan dilində danışa bilməməsinin tənqid edilməsnə münasibət bildirib. Rilaya qeyd edib ki, rusdilli məktəbdə təhsil alıb:

"Baxmayaraq ki, Azərbaycan mənim sevdiyim və hörmət etdiyim ana dilimdir, rusca danışıram. Onu mükəmməl mənimsəmək üçün öyrənirəm, amma təəssüf ki, rus dilində danışmağa davam edirəm və buna uyğun olaraq çox həyəcanlı olduğum vaxtlarda səhvlərə yol verib, rusdillilərə xas ləhcə ilə danışa bilirəm. Bu, heç bir halda mənim vətənimə, sevimli Azərbaycana olan sevgimi, münasibətimi əks etdirmir. Mən anasının ana dilində ləhcə ilə danışıb-danışmamasından asılı olmayaraq, yeri gələndə şərəfini qoruyacaq qürurlu, müstəqil bir ölkənin oğulları yetişdirən qadınam.

Arzu etdiyim hər şeyi bəxş edən, mənə istedad və vətənimin adını ucaltmaq imkanı verən Allaha bir mahnı, sevgi və minnətdarlıq qəsidəsi oxudum. Mən bunu səsimlə deyil, ürəyimlə, ailəm, anam, övladlarım, həyat yoldaşım və mənim üçün sonsuz imkanlar üfüqü açan ölkəmi düşünərək ifa etdim.

Xeyr, çıxışımdan utanmıram, əla idi. Fəxr edirəm ki, qardaş Türkiyədə ən parlaq, ən populyar şouda Azərbaycanın adından çıxıb, ürəkdən, öz sözlərimlə, ana dilimdə danışdım. Bu gün haqqımda bir müsbət və ya mənfi mənada danışan, yazan hər kəsə minnətdaram. Hər kəsin ürəyinə toxuna bildim.

Nailiyyətlərimlə fəxr edirəm, bacardığım işlərlə fəxr edirəm. Fəxr edirəm ki, bu gün postsovet məkanında demokratiya və müstəqillik nümunəsinə çevrilmiş müstəqil Azərbaycanın vətəndaşıyam, ölkəmdə hər bir insan özünü azad hiss edir.

Bu günlərdə mənim haqqımda yazan, danışan, tənqid edən hər kəsə təşəkkür edirəm. Siz məni daha da gücləndirirsiniz və fəth edilməmiş zirvələrə doğru irəliləməyə kömək edirsiniz. Qoy, mənim ən böyük nöqsanım nitq xətaları olsun, amma ürəyimdəki vətən sevgisini heç kim heç vaxt sarsıda bilməz".

Qeyd edək ki, Rilayanın Azərbaycan dilində danışa bilməməsi günlərdir müzakirə olunur.

Bizim.Media

phrase_var_article.chosen
10
1
bizim.media

2phrase_var_article.sources