Asiya İnkişaf Bankı (ADB) inkişaf etməkdə olan üzv ölkələrdə, o cümlədən Azərbaycanın nəqliyyat sektorunda kibertəhlükəsizlik potensialının gücləndirilməsi layihəsini təsdiqləyib.
Yenicag.az xəbər verir ki, layihənin həyata keçirilməsi üçün 1,57 milyon ABŞ dolları məbləğində texniki yardım ayrılacaq. Bunun 1,17 milyon ABŞ dolları Çiçəklənən və Dayanqlı Asiya və Sakit okean regionu üçün Yaponiya Fondunun qrantı əsasında, 400 min ABŞ dolları isə Yüksək Texnologiyalar Fondu tərəfindən təmin ediləcək.
Texniki yardım Azərbaycanın nəqliyyat sektorunda, eləcə də Kamboca, İndoneziya, Papua Yeni Qvineya və Samoanın maliyyə sektorunda layihələrin hazırlanması və həyata keçirilməsinə yönəlib. Texniki yardımın əsas məqsədi ADB-nin kredit əməliyyatlarında kibertəhlükəsizlik tədbirlərini təkmilləşdirməklə bu ölkələrin kibertəhlükələrə qarşı dayanıqlığını artırmaqdır.
Layihəyə informasiya materiallarının hazırlanması və yayılması, təlim və tədris səfərləri vasitəsilə potensialın inkişafı, layihələrin həyata keçirilməsinə və tərəfdaşlığın inkişafına dəstək daxildir.
“Rəqəmsal iqtisadiyyat böyüdükcə inkişaf etməkdə olan ölkələr yeni çağırışlarla üzləşirlər. Rəqəmsallaşma iqtisadi artımı, dövlət xidmətlərinin və innovasiyaların təkmilləşdirilməsini təşviq etməklə yanaşı, kibertəhdid risklərini artırır. Məsələn, 2021-ci ildə 30 təşkilat arasında aparılan sorğunun nəticələrinə görə, kiberhücumun nəticələrinin aradan qaldırılmasının, o cümlədən dayanma müddətinin, şəbəkə xərclərinin və itirilmiş imkanların orta dəyəri hər insident üçün 1,85 milyon ABŞ dolları təşkil edib.
Dünya İqtisadi Forumunun Qlobal Risklər Hesabatına görə, kibercinayətkarlıq Şərqi Asiya və Sakit okean regionu ölkələri üçün ilk beş risk arasında yer alıb. Bu, inkişaf etməkdə olan üzv ölkələrdə kibertəhlükəsizliyin dəstəklənməsi zərurətini xüsusilə kritik edir”, – ADB-dən vurğulanıb.
Bununla əlaqədar olaraq, layihənin əsas nəticələri arasında Bank kibertəhlükəsizlik haqqında biliklərin yaxşılaşdırılmasını, kibertəhlükəsizlik alətlərinin yaradılmasını, o cümlədən mühüm infrastrukturun qorunması və internet əşyalarının təhlükəsizliyinə dair tövsiyələrin verilməsini, materialların ADB-nin rəsmi internet saytı vasitəsilə yayılmasını, sosial şəbəkələri və beynəlxalq konfransları xüsusi qeyd edir. İnkişaf etməkdə olan üzv ölkələrin potensialını inkişaf etdirmək məqsədilə dövlət məmurları üçün treninq və təlim səfərlərinin keçirilməsi, seminarların və fərdi treninqlərin təşkili, təcrübə mübadiləsi və regional əməkdaşlığın gücləndirilməsi üçün platformaların yaradılması nəzərdə tutulur. Gələcəkdə layihələrin həyata keçirilməsini dəstəkləmək üçün kibertəhlükəsizliyə potensial investisiyaların qiymətləndirilməsi, layihələrin risk təhlili və maliyyə dayanıqlığı aparılacaq.
Texniki yardım layihəsinin 2027-ci ilin sonuna qədər həyata keçirilməsi nəzərdə tutulur./Report/