AZ

Mina qədər təhlükəli ölüm səbəbi...

Dəm qazı can almaqda davam edir, bu dəfə qurbanlar arasında məktəbli də var

Bakıda dəm qazından üç ölüm hadisəsi baş verib. Məlumata görə, onlardan biri Badamdar qəsəbə sakini, 236 saylı məktəbin şagirdi Elcan Əsədlidir. O, yaşadığı evdə dəm qazından boğularaq həyatını itirib. Bu barədə “Sputnik Azərbaycan”a onun dostları məlumat verib. Qeyd edək ki, ötən ay 14 nəfər dəm qazından zəhərlənib.

Ümumiyyətlə, havalar soyuyan kimi ölkədə dəm qazından zəhərlənmələrin sayı artmağa başlayır. 

Ekspertlər və müvafiq qurumlar mətbuat, televiziya vasitəsilə ictimaiyyəti məlumatlandırsa da, insanlar qazla davranışlarında yenə də ehtiyatsızlığa yol verirlər.

Bəs nə etməli?

Ekspertlər tövsiyə edirlər ki, dəm qazından zəhərlənmənin qarşısını almaq üçün gecə saatlarında qazı söndürmək lazımdır. Çünki əksər hallarda tüstü bacaları lazımi səviyyədə təmizlənmir. Yaxud da vətəndaşlar tərəfindən qurulan qaz sobalarının tüstü bacaları standartlara uyğun şəkildə hazırlanmır.

Nüsrət

Nüsrət Qasımov

Mövzu ilə bağlı ekspert Nüsrət Qasımov “Yeni Müsavat”a danışıb: "Qazdan təhlükəsizlik istifadə qaydalarına təchizatçı  və ev sahibləri bərabər cavabdehdirlər. Çünki ev sahibləri qazı yanılı qoyur yatır, küləkli havalarda kombini yandırır, yatanda evdən çıxanda “İran peç”lərini söndürmürlər. Həmçinin işini bilməyən ustalara müraciət edirlər, “Azəriqaz”dan icazəsiz qaz xəttinə müdaxilə edirlər. Təchizatçı qazdan necə istifadə olunmasına ciddi nəzarət etmir. Bundan başqa, illərlə tüstü bacalarını təmizləmirlər".

Ekspert qeyd edib ki, dəm qazından zəhərlənmə hallarının böyük əksəriyyəti hamamlarda baş verir ki, bunun da səbəbi var: “Bunun səbəbi budur - tüstü bacaları təmizlənmir! Tüstü bacaları evin damından yarım metr hündürlükdə olmalıdır. Həmçinin başında xüsusi qoruyucusu olmalıdır ki, gəmiricilər içinə girməsin, quşlar yuva qurmasın. Buna heç kim məhəl qoymur.  Ümumiyyətlə, əhaliyə başa salan yoxdur ki, tüstü bacaları necə təmizlənməlidir. Bu barədə əhali maarifləndirilməlidir. Sovet dövründə xüsusi qurum var idi ki, 4 aydan bir su qızdırıcılarını, ildə iki dəfə isə tüstü bacalarını yoxlayır, özləri təmizləyirdilər. İndi isə bu məsələ başlı-başına qalıb. Ona görə də əhalinin özü tüstü bacalarının vaxtında təmizlənməsinə riayət etməlidir. Tüstü bacalarını birləşdirən elementi ayırıb, su bacasının üstünə kibriti yandırmaq lazımdır. Əgər məşəl içəriyə doğru meyllənirsə, deməli, tüstü bacası işləyir, yox, əgər məşəl şaquli dayanır və yaxud arxaya gedirsə, demək ki, onda işləmir. Bu zaman qaz cihazını qətiyyən işlətmək olmaz. İkincisi, lazımdır ki, tüstü bacaları müəyyən zamandan sonra təzələnsin. 

Havalandırma sisteminə də diqqət etmək lazımdır. Dəm qazının iyi var. Bu, sarımsaq iyinə oxşayır. Həmçinin dəm qazı gözü acışdırır. Hamam otağında digər təsirlərdən bunu hiss etməyə bilərsiniz. Ona görə də hamam otağının ölçülərinə də diqqət etmək lazımdır. Hamamın həcmi 7.5 kubmetr olmalıdır. Hündürlüyü 2.20 sm, qapısı da bayıra açılmalı və aşağısında deşiklər olmalıdır. Səbəb də xaricdən havanın daxil olaraq, yanma prosesinə kömək etməsidir. Havalandırma elə işləməlidir ki, 1 saatda 3 dəfə içərinin havası dəyişsin. Heç kim bu normativlərə fikir vermir. Eyni zamanda vətəndaş özü qaz sobasını qurmalı deyil. Bunu üçün də ustalar var. Qazla məşğul olan ustaların da lisenziyası olmalıdır.

Gecə yatan zaman da qızdırıcını mütləq söndürmək lazımdır. Çünki gecə saatlarında qaz kəsilə, yaxud bacadakı problem səbəbindən dəm qazı formasında evə dola bilər. Bunun da sonu bəllidir. Qazı yandırma qaydasına da diqqət etmək lazımdır. Öncə odu gətirmək lazımdır, sonra qazı açmaq gərəkdir. 1 kubmetr metan qazı yanan zaman 9 kubmetr hava lazım olur. Bu hava çatmayanda və ya çox olanda yanma prosesi pozulur. Bu zaman da karbon 4 oksid əvəzinə, karbon 2 oksid ayrılır və 7 dəqiqə ilə 30 dəqiqə arasında o mühitdə nəfəs alan insan zəhərlənir, ölür. 

Bundan başqa, qaz cihazı olan yerdə mütləq qaz sızması və dəm əleyhinə dedektor qoyulmalıdır. Dəm qazı əleyhinə olan dedektor dəm qazı əmələ gələndə bu barədə istifadəçiyə siqnal verir, istifadəçi də otaqda dəm qazının olduğunu bilir. Bu zaman dərhal otaqlar havalandırılmalıdır. Qaz sızmasının əleyhinə olan detektor isə qaz sızma zamanı anında qazın təchizatını dayandırır, istifadəçi bu barədə məlumatlı olur. Bir sözlə, necə ki minadan ehtiyat edirik, eləcə də dəm qazından ehtiyat etməliyik".

Dəm qazından zəhərlənən zaman ilk olaraq küt başağrısı, başgicəllənmə, gicgah nahiyəsində döyüntü hissiyyatı, təngnəfəslik, quru öskürək, gözdən yaş axma və müvazinətin itməsi kimi hallar baş verir ki, bunu da hiss etdiyiniz zaman dərhal otağı və ya olduğunuz yeri tərk etməlisiniz. Təcili olaraq zərərçəkmişə oksigenin verilməsini təmin etmək əsas şərtdir.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

Seçilən
50
musavat.com

1Mənbələr