AZ

Fərarilikdən intihara…

Məğlubiyyətin dərin deqradasiyaya uğratdığı Ermənistan cəmiyyətində müşahidə edilən bütün iyrənc hadisələr orduda da artıqlaması ilə əks olunur

2020-ci il və sonrakı döyüş əməliyyatlarında məruz qaldığı məğlubiyyətlərdən sonra özünə gələ bilməyən Ermənistan ordusunda problemlər bitmək bilmir. 21-ci əsrin fərari ordusunda qeyri-döyüş şəraitində həlak olanların sayı hər ay artmaqdadır. Bu il ərzində erməni ordusunda qeyri-döyüş şəraitində 26 nəfər ölüb və ya öldürülüb. Bu itkilərin arasında qətllər və intiharlar üstünlük təşkil edir. Hazırda bu ölkədə hərbi məktəblərə qəbul minimum səviyyəyə enib. Orduda xidmət etmək əhali arasında artıq prestijli hesab edilmir. Ermənistanın hərbi-siyasi rəhbərliyi qeyri-döyüş şəraitində ölənlərin sayını azaltmaq üçün zabit heyətinin komplektləşdirmə faizini artırmaq niyyətindədir, amma hərbi məktəblərə qəbul planı dolmur. Belə olan halda daha əvvəl ordudan müxtəlif səbəblərə, o cümlədən, fərariliyə və ya cinayət törətdiyinə görə tərxis edilənlərin və istefaya göndərilən yararsız zabitlərin yenidən hərbi xidmətə qaytarılması müzakirə olunur. Bu məqsədlə “Hərbi xidmət haqqında” qanuna dəyişiklik edilməsi və erməni ordusunda hərbi xidmətdə olmağın son yaş həddinin artırılması da gözlənilir. Maraqlı burasıdır ki, 18-20 yaşlı erməni əsgərlərin nizamnaməyə zidd hərəkətlərə görə həyatını itirməsinin qarşısını almağa çalışan Ermənistan parlamenti məsələni bu problemlərin toxumunu səpən şəxslərlə həll etməyə çalışır. Sadalanan neqativ hallar əsasən Qarabağda mövcud olan silahlı birləşmələrdə ortaya çıxmışdı, sonra isə xərcəng xəstəliyi kimi bütün erməni ordusunda geniş yayıldı.

Qarabağda separatçı təşkilatların yaradılmasına rəhbərlik edən, Xocalı soyqırımının törədilməsinə bilavasitə rəhbərlik edən Köçəryan və ya Xocalıda əliyalın dinc sakinlərin soyqırımında iştirakı ilə qürrələnən, Azərbaycanın istənilən şəhərini Ağdam kimi xarabalığa çevirməklə hədələyən, “Biz Qarabağı aldıq, siz isə “Ararat”ı alın” kimi boğazdan yuxarı açıqlamalar verən Serjik Sarqsyan, yaxud da digər Xocalı qatili Seyran Ohanyan başda olmaqla “konserva oğrusu” Manvel Qriqoryan kimi cinayətkarların yaratdığı ordu bu gün “21-ci əsrin fərari ordusu” titulunu daşıyır. Adı çəkilən rəhbərlərdən heç biri nə özü, nə də övladları 44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusunun qarşısına çıxmadı. Erməni ordusunun 17 min hərbçisi döyüşlərdə həlak oldu və yaralandı, 11 mini müharibə zamanı, 18 mini isə antiterror əməliyyatları vaxtı fərarilik etdi. Hazırda sağ qalanların bir hissəsi cinsi zorakılıq və digər ləyaqətsiz davranışlar nəticəsində intihardan başqa çıxış yolu tapa bilmir.

Qeyri-döyüş şəraitində verilən itkilərə görə əsgər analarının aksiyalarda səsləndirdiyi fikirlər ordunun real vəziyyətinin nə qədər bərbad olduğunu bir daha nümayiş etdirir. Yanacaq, ərzaq və digər maddi vəsaitlərin oğurluğunda iştirak edən fərari qatillərin qurduğu erməni ordusunun bu gün gördüyümüz vəziyyətdə olması təəccüblü deyil. Ermənistan ordusunun mənəvi-psixoloji vəziyyətini düzəltmək, intihar və zorakılıq hallarını aradan qaldırmaq əvəzinə “modernləşdirmə” adı altında Fransa və Hindistandan yeni hücum silahları alır. Qarabağda Azərbaycanla müharibə etmək istəməyən Rusiyaya acıq vermək üçün NATO-ya sığınmağa çalışır. İrəvan hesab edir ki, ərazisində yerləşəcək ABŞ, Fransa və başqa ölkələr onu həm Rusiyanın təsirindən və Azərbaycanın qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsindən azad edəcək, həm də revanş niyyətlərini həyata keçirməyə imkan yaradacaq.

Bu gün Ermənistanda hərbi xidmət etmək istəyən gənc tapmaq göldə balina tapmaqdan daha çətindir. Fərarilər diyarının müdafiəsi üçün yaxın və orta perspektivdə gənc nəsil yetişdirmək mümkün görünmür. Baş nazir Nikol Paşinyan da etiraf edir ki, ermənilər övladlarını Silahlı Qüvvələrdə xidmətdən xilas etmək üçün əllərindən gələni edirlər. On minlərlə erməni övladını revanş məqsədli yeni müharibədən xilas etmək üçün ölkədən qaçırır. Azərbaycan ərazilərini köpnüllü tərk edən Qarabağ ermənilərin 30 faizi artıq Ermənistandan birdəfəlik gedib. Burada eyni zamanda iqtisadi sıxıntılar, məmur özbaşınalığı və digər qanunsuzluq halları da mühüm rol oynayır. Gənclərinin xidmətdən iyrəndiyi fərari ordunun istənilən silahlarla təmin edilməsi regiondakı güc balansına təsir etməyəcək. Bu gün Ermənistan gəncləri 30 illik yanlış ideologiyanın qurbanına çevrilib. Hazırda erməni əsgər və zabitləri nə qoşun komandirlərinə, nə siyasi rəhbərlərinə, nə də dövlətlərinə inanırlar. Belə bir orduya nüvə silahı belə verilsə, yenə də döyüşməyəcək. Yalnız özünü xilas etmək barədə düşünəcək. Ermənistan ordusunun daxil ola bilmədiyi son beynəlxalq reytinqdə Azərbaycan Silahlı Qüvvələri İtaliya və Kanadanı qabaqlayaraq, 29-cu pillədə yerləşir. Ermənistan isə ideoloji dayaqları məhv olan fərari ordunu silahlandırmaq və Azərbaycana qarşı revanşa hazırlaşmaq əvəzinə, öhdəliklərini yerinə yetirmək barədə düşünməlidir.

Sevinc Azadi, “İki sahil”

Seçilən
21
ikisahil.az

1Mənbələr