Gürcüstanda dekabrın 14-də keçiriləcək prezident seçkilərindən sonra Zurabişvilini hansı tale gözləyir?
Qonşu Gürcüstan gərgin keçən on birinci çağırış parlament seçkilərindən sonra indi də növbəti prezident seçkiləri ərəfəsindədir. Seçkilərin keçirilməsinə bir gün qalır. Dekabrın 14-də Gürcüstan özünün altıncı prezidentini seçəcək. Ölkədə cari ildə xarici təsirin şəffaflığı və ailə dəyərlərinin qorunması ilə bağlı qanunların qəbul olunması, son parlament seçkiləri fonunda müşahidə edilən müxalifət-iqtidar qarşıdurması fonunda prezident seçkilərinin necə keçəcəyi də böyük maraq doğurur. Açıq deyək, bu dəfə də ajiotaj yaşanacağı ehtimalları böyükdür.
Gürcüstan tarixində bir ilk
Növbəti prezident seçkilərində Gürcüstan tarixində bir ilkə imza atılacaq. Belə ki, bu dəfə ölkədə prezident ümumxalq səsverməsi ilə deyil, parlamentdə 300 nəfərdən ibarət seçki kollegiyası tərəfindən seçiləcək. Parlament dekabrın 13-də payız sessiyasını bağlayacaq, dekabrın 14-də isə seçki kollegiyası Gürcüstan prezidentini seçəcək. Kollegiyaya bütün deputatlar daxildir. Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin verdiyi məlumata əsasən, prezident seçkiləri ilə əlaqədar bütün işlər tamamlanıb. Seçkilər sabah saat 09:00-da Parlament Sarayında baş tutacaq.
Gürcüstan Konstitusiyasına və qanunvericiliyin tələblərinə əsasən, seçki kollegiyasında parlamentin, Abxaziya və Acarıstan Muxtar respublikalarının Ali sovetlərinin, habelə siyasi partiyalar tərəfindən irəli sürülmüş şəhər şuralarının üzvlərinin hamısı proporsional şəkildə təmsil olunmalıdır. Konstitusiyaya görə, namizəd birinci turda seçilmək üçün kollegiya üzvlərinin ən azı üçdə ikisinin səsini toplamalıdır. Prezidentliyə namizəd bu səsi toplaya bilməsə, ikinci tur keçiriləcək. Prezidentin andiçmə mərasimi dekabrın 29-da, seçki günündən sonra üçüncü bazar günü keçiriləcək. Dövlət başçısı bu vəzifəni 5 il müddətinə icra edəcək. Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyası Gürcüstanın altıncı prezidenti vəzifəsinə Mixail Kavelaşvilinin namizədliyini irəli sürüb və onun namizədliyi artıq təsdiq olunub.
Zurabişvili özünü yeganə qanuni institut saysa da...
Biz yuxarıda Gürcüstanda prezident seçkilərinin müəyyən ajiotajla müşayiət olunma ehtimalına təsadüfən vurğu etmədik. Məsələ burasındadır ki, indiki prezident Salome Zurabişvili də daxil olmaqla birləşmiş müxalifət 26 oktyabr parlament seçkilərinin nəticələrini tanımır və yeni seçkilər keçirilməsində israr edir. Eyni zamanda, Qərb dairələrindən müxalifətə güclü şəkildə dəstək gəlir. S.Zurabişvilinin özünün də postunu tərk etmək fikri yoxdur. Yeni parlamenti və bununla da seçki kollegiyasını tanımayan S.Zurabişvili özünü Gürcüstanda yeganə qanuni institut adlandırıb və müxalifət partiyalarını razılaşdırılmış qərarlar verməyə çağırıb.
S.Zurabişvilinin dosyesində diqqət çəkən məqamlardan biri ondan ibarətdir ki, “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyası 2018-ci il seçkilərində məhz onun namizədliyini dəstəkləyib. Aradan bir müddət keçəndən sonra isə Zurabişvili hakim partiyaya qarşı müxalifət mövqeyinə keçib. Həm də bu, ilk belə hal deyil. Xatırladaq ki, sabiq prezident Mixeil Saakaşvili 2004-cü ilin martında S.Zurabişvilini Gürcüstanın xarici işlər naziri təyin edib. Bunun üstündən heç bir il keçməmiş - 2005-ci ilin oktyabrında o, M.Saakaşvilinin ünvanına tənqidlər səsləndirdiib və sonra da vəzifəsindən azad edilib. Bundan sonra S.Zurabişvili müxalifətə keçərək M.Saakaşvilinin istefası tələbi ilə keçirilən aksiyalarda fəllıq göstərib.
Hazırda S.Zurabişvili həm Fransanın, həm də Gürcüstanın ikili vətəndaşlığına malikdir. Buradan da onun Qərbə rəğbətinin məntiqi başa düşülür. Bir neçə gün bundan əvvəl - ölkədə gərginliklər yaşandığı bir vaxtda S.Zurabişvili növbəti dəfə Parisə səfərə gedərək Notr - Dam kilsəsinin bərpadan sonra açılışına qatılıb. Onun özünün və birləşmiş müxalifətin ABŞ-nin yeni seçilmiş prezidenti D.Trampın da qatıldığı tədbirdən gözləntiləri böyük idi. Makronun vasitəçiliyi ilə ABŞ prezidentindən Gürcüstan müxalifətinə dəstək istənilməsi ilə bağlı planar qurulmuşdu. Ancaq tədbirdən təqdim olunan foto və video materiallardan da göründüyü kimi, gözləntilər doğrulmayıb. Xanım Zurabişvilinin canfəşanığına rəğmən, özünəməxsus xarakterə malik olan D.Tramp onun salamını, necə deyərlər, barmağının ucu ilə alıb...
Müxalifət seçkiləri pozmaq istəyir
Bu arada etiraz aksiyalarının təşkilatçıları tərəfindən prezident seçkilərini pozmağa və bu məqsədlə vəziyyəti maksimum gərginləşdirməyi hədəfləyən planlar qurulduğuna dair məlumatlar yayılıb. Bu barədə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətindən bildirilib. “Əldə edilmiş məlumata görə, destruktiv və cinayətkar fəaliyyətlərin təşkilatçıları bu il dekabrın 14-nə təyin edilmiş prezident seçkilərinin baş tutmamasını və bütün vasitələrlə Gürcüstanın altıncı prezidentinin seçilməsinə mane olmağı planlaşdırırlar. Bu da süni şəkildə hakimiyyət böhranına səbəb olacaq”, - deyə xidmətin yaydığı bəyanatda vurğulanıb.
Məlumatda vətəndaşlara etiraz təşkilatçılarının planının iştirakçısı və ya qurbanı olmamaq üçün maksimum ehtiyatlı olmağa çağırış da var.
Taleyin ironiyası
S.Zurabişvilinin səlahiyyət müddətinin dekabrda tamamlanması fonunda onun sonrakı taleyi ilə bağlı müzakirələr başlayıb. Gürcüstanın mövcud qanunvericiliyinə görə, dövlət təhlükəsizliyi prezident, baş nazir və parlament sədri təyin olunduqları - seçildikləri andan təmin edilir və səlahiyyət müddəti bitdikdən sonra bir il müddətində qalır. Ancaq Zurabişvili bu imtiyazını daha tez itirə bilər.
Məsələ burasındadır ki, hakim “Gürcü Arzusu” partiyası parlamentə düzəliş təqdim edib. Həmin düzəlişə əsasən, keçmiş yüksək vəzifəli məmurlar Konstitusiyanı pozarsa, onların müdafiəsi ləğv ediləcək. İndiki prezidentə qarşı belə bir məhkəmə qərarı var. 2023-cü ilin oktyabrında Konstitusiya Məhkəməsi bəyan edib ki, Gürcüstan prezidenti xaricə işgüzar səfərlər zamanı hökumətin razılığı olmadan beynəlxalq münasibətlər sahəsində nümayəndəlik funksiyalarını həyata keçirib və bununla da Gürcüstan Konstitusiyasının 52-ci maddəsini pozub.
Beləliklə, səlahiyyət müddəti bitəndən sonra S.Zurabişvilinin dərhal məsuliyyətə cəlb olunması ehtimalı böyükdür. Hazırda Gürcüstanın sabiq prezidenti M.Saakaşvili həbsdədir. O qənaət hasil olur ki, Zurabişvilini də zamanında arxa çevirdiyi Saakaşvilinin aqibəti gözləyir. Bu da taleyin bir ironiyasıdır.
Mübariz ABDULLAYEV