AZ

Xilaskar

Hər gün müasirləşən Azərbaycan 21 ildir dekabrın 12-də Ulu öndərin işıqlı xatirəsini böyük ehtiramla anır. Nə qədər ki, milli dövlətimiz var, Vətən qarşısında öz borcunu yerinə yetirən Heydər Əliyev Azərbaycan xalqının qəlbində daim yaşayacaq, onun işıqlı ideyaları yolumuzu işıqlandıracaqdır.

İnsanı böyük edən onun əməlləridir. Amma böyük işlər görmək üçün gərək insanlardan yuxarıda deyil, onların yanında olmalısan. Heydər Əliyev son dərəcə çətin bir dövrdə xalqın xilası naminə misilsiz fədakarlıq göstərdi. O, Azərbaycanın müstəqillik və formalaşma yolunu xalqı ilə çiyin-çiyinə keçdi. Müasir Azərbaycanın bir qərinəlik tarixi, onun dövlət quruculuğu, iqtisadi dirçəlişi, siyasi həyatı Heydər Əliyevin adı ilə sıx bağlıdır.

Bizi Heydər Əliyev dövründən ayıran illər ərzində onun dərin zəkası, fenomenal yaddaşı, tükənməz təcrübəsi xatirələrdə yaşayır. Heydər Əliyev hər kəsin bacarmadığı işin altına cəsarətlə çiynini verməyi bacaran Ümummilli lider idi. Böyük siyasi təcrübəyə malik Heydər Əliyev Azərbaycanın müstəqilliyinin bərpasında, milli mənlik şüurunun oyanmasında əvəzsiz rol oynadı. Ötən əsrin 70-ci illərində onun səyləri ilə Azərbaycanın gələcək iqtisadi, ictimai-siyasi inkişafının təməl daşları qoyuldu.

Heydər Əliyevin sayəsində Azərbaycan xalqının tarixi keçmişinə marağı artdı, mənlik şüuru yüksəldi, milli-mənəvi dirçəlişi başlandı. Azərbaycan öz inkişafının yeni mərhələsinin astanasında idi. Azərbaycan hələ SSRİ-nin tərkibində olarkən azərbaycanlılar ölkədə rəhbər vəzifələrə irəli çəkilməyə, iqtisadi həyatda fəal iştirak etməyə başladılar. 1980-ci illərin əvvəllərində Heydər Əliyev Moskvada yüksək vəzifə tutanda da milli dövlətçilik maraqlarının müdafiəsini yüksək səviyyədə davam etdirdi.

Ümummilli liderin tərcümeyi-halı Azərbaycan xalqının taleyi ilə bağlı parlaq və əlamətdar hadisələrlə zəngindir. O, yüksək vəzifələrdə çalışanda da heç vaxt xalqdan yuxarıda durmayıb, onun yanında olub. Ona ümumxalq sevgisini qazandıran məhz müsbət şəxsi keyfiyyətləri idi.

1991-cı ildə Sovet İttifaqı dağılandan sonra Azərbaycan vətəndaş müharibəsinin astanasında idi. Ermənistanın Azərbaycana təcavüzü durmadan genişlənir, iqtisadiyyatda, siyasətdə və digər sahələrdə böhran hökm sürürdü. Belə mürəkkəb bir zamanda o vaxt hakimiyyətdə olan rəhbərliyin təcrübəsizliyi və naşılığı ucbatından ölkə idarəolunmaz vəziyyətə düşmüşdü. Bu, Azərbaycan üçün həlledici an idi: ölkə ya müstəqil olacaq, ya da daxili çəkişmələr, separatçı qüvvələrin təxribatçı fəaliyyəti nəticəsində parçalanıb məhv olacaqdı. Yəni, Azərbaycan “olum, ya ölüm” seçimi qarşısında qalmışdı...

Azərbaycan xalqı ölkəni gözlənilən fəlakətdən xilas etmək üçün o vaxt Kreml hakimiyyətinin qısqanclıqla qarşıladığı görkəmli liderini Bakıya dəvət etdi. Xalqın səsinə səs verən dahi şəxsiyyət belə taleyüklü məqamda dövlətinə və millətinə sədaqətini nümayiş etdirdi. Xalq liderinin ətrafında cəmləşərək ölkəni problemlər girdabından çıxara bildi.

1993-cü il oktyabrın 3-də Heydər Əliyev Azərbaycan Prezidenti seçildi. İkinci dəfə siyasi hakimiyyətə gələn ulu öndər Azərbaycanda daxili siyasi sabitliyə nail olmaqla yanaşı, həm də ölkənin iqtisadi müstəqilliyinin əsasını qoydu.

Heydər Əliyev 1993-cü il oktyabrın 10-da andiçmə mərasimində dediyi sözləri əməli ilə təsdiqlədi: “Azərbaycan xalqı öz tarixinin ən ağır, faciəli dövrünü yaşayır. Bu çətin zamanda mənə həvalə edilmiş məsuliyyətin dərəcəsini dərindən dərk edir və sizi əmin etmək istəyirəm ki, bütün fəaliyyətimlə, bütün həyatımla xalqın yüksək etimadını və ümidlərini doğrultmağa çalışacağam”.

Ümummilli lider çox qısa müddətdə Azərbaycanı inkişaf və tərəqqi yoluna çıxardı. Ölkədə istehsalın bərpası, maliyyə vəziyyətinin yaxşılaşması, investisiyaların cəlb edilməsi üçün antiböhran proqramları hazırlandı. Üstəlik, xalqın hakimiyyətə etimadını təmin etdi, hüquqi dövlət, vətəndaş cəmiyyəti qurdu.

Dünyanın istənilən yerində Heydər Əliyev haqqında danışanda dərhal Azərbaycanı xatırlayır, Azərbaycandan danışanda isə mütləq ulu öndəri yada salırlar. O, sadəcə öz dövrünün qəhrəmanı deyil, həm də zamanə adamı oldu. Onun tarixi mahiyyətli və böyük tərbiyəvi əhəmiyyətə malik ibrətamiz ömür yolunun tədqiqi keçmişimizə qiymət verməklə yanaşı, gələcəyə gedən yolumuzu da müəyyənləşdirir. Diplomatiya müstəvisində Heydər Əliyevin yaşadığı kimi yaşamaq, Vətəni Heydər Əliyev kimi sevmək siyasi kursa, istiqamətə çevrildi.

Xalq Heydər Əliyevi böyük və müdrik siyasətçi kimi tanıyır. Ümummilli liderin parlaq natiqlik istedadı, qarşıya qoyulan məqsədə doğru addım-addım getmək bacarığı sintez təşkil edirdi. Onun prinsiplərə sadiqliyi və fədakarlığı, xeyirxahlığı və nəcibliyi həyatının bütün mərhələlərində özünü göstərirdi.

Ümummilli ider həmişə Vətənə, xalqına hədsiz məhəbbət bəsləyir, onun xoşbəxt, firəvan yaşamaq arzusunu rəhbər tuturdu. Bu gün elə bir sahə yoxdur ki, Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən islahatlar ona toxunmasın. O, özündən sonra böyük siyasi irs qoyub, öz siyasi kursunun layiqli davamçılarını yetişdirib.

Bu gün Azərbaycan dövləti, Azərbaycan xalqı Ulu öndərin müəyyən etdiyi yolla Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə inamla addımlayır. Heydər Əliyevin ruhunun ən dəyərli rəmzi olan üçrəngli bayrağımız bu gün bütün Qarabağımızda ucalır.

Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra milli ideologiyada öz əksini tapmış dövlətçilik konsepsiyası işlənib hazırlandı. 1990-cı illərin əvvəllərində Azərbaycanın müstəqilliyini itirmək təhlükəsi aradan qaldırıldı. Bununla da Azərbaycanın inkişafında və müstəqil demokratik hüquqi dövlət kimi formalaşmasında yeni mərhələ başlandı.

Xüsusilə, Ümummilli lider Ermənistan–Azərbaycan, Qarabağ münaqişəsi kimi problemin həlli istiqamətində mühüm addımlar atdı. Atəşkəsin əldə olunduğu 1994-cü ilin sentyabrında Xəzər dənizinin zəngin neft-qaz yataqlarının istismarı üçün xarici şirkətlərlə “Əsrin müqaviləsi” imzalandı. Bu, Azərbaycan iqtisadiyyatına töhfə verməklə yanaşı, ölkənin müstəqilliyinin təmin edilməsi istiqamətində uğurlu tədbirlərin həyata keçirilməsinə də imkan yaratdı.

Heydər Əliyevin tarixi xidmətlərindən biri də 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə müstəqil dövlətin Əsas Qanununun – Konstitusiyanın qəbul edilməsi oldu.

Sağlığında Azərbaycan xalqının ümummilli lideri kimi tanınan Heydər Əliyev cismani gedişindən sonra da millətin rəğbət və sevgisini itirmədi. O, təkcə ölkənin bacarıqlı rəhbəri kimi deyil, həm də dahi şəxsiyyət kimi hər bir azərbaycanlının idealına çevrildi.

Heydər Əliyev təbiətən yorulmaz insan idi. Onun öz üzərində çalışması bütün həyatı boyu davam etdi. Tanrının verdiyi fitri istedadı yeni biliklərə yiyələnmək, zamanı qabaqlamaq səyi ilə paralel inkişaf etdi. Bəli, ümummilli lider müasir Azərbaycan dövlətçiliyinin banisidir. Onun zəngin dövləti təcrübəsi bütün dünyada yüksək qiymətləndirilir. Bu gün Azərbaycan Heydər Əliyevin göstərdiyi dövlət idarəçiliyi ideyaları ilə yolunu davam etdirir.

Ümummilli liderin uzaqgörənliyi sayəsində respublikada yeni iqtisadi münasibətlərin əsasları qoyuldu, özəl sektor yaradıldı, iri xarici investisiyalar cəlb edildi, sahibkarlar üçün geniş imkanlar açıldı. Sovet dövründən qalan fabrik və zavodlar fəaliyyətə başladı. Beləliklə, nəinki yeni sənaye sahələri yaradıldı, həm də yeni iş yerləri açıldı. “Güclü iqtisadiyyatı olan dövlət hər şey edə bilər” – deyən Heydər Əliyev bu prinsipi həmişə rəhbər tuturdu.

Neft müqavilələrinin imzalanması, ölkə daxilində sabitliyin və əmin-amanlığın bərqərar olması, mədəniyyətin yüksəlişi, nəhayət, 1994-cü ilin mayında Ermənistanla müharibədə atəşkəsin əldə olunması Heydər Əliyev diplomatiyasının zəfəri, onun titanik əməyinin bəhrəsi idi.

Heydər Əliyev siyasi və diplomatik fəaliyyətini Azərbaycan haqqında formalaşdırılmış yanlış fikirlərin dəyişdirilməsinə həsr etmişdi. 1998-ci ildə onun təşəbbüsü ilə Bakıda səkkiz ölkə rəhbərinin və otuzdan çox dövlətin nümayəndə heyətlərinin iştirakı ilə “İpək Yolunun bərpası” beynəlxalq forumu keçirildi. Bu, Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsində, Qərb və Şərq dövlətləri ilə əməkdaşlığının intensivləşməsində mühüm rol oynadı .

Müstəqil və sabit dövlət quruculuğu yolunda Heydər Əliyevin atdığı addımlar nəticəsində Azərbaycanın milli maraqlarının keşiyində dayanmağa qadir olan Milli Ordu formalaşdı, müstəqilliyin qorunub saxlanması üçün mümkün olan hər şey edildi.

Yarım əsr əvvəl xalqın qəlbini fəth edən, sonra isə dünyanın görkəmli dövlət xadimlərindən birinə çevrilən parlaq şəxsiyyət öz məqsədlərinə çatmaq üçün mətbuatın səfərbəredici və istiqamətləndirici rolunu hamıdan yaxşı anlayırdı. Ona görə də Heydər Əliyev mətbuata, jurnalistlərə özünəməxsus həssaslıqla yanaşırdı. Onun Azərbaycan KP MK-nın birinci katibi işlədiyi dövrdə Moskvada çıxan “Literaturnaya qazeta”da “Qoy ədalət zəfər çalsın!” başlığı ilə dərc olunmuş məşhur müsahibəsi bütün İttifaqda geniş rezonans doğurdu. İlk dəfə mətbuatda heç kimin danışmağa cürət etmədiyi nöqsanları birinci şəxs açıq şəkildə tənqid etdi.

Heydər Əliyev harada olmasından, hansı vəzifələrdə işləməsindən asılı olmayaraq, doğma xalqının etno-sosial, etno-siyasi və etno-mədəni xüsusiyyətlərini həmişə xatırlayıb.

1990-cı ilin Yanvar faciəsi bütün Azərbaycan xalqı və Heydər Əliyev üçün ağır sarsıntı oldu. O, çətin, faciəli günlərdə xalqının yanında idi.

Heydər Əliyev çox çətin bir zamanda Azərbaycana qayıtdı. Amma respublikanın o vaxtkı rəhbərliyi üçün Heydər Əliyevin Azərbaycanda görünməsi arzuolunmaz idi. Bir müddət Naxçıvanda yaşamağa məcbur oldu.

Bu dövr Azərbaycan üçün həlledici idi: ya müstəqil dövlət olmaq, ya da daxili çəkişmələr, separatçı qüvvələrin təxribatçı fəaliyyəti nəticəsində parçalanıb məhv olmaq. Bəli, Azərbaycan “olum, ya ölüm” dilemması qarşısında qalmışdı. O kritik anda Azərbaycan xalqı, görkəmli ziyalılar Ulu öndəri köməyə çağırmaqla öz müdrikliyini nümayiş etdirdilər.

Qarabağ münaqişəsinin başlanması ilə əlaqədar ölkə ərazisinin erməni silahlıları tərəfindən zəbt edildiyi, iqtisadiyyatın tamamilə dağıldığı, güc strukturlarında anarxiya hökm sürdüyü Azərbaycan üçün ağır günlərdə müdrik insanlar milləti xilas etmək üçün Heydər Əliyevdən qətiyyət gözləyirdi. Hakimiyyət qarşısında respublikanı dərin siyasi və iqtisadi böhrandan çıxarmaq, düşmənin hərbi təcavüzünün qarşısını almaq, Azərbaycanı dünyada tanıtmaq, milli maraqları qorumaq kimi çətin vəzifələr dururdu.

1993-cü il iyunun 15-də Heydər Əliyev Ali Sovetin Sədri seçildi və az sonra Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Həmin ilin oktyabrında Azərbaycan xalqı onu özünə Prezident seçdi.

(ardı var)

Arif QULİYEV,
hüquq elmləri doktoru, professor, Ukraynanın Əməkdar təhsil işçisi

Seçilən
7
xalqqazeti.az

1Mənbələr