AZ

“İntellektual Klubların V Gənclər Liqası”nın final mərhələsinin açılışı olub

Bakı, 13 dekabr, AZƏRTAC

Dekabrın 13-də Bakı Konqres Mərkəzində “İntellektual Klubların V Gənclər Liqası”nın final mərhələsinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Gənclər Fondu, Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Tədbirdə çıxış edən Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin sədri Aynurə Salmanlı Ələkbərli bildirib ki, oktyabr ayından başlayan və respublikanın 40-dan çox şəhər və rayonunu əhatə edən turnirin seçimlərində ümumilikdə 600-dən çox komanda və 5 mindən çox gənc öz intellektual gücünü sınayıb.

Gənclər Fondunun nümayəndəsi Yusif Vəliyev layihənin əhəmiyyətindən danışıb: “Turnirin məqsədi gənclərin intellektual potensialını inkişaf etdirmək, regionlarda intellektual oyunların keçirilməsini davamlı hala gətirmək və intellektli gənclər ordusunu formalaşdıraraq bu hərəkatın kütləviləşməsini təmin etməkdir”.

İki gün davam edən böyük finalda paytaxt və regionları təmsil edən 32 komanda “Nə? Harada? Nə zaman?”, “Kviz”, “Breyn Rinq” və “Erudit Kvartet” oyunlarında öz intellektual bacarıqlarını nümayiş etdirəcəklər. Həmçinin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində gənclər arasında bu mövzunun təbliğinə xüsusi önəm verilib.

Seçim turlarının yekununa əsasən, regionlar üzrə ən yaxşı nəticə göstərən 12, paytaxt üzrə isə 20 komanda Bakıda keçirilən final mərhələsində kubok uğrunda mübarizə aparır.

Qeyd edək ki, 2019-cu ildən bəri Gənclər Fondunun dəstəyi ilə mütəmadi olaraq keçirilən turnir bütün ölkə gənclərini əhatə edərək onların intellektual səviyyələrinin, dünyagörüşlərinin stimullaşdırılmasına, həmçinin şəbəkələşməsinə təkan verir.

phrase_var_article.chosen
22
1
azertag.az

1phrase_var_article.sources