AZ

Hüsamettin İnanç: “İran türk dünyasının da böyük düşmənidir”- MÜSAHİBƏ 

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Telefon danışığı əsnasında Cənubi Qafqaz və Yaxın Şərq regionuna aid məsələlərə toxunulub, xüsusilə Suriyada Əsəd rejiminin çökməsindən sonra yaranmış vəziyyət müzakirə olunub. Dövlət başçıları bu münasibətlə Suriya xalqına təbriklərini, Suriya dövlətinin ərazi bütövlüyünə və suverenliyinə dəstəklərini ifadə ediblər.

Prezident İlham Əliyev bundan sonra Türkiyənin yaxın dəstəyi ilə Suriyada sabitlik dövrünün başlayacağına ümidvar olduğunu bildirərək Azərbaycanın qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazır olduğunu qeyd edib. Prezident Ərdoğan bütün sahələrdə olduğu kimi Suriya xalqına humanitar yardım və dəstək məsələsində də Azərbaycan və Türkiyənin birgə fəaliyyət göstərəcəyini məmnuniyyətlə qeyd edib. 

Məsələ ilə bağlı Türkiyənin Dumlupinar Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Hüsamettin İnanç “Cümhuriyət” qəzetinə müsahibəsində Suriyada Türkiyə-Azərbaycan əməkdaşlığının mümkünlüyü barədə fikirlərini bölüşüb. 

- Hüsamettin bəy, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında Azərbaycanın Suriyada birgə hərəkət edəcəyini bəyan edib. Maraqlıdır, yaxın gələcəkdə Azərbaycan və Türkiyə Suriyada birlikdə hansı addımları atacaq? 

-Türkiyə və Azərbaycan bir dövlət, iki millət fonunda bir çox siyasi və iqtisadi məsələlərdə birgə addımlar atması regionda yeni geosiyasi vəziyyət yaradıb. Hesab edirəm ki, Türkiyə Suriya ilə də oxşar dostluq və qardaşlıq münasibətləri quracaq.

Türkiyə Əsəd rejiminin varlığına son qoyan müxalif qüvvələrin on iki günlük hərbi əməliyyatlarının sonunda Suriyanın ərazi bütövlüyünə və təhlükəsizliyinə zamin çıxan ölkəyə çevrilib. Bundan sonra Ankaranın icazəsi olmadan, Suriyada hər hansı prosesin baş verməsi qeyri-mümkündür. 

Türkiyənin istənilən bölgədə qələbəsi Azərbaycanın qələbəsi, Azərbaycanın uğurları isə Türkiyənin uğurlarıdır. Hazırda yeni Suriya dövləti formalaşır. Suriyanın yeni konstitusiyası qəbul edilməli, hökumətin qurulması üçün seçkilər keçirilməli, yeni siyasi partiyalar ortaya çıxmalı, dövlət strukturlarını özündə birləşdirən yeni sistem nizamlanmalıdır. Suriya və onun xalqı demokratik dəyərləri mənimsəməli və seçmək və ya seçilmək hüququna sahib olmalıdır.

Bununla yanaşı, Suriyanın yeni nizamlı bir orduya və kəşfiyyat sisteminə ehtiyacı olacaq, qonşuları ilə münasibətləri yenidən nəzərdən keçirəcək. Bütün bu məsələlərdə yeni Suriya dövlətinin Türkiyə və Azərbaycanın dəstəyinə,  köməyinə ehtiyacı olacaq, hər iki dövlətin təcrübəsindən faydalanacaq. 

Eyni zamanda, Suriya Azərbaycanın Şərqi Aralıq dənizinə açılan qapısı olacaq. Suriyada yeni proseslərin cərəyan etməsi həm Türkiyə, həm Azərbaycan, həm də gələcəkdə qurulacaq yeni Suriya dövlətinin mənfəətinə uyğun olacaq. 

- Azərbaycanın İsraillə çox sıx diplomatik-siyasi, iqtisadi və hərbi-təhlükəsizlik münasibətləri var. Bu baxımdan, Türkiyə ilə İsrail arasında Suriya məsələsində fikir ayrılıqlarının artdığı bir zamanda Azərbaycan Ankara və Təl-Əvivin bu məsələdə ortaq razılaşmaya gəlməsi üçün vasitəçilik edə bilər? 

-İsrail ordusunun Qəzzada son bir ildən çox davam edən müharibəsi nəticəsində İsrail ilə Türkiyə arasında münasibətlərdə ciddi gərginlik yaşanır. Artıq Türkiyə İsraillə iqtisadi-ticari münasibətləri dayandırıb. Amma bir məqamı da nəzərə almaq lazımdır ki, dövlətlərarası münasibətlərdə nə dostluq, nə də düşmənçilik anlayışı var. Beynəlxalq münasibətlərdə ancaq mənfəət anlayışı var. Tarixən hər bir dövlət öz maraq və mənfəətlərini güdüb. 

Türkiyə-İsrail münasibətlərinin normallaşmasına gəlincə, əgər Qəzzada qanlı müharibə baş verməsəydi, hər iki dövlət arasındakı münasibətlərdə bugünkü vəziyyət yaranmazdı. Xüsusilə qeyd edim ki, 2023-ci ilin sentyabrında Nyu-Yorkda Türk Evində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsrail Baş naziri Benyamin Netanyahu arasında ikitərəfli görüş baş tutmuşdu.

Hətta Türkiyə və İsrail Şərqi Aralıq dənizindəki enerji resurslarının Avropaya daşınması məsələsində birgə əməkdaşlığa hazır idilər. Lakin Netanyahu və onun komandasının Qəzzada insanlığa qarşı cinayətlər törətməsi, Türkiyənin İsrailin Qəzzadakı hərbi əməliyyatlarını kəskin şəkildə pisləməsi münasibətlərdə çox ciddi gərginlik yaratdı. Qısa bir zamanda Türkiyə-İsrail münasibətlərinin normallaşması qeyri-mümkün görünür. 

İkitərəfli münasibətlərin normallaşması üçün ya Netanyahu öz postun tərk etməlidir, ya da gələn ilin yanvarın 20-dən sonra ABŞ-nin prezidenti olacaq Donald Tramp İsrailə çox ciddi təzyiqlər göstərməlidir. İlk növbədə, İsrailin Qəzzada müharibə cinayətləri dayandırılmalıdır, ondan sonra Türkiyə-İsrail münasibətlərinin normallaşması nəzərdən keçirilə bilər. 

- Türkiyə və İsrailin Suriya məsələsində ortaq razılaşmaya gəlməsi nə dərəcədə mümkün ola bilər?                                    

- “Heyət Təhrir əl-Şam” və digər müxalif qüvvələrin Əsəd rejimini devirməsi və ölkədə hakim olması nəticə etibarilə Türkiyənin regionda geosiyasi və geostrateji mövqeyini daha da möhkəmləndirib. İsrail də Suriyada möhkəmlənməyə çalışacaq. Belə demək mümkünsə, Suriyada baş verən indiki proseslər İsraili bir tərəfdən məmnun, digər tərəfdən ciddi narahat edir. İsraili narahat edən məqam Suriyada bundan sonra istədiyi kimi hərəkət edə bilməyəcəyidir.

Xalq tərəfindən sevilməyən və dəstəklənməyən Əsəd hakimiyyətinin dövründə İsrail Suriyada istənilən hərəkətləri edirdi. Bu gün Suriyada xalq tərəfindən dəstəklənən siyasi güc var. Həmin qüvvələrin iqtidara gəlməsi İsrailin Suriyadakı addımlarını məhdudlaşdıracaq. Bu da təbii ki, İsrailin maraqlarına uyğun deyil. Amma Əsəd rejiminin devrilməsindən sonra İranın Suriyadan tamamilə geri çəkilməsi İsraili çox məmnun edib. İran hər nə qədər İsrailin düşməni kimi görünsə də, türk dünyasının da böyük düşmənidir. İran hakimiyyəti Yaxın Şərqdəki özünə bağlı proksi qüvvələri vasitəsilə regionda ciddi çaxnaşma və xaos yaradır. 

Tehran bu siyasəti gələcəkdə də davam etdirəcək. Bu nə Türkiyə, nə də İsrailin maraqlarına uyğundur. Bu baxımdan, Türkiyə və İsrail İran məsələsində ortaq mövqeyi paylaşırlar. Ancaq Türkiyə və İsrailin Suriya məsələsində ortaq razılaşmaya gəlməsi üçün ilk növbədə İsrail Qəzzada hərbi əməliyyatlarını dayandırmalıdır, eləcə də Fələstin dövlətinin mövcudluğunu tanımalı və Suriyanın ərazi bütövlüyünə hörmət etməlidir.

Xüsusilə vurğulayım ki, Əsəd rejiminin sona çatmasından dərhal sonra İsrail Suriyanın cənub ərazilərinə soxularaq Colan təpələrinin ətraf ərazilərinə nəzarətə götürüb. İsrailin bu addımı beynəlxalq hüquq normalarına ziddir. Bununla bərabər, İsrail Hərbi Hava Qüvvələri Suriyanın hava və dəniz bazalarını, silah-sursat anbarlarını sıradan çıxardı. İsrail ordusunun Suriyanın ərazilərinə müdaxiləsi davam etdiyi təqdirdə Ankara və Təl-Əvivin Suriya məsələsində ortaq razılaşmaya gəlməsi mümkün olmayacaq. 

Seçilən
68
50
cebheinfo.az

10Mənbələr