Bakı Kristal Zalında 20 minə yaxın adam Messinin və komanda yoldaşları olan Luis Suares, Serxio Buskets və Xordi Albanın gəlişini gözləyirdi. Murad Dadaşovun aparıcısı olduğu tədbirin açılışını elə onun dəvəti ilə mərasimə gələn “Natiq” ritm qrupu etdi. Milli musiqi ab-havasından sonra səhnəyə fransız dicey Villi Uilyam çıxaraq azarkeşləri çoşdurdu.
Daha sonra Messinin karyerasını əks etdirən, Azərbaycan dilinə dublyaj olunmuş “Argentina futbolunun xilaskarı” sənədli filmi nümayiş olundu. Filmdə Messinin zəngin karyerasından səhnələr izlədik.
Film bitər-bitməz oyunçular səhnəyə çıxaraq azarkeşləri salamladılar. Artıq iki saata yaxın idi ki, hamı onu və komanda yoldaşlarını gözləyirdi. Hətta qeyd edim ki, şəkil çəkdirmək üçün səhnəyə atılan azarkeşlər də var idi. Fanzonadan atdanıb keçən azarkeşlər bəs? Onlara niyə nəzarət edən yox idi? Bilmədim problemi təşkilatçılarda axtarım, yoxsa belə hərəkətlərə meyilli həmvətənlərimdə?
Daha sonra Leo Bakı səfərində Azərbaycanın mədəniyyəti ilə tanış olmaq imkanı qazandığını da vurğuladı. Azarkeşlərə üz tutan Messi onlara və təşkilatçılara təşəkkürünü bildirdi:
“Komanda yoldaşlarım adından görüşün təşkilinə görə hər birinizə təşəkkür edirəm”.
Əfsanələr Murad Dadaşovun dəvəti ilə gələn 44 günlük Vətən Muharibəsi şəhidlərinin övladları, azyaşlı futbolçular və xüsüsi qayğıya ehtiyacı olan uşaqlar ilə qısa görüşdü, xatirə fotosu çəkdirdi. Daha sonra DÇ-2022-nin topunu azarkeşlərə atan oyunçular onlarla vidalaşıb səhnəni tərk etdilər.
AYGÜN MİRZA