1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Vətəndaşların rahat gediş-gəlişinin və ictimai nəqliyyata əlçatanlığının təmin edilməsi məqsədilə 15 dekabr tarixindən dörd sayda müntəzəm avtobus marşrutunun hərəkət sxemində dəyişiklik ediləcək.
Oxu.Az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata deyilir ki, dəyişikliyə əsasən, 35 nömrəli avtobusların hərəkəti Suraxanı rayonunun mərkəzinə, 44 nömrəli avtobusların hərəkəti Suraxanı rayonunun Elxan Həsənov küçəsinə, 88A nömrəli avtobusların hərəkəti "Bakı Ağ Şəhər"in Mərkəzi Bulvar küçəsinə, 120E nömrəli avtobusların hərəkəti isə Afiyəddin Cəlilov küçəsindən keçməklə təşkil edilib.
Eyni zamanda, sərnişin tələbatına uyğun olaraq, yeni marşrutların yaradılması istiqamətində də təhlillər aparılıb. Vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, 20 nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayacaq. Yeni marşrut xətti Qaraçuxur və Yeni Günəşli qəsəbələri, Mərkəzi Bank və Azərbaycan Tibb Universitetini əlaqələndirəcək.
Qeyd edək ki, Azərbaycanda mobilliyin transformasiyası proqramı çərçivəsində yeni marşrut şəbəkəsinin tətbiqi davam etdirilir. Paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə AYNA tərəfindən bütün marşrut xətləri təhlil edilib və əhalinin ictimai nəqliyyatdan rahat istifadə etməsi üçün yeni marşrut şəbəkəsi hazırlanıb və dataəsaslı analitik alət olan Bakının "Rəqəmsal əkizi" vasitəsilə simulyasiya edilib. Simulyasiya nəticəsində yeni şəbəkənin ictimai nəqliyyata əlçatanlığı ciddi artıracağı, eləcə də daha yüksək orta sürət göstəricilərinin olacağı müəyyən edilib.