Bakı, TurkicWorld
Türkiyə Sudan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasındakı mübahisələrin həlli üçün vasitəçilik edə bilər.
TurkicWorld xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Sudan Suverenlik Şurasının sədri Əbdülfəttah əl-Burhan ilə telefonla görüşü zamanı Türkiyə-Sudan ikitərəfli əlaqələri, regional və qlobal mövzuları müzakirə edib.
O, Sudanda sülh və sabitliyin təmin edilməsi, ərazi bütövlüyü və suverenliyin qorunmasının, ölkənin xarici müdaxilələr zonasına çevrilməsinin qarşısının alınmasının vacibliyini bildirib.
Ərdoğan, Türkiyənin bölgədəki münaqişələrin həllinə verdiyi töhfələri xatırladaraq, Somali ilə Efiopiya arasındakı münaqişənin Ankara prosesinin təşəbbüsü ilə həll edildiyini və bunun bölgəyə sülh gətirdiyini qeyd edib. Türkiyənin Sudan ilə BƏƏ arasındakı mübahisələrin həllində vasitəçilik etməyə hazır olduğunu ,Sudanda sülh və sabitliyin təmin edilməsinin və xarici müdaxilələrin qarşısının alınmasının əsas prinsiplərdən olduğunu vurğulayıb.
Ərdoğan, Suriyanın 13 illik vətəndaş müharibəsindən sonra öz gələcəyinə qərar vermək mərhələsinə gəldiyini də qeyd edərək, Türkiyənin Suriyanın siyasi birliyinin və ərazi bütövlüyünün qorunmasına dəstəyini davam etdirəcəyini bildirib. O, müvəqqəti hökumətin əhatəli və düzgün addımlar atmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, Somali ilə Efiopiya arasındakı münaqişənin Türkiyənin vasitəçiliyi ilə həll olunması Türkiyənin etibarlı xarici siyasət yürütməsinin bir nümunəsi kimi göstərilir. Daha əvvəl Liviyada və Qarabağda problemlərin həllində mühüm rol oynayan Türkiyə, Suriyada 13 illik vətəndaş müharibəsinin sona çatmasında da təsirli addımlar atıb.
Türkiyənin beynəlxalq arenada qlobal problemlərin həllində lider rolu artaraq davam edir.