Mərkəzi Gömrük Hospitalının müasir mikroskop və histoloji avadanlıqlarla tam təchiz olunmuş Patomorfoloji diaqnostika şöbəsində histomorfoloji, sitoloji, histokimyəvi və immunohistokimyəvi müayinələr yüksəkixtisaslı həkim-patomorfoloqlar tərəfindən həyata keçirilir.
Patomorfoloji müayinə toxuma və orqanlarda mövcud olan patoloji prosesi hüceyrə səviyyəsində müəyyən etmək üçün insan orqanizminin ətraflı öyrənilməsi üsuludur. Həmin müayinələr xəstəliyin diaqnostikası, mərhələsinin müəyyən edilməsi, differensial diaqnostika, müalicə taktikası və istiqamətinin təyini, kimyəvi dərman və radiasiya müalicəsi zamanı terapevtik effektivliyin təyin edilməsində böyük əhəmiyyət kəsb edir. Histoloji analiz üçün material vizual nəzarət altında - endoskopiya, ultrasəs, KT, MRT və ya əməliyyat zamanı biopsiyadan istifadə etməklə öyrənilir. Mədə-bağırsaq traktının endoskopik müayinəsi zamanı biopsiya standart diaqnostik prosedurdur.
Patomorfoloji diaqnostik müayinələr həm şiş/neoplastik proseslərdə, həm də qeyri-şiş iltihabi patologiyalar zamanı aparılır. Əməliyyat sırasında aparılan təcili müayinələr zamanı toxumalar “Leica Frozen” cihazı ilə kəsilib hazırlanır. Geniş spektrumda immunohistokimyəvi boyamalar həm manual, həm də “Leica BOND Max Biosystem” cihazı ilə həyata keçirilir.
Materialların ümumi işlənməsində hermetik biosistemdən istifadə olunur. Patomorfoloji laboratoriyada spesimenlər Leica CM 1100 (Almaniya), Sacura ACCU-CUT (Yaponiya) mikrotomlarda kəsilir, Nikon Eclipse 50 İ mikroskoplarda vizual müayinələr aparılır. Histoloji, histokimyəvi və immunohistokimyəvi tədqiqatlarda İtaliya və Almaniya istehsalı olan reaktivlərdən istifadə edilir.
Patomorfoloji diaqnostika şöbəsinin rəisi uzman patomorfoloq Zərifə Yusifli, patomorfoloqlar Müqabil Şıxaliyev və Emin Mirzəyev müayinələri yüksək dəqiqliklə aparırlar.