“Fransa parlamentində müxalifətin baş nazirə etimadsızlıq səsverməsindən sonra Prezident Emmanuel Makronun istefasının tələb ediləcəyi açıqlanıb. Hökumətin ard-arda uğursuz addımları, daxili və xarici siyasətdə verdiyi yanlış qərarlar səbəbindən Makron və komandası ilə bağlı narazılığın artdığı bildirilir. Fransa prezidenti isə parlamentin hökuməti istefaya göndərəcəyi təqdirdə belə vəzifəsində qalacağını, postu tərk etməyəcəyini deyib”.
“Emmanuel Makron Fransanın siyasi tarixində ən uğursuz lider kimi yadda qalıb. Məhz onun dönəmində Fransa beynəlxalq nüfuzunu itirdi. Hətta Frankofoniya dövlətlərində belə Fransaya qarşı etiraz dalğası yarandı. Fransızdilli Afrika ölkələri daxil olmaqla, eyni zamanda müxtəlif Afrika dövlətlərindən Fransa rüsvayçı şəkildə qovuldu. Türkiyə ilə münasibətlər kəskinləşdi. Daha sonra isə Fransanın Cənubi Qafqaz siyasəti kifayət qədər qərəzli idi və bunun nəticəsi olaraq bumeranq effekti verdi. Fransa Cənubi Qafqazda mövqelərini itirdi. Bundan başqa isə Fransa Yeni Kaledoniya da anti-demokratik bir mühit yaradıb və orta əsrlərə xas olan müstəmləkəçilik siyasətini davam etdirir. Bu, dünya siyasətində utancverici bir haldır.”.
Bu fikirləri AzNews.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının idarə üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.
Siyasi şərhçi qeyd edib ki, Makron dönəmində müstəmləkə bölgələrində Makronun yürütdüyü yanlış siyasətə etiraz dalğası gücləndi və beləliklə də Fransanın əsl mahiyyəti dünya ictimaiyyətinə bəlli oldu.
“Həmçinin Makron dönəmində Fransanın iqtisadi, sosial vəziyyəti ağırlaşdı. Trampın birinci prezidentlik dönəmində də Birləşmiş Ştatlarla Fransa arasındakı münasibətlər kifayət qədər gərgin idi. Birləşmiş Ştatların o zamankı hökumətinin dəstəyi ilə “Sarı jiletlilər” hərəkatı başladı. Fransa prezidentin reytinqi minimuma endi. Daha sonra isə Fransada iqtisadi, sosial vəziyyətin ağırlaşması prosesini nəzərə alan Makronu hakimiyyətə gedən radikal sağçı namizəd irəli sürməklə ona nail oldular. Beləliklə də Makron hakimiyyətdə qaldı. Yanvarda Birləşmiş Ştatlarda yeni hökumət fəaliyyətə başlayacaq və Fransa ilə Birləşmiş Ştatları arasındakı münasibətlər yenidən kəskinləşə bilər. Bu baxımdan hesab edirəm ki, Emmanuel Makronun rəhbərlik etdiyi hökuməti bundan sonra daha çətin vəziyyətlə üzləşəcək. Biz gələn ildən etibarən bu prosesləri daha aydın şəkildə müşahidə edəcəyik. Ona görə də hesab edirəm ki, Fransa parlamentinin atdığı addım təsadüfi deyil və bunu yaradan çoxsaylı səbəblər var”.
Rəfiqə NAMAZƏLİYEVA