“Fənərbaxça” Joze Mourinyonun başçılığı altında mövsümü tam ideal keçirməsə də, komandanın həm Avropa Liqasında, həm də Türkiyə çempionatında durumu pis deyil. Artıq bu gün “Fənər”i səfərdə “Beşiktaş”a qarşı çox mühüm bir derbi gözləyir.
Ünlü portuqaliyalı mütəxəssis türkiyəli həmkarlarımızı başına yığaraq adəti üzrə gündəmə düşəcək açıqlamalar verib. Derbidən, Türkiyə futbolundan danışan Mourinyo əzəli rəqibi Qvaridola, eləcə də “Qalatasaray” başqanı haqda da diqqətçəkən ifadələr işlədib.
“Fənərbaxça” uzun müddətdi, çempion olmur, çünki...
* Məşqçi karyeramda 8 ölkə çempionluğum var. Bunların hamısını camiənin birlik və bərabərliyi sayəsində qazanmışam. Bu həftə “Beşiktaş”la qarşılaşacağıq. Futbol ictimaiyyətində bizim üçün asan bir matç olacağı fikri formalaşıb. Amma mən qətiyyən belə düşünmürəm. Demirəm ki, rəqibdən qorxuram. Sadəcə, onlara böyük hörmətim var və çətin olacağını bilirəm. “Qalatasaray”dan 13, bizdən 10 xal geridə olmalarına baxmayaraq, çox yaxşı bir rəqibə qarşı oynayacağıq. Onların ilk baxışdan artıq çempionluq şansı olmasa da, ən azı derbidə qalib gəlməyə çalışacaqlar. Ona görə də diqqətli olmalıyıq. “Fənərbaxça” uzun müddətdi çempion ola bilmir. Çünki özündən daha güclü və çətin şeylərlə mübarizə aparmaq məcburiyyətində qalır! Elə bir məqamdayıq ki, reallıq hissini itirməməliyik. Çempionatda rəqibimizlə aradakı xal fərqini azaltmışıq. Son avrokubok oyununda da səfərdə “Slaviya” kimi rəqibi məğlub etdik. Amma dediyim kimi reallıqdan uzaqlaşmamlıyıq.
Zirvdən uzaq düşməsi “Beşiktaş”ın real gücündən xəbər vermir
* “Beşiktaş” yeni məşqçi ilə anlaşmayıb. İndi başlarında olan məşqçi komandanı gözəl tanıyır. Oyunçuların nəyə qadir olduğunu bilir və üstəlik ötən mövsüm komanda ilə kuboku da qazanıb. Hər yeni məşqçi, təbii ki, dərhal öz sistemini oturtmaq istəyir. Amma belə şeylər qısa müddət ərzində olmur. Ona görə də əvvəlki məşqçinin sistemindən çox da fərqli bir sistemlə oynayacaqlarını düşünmürəm.
* Oyunla bağlı çalışmalarımızı həyata keçirmişik. Bu yaxınlarda “Beşiktaş”ın stadionunda oyun izləməyə də getmişdim. Bu, bəzi şeyləri daha fərqli gözlə izləməyə imkan verir. Bizi məğlub edə biləcək səviyyəyə sahibdilər. Top ayaqlarında olduqda çox təhlükəli komandadı. Amma bizim də onları çətinə sala biləcək silahlarımız var. Potensial baxımından bənzər komandalar üz-üzə gələcək. Sadəcə, “Qalatasaray”a məğlubiyyət onlarda psixoloji enişə səbəb oldu və sonrakı matçlarda da buna düzgün reaksiya verə bilmədilər. Məncə, zirvədən bu qədər uzaq düşmələri onların real gücündən xəbər vermir. Mən “Beşiktaş”a “Göztəpə”yə uduzan komanda yox, fərqli rəqib gözü ilə baxıram.
* Derbi, təbii ki, mühüm qarşılaşmadı. Amma çempionluq yolunda həlledici rol oynadığını düşünmürəm. Ümumiyyətlə, “Qalatasaray”, “Fənərbaxça” və “Beşiktaş”ın bənzər potensialda olduğunu düşünürəm. Amma iş elə gətirib ki, xal fərqi böyüyüb. “Beşiktaş” lap derbidə qalib gəlsə belə, çempionluq şansının artacağını düşünmürəm. Onlar üçün bundan sonra bu qədər fərqi azaltmaq çox çətin olacaq. Eyni zamanda biz də lap uduzsaq belə, çempionluq yarışından kənar düşməyəcəyik. Çünki mövsümün sonuna hələ çox var. Ona görə də bu oyun çempionluq yarışına təsir etməyəcək.
Kriştiano “Fənərbaxça”ya gəlməyəcək
* Kriştiano Ronaldo “Fənərbaxça”ya gəlməyəcək. İlk səbəb odu ki, mənim əlimdə çox yaxşı 3 hücumçu var. Ona görə də hücumçu transferini istəmirəm. Cenk Tosun da formaya düşür və bizim üçün hələ çox vacib qollar vuracaq. Kriştiano həmişə Kriştianodu. Amma mən forvardlarımdan məmnunam. İkinci səbəb isə onun Səudiyyə Ərəbistanında qazanığı pullar və 1000 qola çatmaq hədəfinin olmasıdı. İndi onun Türkiyəyə gəlmək üçün İstanbulun gözəlliyindən başqa heç bir motivasiyası ola bilməz!
* Açığı, qış transfer dönəmlərini o qədər də sevmirəm. Çünki həmin vaxt gələn futbolçu dərhal fayda verə bilmir. Müəyyən vaxta ehtiyacı olur. Qış transfer dönəmi üçün rəhbərlikdən heç bir tələbim olmayıb. Mənim işim əlimin altındakı oyunçuları inkişaf etdirməkdi. Bilirəm ki, insanlar məndən həm də qələbələr gözləyir. Amma oyunçunun inkişafı məsələsi də ən azı qələbə qədər önəmlidi. Məsələn, Oğuz Aydına şans verməyib qışda bir vinger alsaydıq, nə olacaqdı? Öz futbolçumuzu bununla da məhv edəcəkdik. Oostervolde zədələnsə də, yerində Kostiçlə Levent Mərcan oynayır. Hər komanda “Mançester Siti” kimi ola bilməz. Elə olduqda sonda da 115 maliyyə pozuntusuna görə cavab verməli olursan! Təbii ki, klub bir şey etmək istəsə, buna qarşı çıxmaram. Rəhbərliklə aramızda heç bir yanlış anlaşılma yoxdu. Klub zatən mənim istəmədiyim futbolçunu almaz. Talişkanın əla oyunçu olmasına zərrə qədər də şübhə etmirəm. Amma onun mövqeyində olan Tadiç də, İrfan Can da, Şimanski də yaxşı oyunçulardı. Yeni transferə “yox” demərəm. Amma gedib Əli Koç ilə Acun Ilıcalının qapısını döyüb “mənə oyunçu alın” da demərəm.
Türkiyədə fanatlar futboldan çox öz klublarını sevirlər.
* Qvaridolanın sözləri? Başqaları öz fanatlarını hakimə qarşı yönəltdikdə bu, adi qəbul olunur. Bilirsiz, mən təbiiliyimi itirmək istəmirəm. Sizin ölkənizdə yaşayıram. Hər kəsə hörmət edirəm və bura uyğunlaşmağa çalışıram. Amma dediyim kimi, bununla yanaşı, özüm kimi qalmağa çalışıram. Mən qələbəyə can atan, amma bunu təmiz və ədalətli şəkildə etmək istəyən insanam. Təmiz şəkildə qalib gəlməyəcəmsə, uduzmağa üstünlük verərəm. Qvardiola son açıqlamasında mənim premyer-liqada 3, onun isə 6 çempionluğunun olduğunu deyib. Amma mən 3 çempionluğu təmiz qazanmışam. Uduzanda da rəqib məndən güclü olduğu üçün təbrik etmişəm. 150 maliyyə pozuntusunda günahlandırılaraq qalib gəlmək istəmərəm!
* Türkiyədə fanatlar futboldan çox öz klublarını sevirlər. Özü də dəlicəsinə. Bu baxımdan Türkiyə ilə Portuqaliyada bənzərlik var. Amma məsələn, İngiltərədə durum fərqlidi. “Çelsi”də işləyərkən öz evimə ayaqla rahat şəkildə gedə bilirdim. Türkiyədə həm də məşqçini qovmaq mədəniyyəti var. İndidən 5-6 məşqçi qovulub. Türkiyə klubları Avropada qarşılarına ciddi hədəf qoymurlar. Sadəcə, bacardıqları yerə qədər irəliləməyə çalışırlar. Daim əsas hədəf daxili çempionatda uğurlu çıxış etmək olur. Türkiyədə klublar ilk növbədə müdafiə haqda düşünür. Bəzən birəbir oynayıb şiddətli təzyiq göstərənlər də olur. Amma birinci hədəf yaxşı müdafiə olunmaqdı. Biz çalışırıq ki, oyunun hər iki yönünü oynayaq. “Fənərbaxça” müdafiə olunmaq baxımından zəngin ənənələrə malik klub deyil. İrəlidə və ya geridə rəqibi qarşılamaq baxımından müəyyən səhvlər gözə dəyir. Amma bu, fərdi yox, ümumi səhvlərdi.
* Avropanın futbol mədəniyyəti fərqlidi. Orda daha yüksək, hətta şiddətli tempdə oynayan klublarla qarşılaşırıq. Türkiyə daxilində isə başqa futbolla qarşılaşırıq. Məsələn, PSJ nə üçün Avropada uğurlu çıxış edə bilmir? Çünki onlar Fransa çempionatında oynayarkən Avropada qarşılaşacaqları şeylərə hazırlaşa bilmirlər. Amma mən Türkiyə çempionatının matçlarında belə Avropadakı futbolu nəzərə alaraq qərarlar verirəm. İstənilən halda bəzən çempionat oyununda etdiyin şeyləri avrokubok matçına daşımaq çətin olur. Mənim üçün meydanda savaşmaq söz savaşından daha önəmlidi. Amma lazım gəldikdə söz savaşından da heç vaxt çəkinmirəm.
Bəlkə də buna görə Terimlə münasibətlərimiz soyuyub
* (“Qalatasaray” prezidenti Dursun Özbəkin “xalımıza göz dikənin gözünü çıxararam” açıqlamasına cavab olaraq) “Göz çıxararam” deyən bir klub prezidenti haqda mən yalnız bir şey deyə bilərəm. Bu sözə ya gülməlisən, ya da ağlamalı. Mən şəxsən gülməyə üstünlük verirəm. Amma digər tərəfdən, bu ifadələrin Avropa mətbuatında necə qarşılandığını nəzərə alsaq, mən bu durumdan utandım və onun adına üzüldüm.
* Fatih Terimi çox sevirəm. “Real”da işlədiyim dönəmdə onun “Qalatasaray”ı ilə qarşılaşmışdıq. Sonra mənim bəzi oyunçularım onun əlinin altına keçdi. Hətta bir dəfə tətildə məni öz evinə dəvət etmişdi. Həyat yoldaşı ilə də tanış olmuşdum. Amma “Fənərbaxça” üçün İstanbula gəldiyim gündən bəri dəfə də olsun onunla telefonda danışmamışıq. Hazırda işsiz olsa da, o hər an “Qalatasaray”ı təmsil edir. Mən də “Fənərbaxça”nı təmsil edirəm. Bəlkə də bu məqam münasibətlərimizin bir qədər soyumasına səbəb olub. Amma onun “Qalatasaray”ın baş məşqçisi olması kimi bir fikirdən bəhs etmirəm. Çünki bu, Okan Buruka hörmətsizlik olar.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta