AZ

Türk dünyasının inkişaf əsri

Bu tərəqqinin lokomotivi tarixi, dini, mənəvi dəyərləri oxşar olan Azərbaycan –Türkiyə birliyidir

Dünyanın enerji və nəqliyyat xəritələrini yeniləyən qlobal layihələrin reallaşması ilə müasir tələblər, keyfiyyət üzrə davam edən Türkiyə-Azərbaycan qardaşlığı son illərdə daha da güclənir, dünyaya nümunə göstərilir, beynəlxalq səviyyədə özünü doğruldur. XXI yüzilliyin türk əsri olacağını təsdiqləyən amillər çox olsa da, bu həqiqət İkinci Qarabağ müharibəsində bir daha təsdiqləndi. Tarixi, milli adət-ənənələri oxşar, daim biri-birinin yanında olan hər iki xalq birliyi ilə bütün çətinliklərə qalib gəldi. Vətən müharibəsindən sonra Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsi bu həmrəyliyin bütün istiqamətlər üzrə daha da güclənməsinə bələdçilik etdi. Türkdilli xalqları birləşdirən mənəvi körpü, qara piarlara qarşı mübarizədə informasiya mərkəzi olan Türkiyə-Azərbaycan Media Platformasının yaradılması, «TurAz-Qartalı», «Sarsılmaz Qardaşlıq» kimi hərbi təlimlərdə, Bakıda və Türkiyədə keçirilən «TEKNOVEST» festifallarında hər iki qardaş ölkə təmsilçilərinin birgə iştirakları güclənən əməkdaşlığın nümunəsidir. Qazaxıstanda keçirilən və azərbaycanlı hərbçilərin də iştirak etdikləri «Birləşdik-2024» beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimi, Azərbaycanın hərbi təhsil müəssisələrində Mərkəzi Asiya ölkələrindən olan müdavimlərin təhsil almaları təşəbbüsü münasibətlərin genişlənən coğrafiyasının uğuru kimi dəyərləndirilir.

Ötən il Türkiyədə baş verən, «Əsrin fəlakəti» adlandırılan dəhşətli zəlzələdən sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü dostluq və qardaşlığın tükənməzlik rəmzi kimi yaddaşlarda qaldı. «Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım» mövzusuna həsr edilmiş Sammitdə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın minnətdarlıq duyğularını ifadə edən «Zirvə görüşünün keçirilməsi çağırışı ilə çıxış edən Can Azərbaycanın Prezidenti cənab İlham Əliyevə şəxsən öz adımdan və millətim adından təşəkkürlərimi bildirirəm» sözləri türk dünyasının həmrəyliyi üçün böyük xidmətlər göstərən dövlət başçımıza yüksək etimad idi. Ankara Sammitində türkdilli ölkələr arasında iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verəcək qərarların qəbulu, təşkilata üzv ölkələr arasında infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, turizm, alternativ enerji və digər sahələrdə əməkdaşlığın inkişafına mühüm töhfə verəcək Türk İnvestisiya Fondunun yaradılması irimiqyaslı layihələrin həyata keçirilməsini də şərtləndirəcək. Türkiyədə baş verən zəlzələ nəticəsində həlak olanların xatirəsini anmaq üçün hər il fevralın 6-sının Türk Dövlətləri Təşkilatı çərçivəsində «Həyatını itirənlərin anım və birlik, bərabərlik və həmrəylik günü» elan olunması ilə bağlı təklif təşkilatın humanitar siyasətinin ifadəsi kimi dəstəkləndi. Türk Dövlətləri Təşkilatının Qazaxıstanın paytaxtı Astanada «Türk Əsri» çağırışı ilə keçirilən 10-cu yubiley Zirvə görüşü quruma üzv dövlətlər arasında əlaqələrin daha da genişləndirilməsi, dövrün tələblərinə intensivləşdirilməsi baxımından tarixi hadisə idi.

Bu gün 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edən TDT-yə üzv ölkələr arasında siyasi, iqtisadi, mədəni əlaqələr genişləndikcə təşkilatın beynəlxalq nüfuzu da artır. Şərqdən Qərbə uzanan, beynəlxalq əhəmiyyəti artan Orta Dəhliz layihəsinin qovşağında yerləşən, aparıcı rola, mühüm tranzit imkanına malik Azərbaycan əbəs yerə dünyanın nəqliyyat xəritəsini yeniləyən dövlət adlandırılmır. Türk dövlətlərinin birliyinin vacibliyini «Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq» sözləri ilə ifadə edən Prezident İlham Əliyev quruma üzv ölkələri arasında iqtisadi, siyasi münasibətlərin möhkəmlənməsini qlobal problemlərlə zəngin əsrimizin mühüm amili adlandırır.

Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Orta Dəhlizin mühüm tərəfdaşlarından olan Azərbaycanda xüsusi diqqət yetirilən
 nəqliyyat-logistika infrastrukturun iştirak edən təşkilata üzv dövlətlər Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərinə də layiqli töhflərini verirlər. Füzulidə qardaş Özbəkistanın təşəbbüsü ilə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin, Qazaxıstanın xalqımıza hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin istifadəyə verilməsi həmrəylik nümunələrindəndir. Cəbrayılda yaradılan Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi, Zəngilanda birinci mərhələsi açılan «Dost Aqropark» ağıllı kənd təsərrüfatı kompleksi qardaş töhfələridir. TDT-nin Astana Zirvə toplantısında qəbul olunan «Türk dünyasının perspektivləri - 2040» Bəyannaməsində türk birliyinin yol xəritəsi, perspektivləri dəqiqliyi ilə göstərilir.

Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq kimi iştirak edən, Mərkəzi Asiya və Xəzər, Xəzər və Cənubi Qafqaz regionları arasındakı enerji resursları, nəqliyyat yolları, ticarət əlaqələrinin beynəlxalq əhəmiyyətini diqqətə çatdıran Prezident İlham Əliyevin vurğuladığı kimi, Xəzər, Mərkəzi Asiya vasitəsilə Avropaya nəqliyyat marşrutları təkcə məsafə nöqteyi-nəzərindən önəmli deyil. Həm də ikitərəfli əməkdaşlıq formatı infrastruktur layihələrinin həllini daha da intensivləşdirəcək.

Vahid tarixi-mədəni coğrafi regionda yerləşən, çoxəsrlik tarixi, mədəniyyəti, dini və ortaq dəyərləri ilə vahid güc kimi birləşən Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan –SPECA ölkələri bu birliyin siyasi, mənəvi dəyərini artıran güc mənbəyidir. Son illərdə beynəlxalq əhəmiyyətli enerji, nəqliyyat layihələrinin reallaşmasında, təşəbbüslərin dəstəklənməsində öz sözünü deyən, nüfuzu artan TDT-yə üzv ölkələrin eyni mövqedən çıxış etmələri Azərbaycanla bərpaolunan enerji sahəsində sıx əməkdaşlıqda maraqlı olmaları qurumun mövqeyini möhkəmləndirir. «Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu»nun imzalanması yaşıl enerji sahəsində əməkdaşlığın ilk addım kimi sonrakı əlaqələrə təməl yaratdı. Bakıda keçirilən COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərinin imzaladıqları «Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş»in reallaşması təkcə bərpaolunan və ümumi enerji sistemlərini birləşdirməyəcək. Həm də Orta Dəhliz anlayışının Mərkəzi Asiya ölkələrində istehsal olunan bərpaolunan enerjinin Azərbaycana potensial ixracını da əhatə edərək genişlənməsini təmin edəcək. Avropada təchizatın təhlükəsizliyini gücləndirəcək, eyni zamanda «təmiz enerji»yə keçidi sürətləndirəcək «Xəzər-Qara dəniz-Avropa», «Azərbaycan-Türkiyə-Avropa» və «Azərbaycan-Mərkəzi Asiya-Avropa» yaşıl enerji dəhlizləri ümumavrasiya miqyaslı vahid «yaşıl enerji» platformaları da türk birliyini gücləndirməklə dəhliz kimi qitələrarası əlaqələri birləşdirəcək. Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artıracaq.

BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA-nın Bakıda keçirilən 25-ci Zirvə görüşündə qeyd olunduğu kimi, Orta Dəhliz layihəsi çərçivəsində regional, qlobal enerji və nəqliyyat dəhlizlərindəki rolu artan Azərbaycan Mərkəzi Asiya ölkələrinin iqtisadi inkişafına dəstək verir.

Şuşada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündən sonra Astanada təşkil olunan tədbirdə ümumi maraqları əks etdirən təkliflər, birgə fəaliyyətin yeni istiqamətləri ilə bağlı müzakirələrin aparılması Prezident İlham Əliyevin bu sözlərini təsdiqləyir: «Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır.» Şuşa Sammitində qəbul olunan Qarabağ Bəynnaməsinin hədəfi bəşəri dəyərlərin qorunması, bütün xalqların birgəyaşayış qaydalarına əməl edilməsinə çağırışdır.

Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisindən Avropa və Asiya arasında fiber-optik telekommunikasiya marşrutu yaratmaq məqsədi daşıyan «Rəqəmsal İpək Yolu» layihəsi də mühüm təşəbbüs olmaqla inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında həmrəyliyin gücləndirilməsi, konsensusa nail olunması baxımından əhəmiyyətlidir. Çox təəssüf ki, elm və texnologiyaların inikşaf etdiyi XXI əsrdə də hegemonluq iddialarından əl çəkməyən bəzi dairələr TDT-nin güclənməsinə pozitiv yanaşmırlar. Şuşada təşkil olunan «Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə» mövzusunda II Qlobal Media Forumunda TDT-nin gələcəyi ilə bağlı sualı cavablandıran Prezident İlham Əliyev məntiqli açıqlaması ilə bəzi xalqlara qarşı təzyiq vasitəsi kimi istifadə olunan dini radikalizmi, irqçiliyi, islamofobiyanı, müstəmləkəçilik, neokolonializm meyillərini bəşəri dəyərlərə xəyanət adlandırdı. Türk Dövlətləri Təşkilatının adı kimi ideyasının da müsbət mənada təkmilləşən fəaliyyətinin siyasi, iqtisadi, ticari, hərbi sahələrdə əməkdaşlığa töhfə verəcəyini bildirən Prezident İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətinin TDT-da artıq müşahidəçi deyil, üzv statusuna malik olmasını təşkilatın güclənməsi kimi dəyərləndirdi. Bu kimi amillər göstərir ki, bəzi beynəlxalq təşkilatların tənəzzül mərhələsini yaşadığı müasir dövrümüzdə TDT-nin yüksələn xətlə inkişafı müttəfiqliyin etibarlı məqsədlər təməlində formalaşmasının məntiqi nəticəsidir.

Milli Məclisdə keçirilən TÜRKPA-nın «Türk dünyası üçün yaşıl üfüqlər: yaşıl gündəliyə nail olunmasında parlamentlərin rolu» mövzusunda 13-cü plenar iclasında qeyd olunduğu kimi, qurumun parlamentlərarası platformaya çevrilməsi, güclənməsi, yeni məzmunla zənginləşdirilməsi günümüzün reallığıdır.

Bu il dekabrın 7-də, Azərbaycan parlamentarizmi üçün əlamətdar olan gündə Milli Məclisdə «Parlamentarizm: ənənələr və perspektivlər» mövzusunda keçirilən Beynəlxalq Parlament Konfransında 13 ölkənin parlamentindən və beynəlxalq təşkilatlardan 100-ə yaxın nümayəndənin təmsil olunması tarixi hadisə idi. Türkiyə, Rusiya, Qazaxıstan, Özbəkistan, Tacikistan, İraq, Belarus, Gürcüstan, Malayziya, Qırğızıstan, Pakistan parlamentariləri və TÜRKPA-nın Baş katibi çıxış edərək Azərbaycan parlamentinin fəaliyyətini, müxtəlif platformalarda parlamentlərarası əlaqələrin inkişafına verdiyi töhfəni yüksək dəyərləndirdilər. Bildirildi ki, hesablanmış birgə addımların atılmasına, regionda və dünyada sülhün, təhlükəsizliyin qorunmasına təşkilat öz töhfəsini verir.

Dünya siyasətinin ən aktual mövzularından olan Zəngəzurun dəhlizinin bərpası ilə türk dünyasının pozulan coğrafi bağlantısının, tarixi ədalətin, TDT dövlətləri arasında iqtisadi əlaqələrin yüksək səviyyəyə çatacağına əminliyini «Mən demişdim ki, Zəngəzur dəhlizi təkcə dəmir yolu, avtomobil yolu, hava nəqliyyatı üçün deyil. Eyni zamanda, Zəngəzur dəhlizi enerji növlərinin ixrac edilməsi ilə bağlı öz rolunu oynayacaq» sözləri ilə bildirən Prezident İlham Əliyevin ideyasının gerçəkləşəcəyi gün türk dünyasının həmrəylik bayramı olacaq.  

Xuraman İsmayılqızı, «İki sahil»

phrase_var_article.chosen
29
ikisahil.az

1phrase_var_article.sources