"Ölkəmiz bu sırada çox geridədir"
"Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası" İctimai Birliyinin sədri Zaur Salmanlının sözlərinə görə, statistikada göstərilən məlumatlar bu sahədəki vəziyyəti tam əks etdirmir. Kürü istehsalında hazırkı vəziyyət statistikada əks olunan rəqəmlərdən bir neçə dəfə çoxdur. İdxal rəqəmləri də reallığı əks etdirmir.
Sədrin fikrincə, istehsalımız çox olsa da, hələ də dünya ölkələrindən xeyli geridəyik:
"Dünyada qara kürü istehsalı 2023-cü ildə 500-550 ton həcmində qiymətləndirilib. Bunun sadəcə 300-350 tonu Çində istehsal edilir. Azərbaycan bu sırada çox geridədir. Baxmayaraq ki, ölkəmizdə qara kürü istehsalı qədim ənənələrə malikdir. Amma istehsalımızı dünya standartları səviyyəsinə qaldıra bilməmişik. Bunun əsas səbəblərindən biri dövlət dəstəyinin olmamasıdır. İstehsalımız 1-2 ton həcmindədir və çox azdır. Yerli kürü əsasən ixracyönümlüdür".
"Çin kürüsü yerli istehsal adı ilə satılır"
Z.Salmanlı deyir ki, ölkəmizə idxal edilən kürünün keyfiyyətinə xüsusi nəzarət olmalıdır:
"Daxili bazarımızda Çin kürüsü satılır. Pərakəndə satış qiyməti 800-900 manatadır. Ehtimallarımıza görə, ölkəmizdə 10 ton kürü istehlakı var. Onun 80 faizindən çoxunu Çin kürüsü təşkil edir. Çin kürüsü müxtəlif adlar altında satılır. Hətta yerli istehsal adı ilə də satılma halları mümkündür. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Çindən gələn kürünün keyfiyyətinə daha diqqətlə yanaşmalıdır. Çin kürüsü nərə balıqlarının təmiz növlərindən deyil. Hibridlərdən istehsal olunur. Onların istehsalında konservantlardan istifadə edilir. İstehlakçılarımızı da qorumalıyıq".
Tək çarə dövlət dəstəyidir
Sədr qiymət məsələsinə də toxunub:
"Qiymətlər böyük görünə bilər. Lakin orta dünya qiymətlərinin altındadır. Azərbaycan bazarında bu məhsulun qiymətinin enməsinin yeganə yolu digər nərə cinsli balıq növlərinin ölkəmizə gətirilməsidir. Məsələn, çökə balığı gətirilib. Xəzər dənizinin Volqa hövzəsinə aid, kiçik nərə cinsli balıqdır. Kürüsü bir az daha kiçik olduğu üçün daha münasib qiymətə satılır".
Z.Salmanlının sözlərinə görə, yaxın illərdə istehsalın daha da artırılması gözləniləndir:
"İllik 15 ton istehsal reallaşa bilər. Artımın davamlı olmasının tək yolu bu sahəyə dövlət dəstəyinin göstərilməsidir. Bu, həm bizim mədəni irsimizdir, həmçinin böyük ixrac potensialına malik olan məhsuldur. İqtisadiyyatımız, həmçinin ölkəmizin tanıdılması cəhətdən özünəməxsus rolu var".
Qadağa müsbət təsir edib
İqtisadçı Akif Nəsirli isə düşünür ki, istehsaldakı artımda ovlanmanın qadağan edilməsinin rolu böyükdür:
"Azərbaycanda nərəkimilərin sayının artırılmasını müşahidə edirik. Çünki Xəzər dənizində nərəkimilərin ovlanılması qadağandır. Tək ölkəmizdə deyil, İrandan başqa digər Xəzəryanı ölkələrdə də nərəkimilərin ovlanması qadağan edilib. Qarşıdakı illərdə də bu balıqları süni şəkildə yetişdirən fermerlər təsərrüfatlarını genişləndirə bilsələr, ölkəmizdən qara kürü ixracı da genişlənər".
Fermerlər ixracda maraqlıdırlar
A.Nəsirlinin fikrincə, fermerlər xarici bazarda qoyduqları qiyməti daxili bazara tətbiq edə bilmədiklərindən bunda maraqlı deyillər. Belə olan halda qiymətlərdə enmələr də mümkün olmur:
"Azərbaycanda daxili bazarda qiyməti aşağı salacaq qədər istehsal mümkün deyil. Çünki dünya bazarında qiyməti olduqca yüksəkdir. Yerli kürünün daxili bazara çox az qismi çıxır. Əksəriyyəti isə dünya bazarlarına ixrac edilir. Bəzi hallarda qara kürünün bir kiloqramı 6-12 min dollar arası dəyişib. O səbəbdən artıq hissənin daxili bazara yönəldilməsi mümkün deyil. Belə olan halda daxili bazarda da qiymətin aşağı düşməsini gözləmək doğru olmaz. Fermerlər daha çox ixracda maraqlıdırlar. Dünya bazarında qiymət nə qədər azalsa da, 3-4 min dolların üzərində qalır. Bu səbəbdən daxili bazarımızda qiymətin aşağı düşməsi gözlənilmir".