AZ

Paşinyan Avropa Birliyinə "ictimaiyyətin dili ilə" birləşmək yolu tutdu...

Image

Azər Həsrət: "Ermənistan bir tərəfdən Qərbdən asılıdır, digər tərəfdən isə Rusiyadan qopa bilmir"

“Ermənistan Respublikasının Avropa İttifaqına qoşulması prosesinin başlanması haqqında” vətəndaş təşəbbüsü ilə təqdim olunan imzaların etibarlılığı təsdiqlənib.

Ermənistan Respublikasının “Referendum haqqında” konstitusiya qanununa əsasən, təşəbbüs qrupunun parlamentə qanun layihəsi təqdim etmək imkanı əldə etməsi üçün azı 50 min etibarlı imza tələb olunur.
 Maraqlıdır, Ermənistan hökumətinin onsuz da Avropa İttifaqına üzvlük üçün müraciət edəcəyi məlumdur, bu hökumətin ortaya qoyduğu iradədir. Elə isə nədən hökumət bu prosesə "vətəndaş təsəbbüsü" donu geyindirir? Bu parlament komissiyalarından birinin və ya hökumətin öz təşəbbüsü kimi Milli Assambleyanın müzakirəsinə çıxarılması reallığı daha dolğun ifadə edərdi. Paşinyan hakimiyyətinin məqsəd nədir ki,
 Ermənistanın Aİ-yə qəbulu ilə bağlı müraciətinin parlamentə təqdimatını vətəndaş təşəbbüsü şəklində təşkil edir?

Baki-xeber.com-un sualına cavabında siyasi şərhçi Azər Həsrət bildirdi ki, Ermənistandakı bu təşəbbüs Nikol Paşinyanın müstəqil qərar verə bilməməsindən qaynaqlanır: "Azərbaycandan fərqli olaraq Ermənistan hakimiyyəti bir qayda olaraq müstəqil qərər verməkdə çətinlik çəkir. Çünki Ermənistan asılı dövlətdir, təbii ki, onun rəhbəri də asılıdır. Ermənistan bir tərəfdən Qərbdən asılıdır, digər tərəfdən isə Rusiyadan qopa bilmir. Baxmayaraq ki, Nikol Paşinyan hakimiyyəti getdikcə Rusiya ilə bağları qoparır. Amma yenə də Rusiyadan asılılığı tam olaraq bitirə bilmir. Bu səbəbdən də belə bir üsul seçiblər ki, Avropa Birliyinə qoşulmaq üçun referendum keçirsinlər. Amma onlar bir şeyi unudurlar. Xatırlatmaq istərdim, bir neçə il əvvəl Şimali Makedoniya (indiki adı) NATO-ya üzv olmaq istəyirdi və Yunanıstan təkidlə Makedoniyanın adının dəyişdirilməsini istəyirdi. NATO üzvu olan Yunanıstan Makedoniyanın üzvlüyünə veto qoyurdu və tələb edirdi ki, o ölkə öz adını "Şimali Makedoniya" olaraq dəyişdirsin. NATO da bu tələbin qarşılığında Makedoniyanı üzvlüyə qəbul edə bilmirdi. Bundan sonra Makedoniya adını Şimali Makedoniyaya dəyişdirdi və bundan sonra NATO-ya üzv qəbul edildi. İndi sözümün canı odur ki, Azərbaycanın qonşusu Ermənistan da Avropa Birliyinə, lap elə perspektivdə NATO-ya üzv olmaq istəyirsə, həmin məsələ onun da qarşısına çıxacaq ki, qonşu dövlətlərə qarşı torpaq iddasından konstitusiya səviyyəsində əl çəkdiyini rəsmiləşdirməlidir. Azərbaycan dövləti bu məsələni yetərincə beynəlxalq platformalarda diqqət mərkəzinə gətirə bilib, sənədlərlə hər kəsə sübut etmişik ki, Ermənistanın konstitusiyasında Azərbaycana qarşı torpaq iddiası rəsmiləşdirilib, o ölkənin gerbində qardaş Türkiyəyə məxsus Ağrı dağının şəkli var. Yəni həm də Ermənistanın torpaq iddası qardaş Türkiyəyə qarşıdır. Qonşularına qarşı belə iddiaları olan dövləti Aİ öz sıralarına almaz. Ona görə də onlar prosesi bir qədər uzatmaq, ləngitmək istəyir ki, bəlkə alındı deyə, bu yolla gedirlər. Bir növü Ermənistan sağ qulağını sol əli ilə qaşımaq istəyir. Amma biz onlara qısa yolları illərdir ki, göstəririk. Azərbaycan prezidenti də, ölkənin ictimai rəyinə təsir gostərən şəxslər də deyir ki, bütün problemlərinizin bir həlli yolu var ki, o da Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti ilə anlaşmaqdır. Bunlar baş tutacağı təqdirdə Ermənistanın bütün dünyaya yolları açıla bilər. Onlar bunu qoyub, qeyd etdiyimiz kimi, sağ əllə sol qulaqlarını qaşımağa cəhd göstərirlər. Təbii ki, heç bir nəticə alınan deyil. Ən yaxşısı budur ki, Ermənistan referendum keçirsin və özünün konstitusiyasındakı həmin eybəcərliyi aradan qaldırsın. Ondan sonra, bəli, NATO-ya da, Avropa Birliyinə də girə bilər.
 Amma bir daha qeyd edirəm ki, Paşinyanın bu metodu seçməsi özünün özünə hakim olmamasından qaynaqlanır. Ermənistan Azərbaycandan fərqli olaraq, müstəqil deyil, qərarlarını özü vermir. 

Dəniz NƏSİRLİ





Seçilən
27
baki-xeber.com

1Mənbələr