AZ

Ruhumuza xitab edən SƏNƏT ƏSƏRİ

Paytaxta ilk qar yağanda sanki şəhər apağ sükutla örtülür. - Arabalar, adamlar anrıdan-bəri, bəridən-anrı hərəkət edir etməsinə… buna baxmaya, yenə qar - hələ-hələ ilk qar hər şeyin zərif hakimiymiş kimi görsənir…

Səhər yuxudan oyanıb, pəncərədən boylanarkən, ilk qar könlümüzdə qərib bir həyəcan doğurur. Hər küçə, hər bina, hər ağac və hətta hər adam… keçmişdən gələn anılara bürünür bir anlıq. İllər öncə, ölkəmizə ilk dəfə səfər etmiş bir tatar şairinin ilk təəssüratla dediyi “Bakını çox yormusunuz” sözlərini xatırlayıram.

Və indi düşünürəm ki, sanki qar, şəhərin qərinələr uzunu topladığı yorğunluğunu yuyur, ona tərtəmiz bir nəfəs verir…

Qar - hələ-hələ ilk qar bizim Bakı üçün yalnız təbiətin hökmü deyil, həm də hisslərin və xatirələrin rəmzidir. Uşaqlıq illərimdəki - amma Bakıda deyil, Bakıdan 475 km batıda, dəniz səviyyəsindən təqribən 2000 m. yüksəklərdəki… sevinc dolu günlər, əlimizdə əriməyə başlayan qar dənəciklərinin xoş soyuğu, qar topunun isti dostluq gülüşünə qarışması düşür yadıma… – Zalımcasına yada düşənlər qarın gətirdiyi duyğulardan, o duyğulardan törəyən düşüncələrdən yalnız bir bölümüdür. Əlimiz üşüyərdi, bəli, ancaq könlümüz isinərdi... Tay-tuşun üz-gözündən axan o üşümüş gülüşlər unudulmazdır…

Qar. İlk qar.

Bakı. Dəniz qıyısındakı paytaxt.

Bulvarda bir başqa görünür qar, hələ-hələ ilk qarı deyirəm. Dənizin üzərində ipincə buxar yüksələrkən, dalğaların həzin səsi qarın səssizliyinə qarışır. Bilmirsən qar dənəcikləri səs-səmirsiz batırmı dənizdə, yoxsa, sevincdənmi bayılır?..

Qıyı boyu gəzənlər bəzən bu gözəllik qarşısında danışmağı belə unudur sanki… Sanki an olur, bir-birlərini də unudurlar... Hər addım elə bil təbiətlə ruhi-mənəvi bir dialoqdur… – ayaq altındakı qarın xışıltısı adama öz sirrini açır elə bil...

Özəlliklə, iç şəhərin – İçərişəhərin daş küçələri qışın bu ilk təmasından sonra illa mistik görünür. Yüz illərin yadigarı olan bu daş döşəməli küçələr sanki keçmişin özünü - donmuş zamanı göstərə-göstərə “irəliləyir”... Qarlı daşlar üzərində atılan hər addım yalnız qarın səsinə deyil, eyni vaxtda, Bakının qədim tarixinin pıçıltısına da qarışır.

Amma qar, hələ-hələ ilk qar yalnız nostalji deyil, həm də indinin gözəlliyidir axı. İndiki Bakı qar altında bir başqa görünür: küləyi ilə ad çıxaran bu paytaxt şəhəri bir anlıq durulur, təbiət şəhərə öz saf nizamını gətirir. Qarlı havada küçələrdə yüyrək gedən adamların təbəssümü sanki daha aydın və cazibadar görünür. Qar hamını eyni göyün altında, eyni yerin üstündə və eyni gözəlliklə birləşdirir.

Bakıya ilk qarın yağması ilk və son hadisə deyil; paytaxt qarı ilaşırı təkrarlansa da, sanki bu, hər dəfə təzə hisslər oyatmış olur. Sanki bu bir möcüzədir və ya elə bir ecaz və ricətdir ki, elə lap ilk dəfə görürük...

Qar, hələ-hələ ilk qar insan ruhuna xitab edən bir sənət əsəri kimidir – sadə, lakin dərin və… əlbəttə, qanadlı. Hər qar dənəsi, öz forma və “məzmun”u ilə, sanki insan ruhunun müxtəlif çalarlarını göstərir.

Belə anlarda, təbiətin hətta sadə bir jestinin, insanın ruhunu necə titrədə bildiyini anlayırsan... Qar, hələ-hələ ilk qar yalnız torpağa, ağaca, körpüyə, dənizə… yox, həm də ürəklərə düşür elə bil. Və hər dəfə qar yağanda, sanki Bakı yenidən doğulur – daha sakit, daha təmiz və daha dolğun...

Son illərədək Bakıya qar - hələ-hələ ilk qar yağanda, Şuşa, Laçın, Kəlbəcəri… düşünürdük... Şuşa, Laçın, Kəlbəcər və b. şəhərlərimizin qalın qar düşmüş küçələrinin indi bir başqa ecazı var…

Görəsən, Göyçə, Zəngəzur və İrəvanın havası, nəfəsi necədir?.. Havalıykən havaları çatırmı?..

Paytaxtda “Caddələrdə rüzgar” var və də, “Lampada titrəyən alov üşüyür”…

Elə bilirsiz, hamı üşüyə bilir?..

Üşüməyə həsrətlilər var bu Yer üzündə… Gülə, ağlaya bilməyənlər, sevinə, kədərlənə bilməyənlər kimi üşüyə bilməyənlər var…

Bu günün ilk qarından

Bakını ilk gördüyümüz günə və

gələcək İLKlərə salam olsun!

QAR - QIŞIN GÜLÜŞÜDÜR…
 

Əkbər Qoşalı

14.12.2024, Bakı

Seçilən
34
modern.az

1Mənbələr