AZ

Minnətdarlıq imkanı

Mən yetişdim atəşlə su
Öpüşdüyü bir ölkədə
İzləyirkən sevgi yolu
Acı duydum hər kölgədən.

Dahi Hüseyn Cavid Azərin bu nidaları ilə əslində öz tərcümeyi-halını, yoxsul ikən zənginləri diz çökdürən diləklərini, müdrik arif olduğu halda təvazö ilə bilmədiklərinin ənginliklərə qədər gedib çıxdığını, mülayim olsa da dalğaları atəş püskürən dənizini, aciz olsa da sülh uğrunda qovğalardan usanmadığını, qaval çalıb vicdanları inlədən çoban olduğunu elə məharətlə ifadə edib ki, bu poetik parça bütöv bir dövrü, ulusu tərif edən fəlsəfəyə çevrilib. Təkcə Azərin cavabı şairin düşüncə tərzi, ifadə üsulu ilə müəllifin ölçüyəgəlməz imkanından xəbər verir. Bu söhbətin mövzusu isə Cavid yaradıcılığını təhlil etmək deyil, nəşi 1982-ci ilin dekabrında Vətənə gətirilmiş acı taleli şairin xatirəsi ilə bağlı bir tarixi görüşdür.

Sovet dövlətinin varlığının sona yaxınlaşdığı 1991-ci il idi. Amma təbii ki, heç kim, hətta özlərini öncəgörən hesab edən güclü ekstrasenslər belə bu sonluğu ağla gətirmirdilər. Belə bir vaxtda Moskvadakı tanışlarımdan biri yaranmış vəziyyətdən düzgün istifadə edərək, biznes fəaliyyətinə başlamış, rəqabətin hələ az olduğuna görə uğurlar qazanmış həmyerlimiz məndən xahiş etdi. “Toyum olacaq, amma elə dəbdəbəli və musiqili yox. Çox mötəbər qonaqlarım var. Ona görə mərkəzdə 30-40 nəfərlik bir restoran tapa bilərikmi?” Bu sual hər addımda restoran, kafe, şadlıq sarayının olduğu indiki vaxtda çox qəribə səslənə bilər, lakin otuz il əvvəl hətta Moskva kimi böyük şəhərdə restoran qıtlığı vardı. O vaxt Qorki küçəsi deyilən (hazırda Tverskaya adlanır) mərkəzi küçədə “Minsk” hoteli vardı. İndi küçənin də adı dəyişib, hotel də uçurulub, yerində başqası tikilib. İkinci mərtəbədə istədiyimiz kimi yer tapa bildik.

Yığıncağa, həqiqətən, mötəbər qonaqlar gəldi və onların ən tanınmışı, məşhuru Heydər Əliyev idi. Sonralar Azərbaycanda dövlət katibi olmuş görkəmli ictimai xadim Lalə Şövkət Hacıyeva bacısı ilə gəlmişdi. Musiqisiz məclisi riyaziyyat elmləri doktoru, professor Səid Ələsgərov idarə edirdi. Səid müəllim Azərbaycan elmində və elmi-tədqiqat institutlarının yaradılmasında xüsusi xidmətləri olan alim idi və Heydər Əliyevlə səmimi münasibətləri vardı. Tanışlıq, yeni ailə həyatına qədəm qoyan gənclərə xoşbəxtlik arzularından sonra məclis bildiyimiz klassik toy axarında deyil, səmimi ünsiyyət, söhbət şəklində davam edirdi. Səid müəllimin növbəti sağlıq üçün kimə söz vermək axtarışında baxışlarımız toqquşdu və işarə ilə söz demək istədiyimi bildirdim. Səid müəllim də öz növbəsində Heydər Əliyevi göstərərək onun barəsində də danışmağa məndə cəsarət yaratdı. Yeni ailə quran gəncləri təbrik etdikdən sonra Heydər Əliyevə müraciət etdim.

– Hörmətli Heydər müəllim, – dedim, – 34 yaşım var və bu, mənim Sizinlə ilk canlı görüşümdür. Bundan sonrakı otuz dörd ildə də görüşmə ehtimalını dəyərləndirə bilmədiyimə görə izin verin bu fürsətdən istifadə edim. Əvvəlcə onu deyim ki, bu günlərdə “Komsomolskaya pravda”da bir yazı oxudum. Sərlövhəsi belə idi: “Heydər Əliyev (siyasətə) qayıdır”. Yazının ahəngində sevincdən daha çox təşviş, narahatlıq, hətta, təbir caizsə, başqasının arxasınca danışılan bir qeybət havası hiss olunurdu. Buna fikir bildirmək istəyirəm ki, arxanızca danışılırsa, demək Siz irəlidəsiniz. İkincisi, Sizin siyasi fəaliyyətinizə qiymət verməli, mənə düşməz. SSRİ tarixində xidmətləriniz göz qabağındadır. Bu gün Sizin Olimpdə olmamağınızın səbəbləri də qısqanclığın və məkrli oyunların nəticəsidir. Mən başqa məqamdan danışmaq istəyirəm. Sizin Siyasi Büro üzvü kimi Moskvada işə başladığınız dövrdən təxminən 9 il keçir. Əlbəttə, keşməkeşli Stalin dövründəki qorxu, təlaş indi yoxdur. Amma dövlət maşını yenə, lazım gələrsə, sərt üzünü göstərir. Sadəcə bir faktı deyim, bir diktor dövlət başçısını təqlid etdiyinə görə həbsə atılmışdı bu illərdə. Stalin vaxtında haqsız cəzalara məhkum olunanlara hələ də çox könülsüz bəraət verilir. Belə bir vaxtda Siz Azərbaycan üçün tarixi missiyaya imza atdınız. Onu deyim ki, Hüseyn Cavid ingilislərdə olsaydı, yaxud ingilis olsaydı, tərifli Vilyam Şekspir ikinci olardı. Qondarma istintaqında “Millətçi olduğunuzu etiraf edirsinizmi” sualına “Millətini sevmək millətçilikdirsə, bəli” cavabını vermişdi Cavid. Bu cavaba görə Sibir çöllərində həyatla vidalaşmışdı. Sizin heç bir siyasi fəaliyyətiniz olmasa belə təkcə Vətənin böyük övladı, dramaturqu və şairi Hüseyn Cavidin nəşini ana torpağa gətirdiyiniz üçün Azərbaycan gəncliyi, Azərbaycan xalqı Sizə ömürlük minnətdardır. Bu minnətdarlığı dilə gətirmək imkanına görə taleyimdən razıyam. Sağ olun. Sizin şərəfinizə!

Heydər Əliyevlə Səid Ələsgərov üz-üzə əyləşmişdilər. Mən sözümü bitirəndə hər ikisi ayağa qalxdı. Səid müəllim mənim çıxışımdan razı qalmışdı və nə isə əlavə etmək istəyirdi. Bir müddət hər ikisi ayaq üstə durdu. Sonra Səid müəllim əyləşib Heydər Əliyevi dinlədi.

– Təşəkkür edirəm, – dedi Heydər Əliyev. – Mən bütün fəaliyyətimdə Azərbaycanın mənafelərini hər şeydən üstün tutmuşam. Həmişə də Azərbaycanın böyük uğurlar qazanacağına əmin olmuşam. Amma uğurlar öz-özünə qazanılmır. Daim yorulmadan çalışmaq tələb edir...

O görüşün xatirəsi bu gün də yaddaşımdadır. Görünür, həm də ona görə ki, həmin görüş mənim o böyük insanla ilk və son canlı görüşüm idi.

Cəfər SADIQ

Moskva

Seçilən
28
xalqqazeti.az

1Mənbələr