AZ

''Beşiktaş'' fanatları üçün Avropada növbəti qadağa

''Beşiktaş''ın bu mövsümkü Avropa Liqası macərası fanatlar üçün belə desək əziyyətli keçir.

Komanda onsuz da nəticələri ilə fanatlarını çox da sevindirə bilmir. Bu azmış kimi tez-tez azarkeşlərin stadiona buraxılmasında da problem yaranır. Daha öncə 1-ci turda ''Ayaks'' ''Beşiktaş''lı fanatların ''Amsterdam Arena''ya buraxılmaması üçün UEFA-ya müraciət etmiş, amma istəyinə çata bilməmişdi. 3-cü turda isə ''Lion'' arzusuna çatmış və ''Qartal'' fanatları Fransada oyunu stadiondan izləyə bilməmişdi. Bu azmış kimi 5-ci turda ''Beşiktaş'' siyasi səbəblər üzündən Tel-Əviv ''Makkabi''sini İstanbulda yox, Macarıstanın Debretsen şəhərində, özü də boş tribunalar önündə qəbul etməli olmuşdu.

Bütün bu hadisələrdən sonra indi də yeni bir problem ortaya çıxıb. Yanvarın 31-nə təsadüf edəcək son turda''Beşiktaş'' Enshededə ''Tvente''nin qonağı olacaq. Bu oyunla bağlı Niderlandda qalmaqallı bir qərar qəbul olunub. Yerli polislər tərəfindən oyun yüksək riskli qarşılaşma siyahısına daxil edilib. Polislərlə toplantı keçirdikdən sonra Enshedenin bələdiyyə sədri Rulof Bleker təhlükəsizliyi bəhanə edərək stadiona ''Beşiktaş'' fanatlarının buraxılmaması ilə bağlı qərar qəbul edib! Halbuki dekabrın 17-də iki klubun rəsmiləri, UEFA nümayəndəsi və Blekerin iştirakı ilə toplantı baş tutmalı idi. ''Beşiktaş'' rəsmiləri həmin toplantıya qədər bələdiyyə sədrindən heç bir radikal qərar qəbul etməməyi xaiş etmişdi.

Maraqlıdı ki, bu mövsüm artıq bir İstanbul nəhəngi Enshedeyə səfər edib. Söhbət ''Fənərbaxça''dan gedir. Həmin vaxt məsələ bu qədər şişirdilməmişdi və türkiyəli fanatların stadiona girişinə heç bir problem yaradılmamışdı. ''Beşiktaş'' geniş bir bəyanat yayaraq Rudolf Blekeri yıxıb-sürüyüb. Klub qeyd edib ki, hüquqi cəhətdən heç bir əsası olmayan bu qərarın aradan götürülməsi üçün həm xarici işlər nazirliyinə, həm də UEFA-ya müraciət ediləcək.

ƏLİ

Seçilən
23
football-plus.az

1Mənbələr