Əsas vəzifələrdən biri də ərzaq təhlükəsizliyinin təmin edilməsi, idxalın əvəzləşdirilməsi və ixrac coğrafiyasının şaxələndirilməsidir.
APA-nın xəbərinə görə, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı bildirib.
“2025-ci ilin dövlət büdcəsində ərzaq təhlükəsizliyi tədbirləri üçün böyük həcmdə vəsait nəzərdə tutulur. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası diqqət mərkəzində saxlanılacaq və 150 milyon manat vəsait ayrılacaq. Eyni zamanda Hökumət tərəfindən regionların sosial-iqtisadi inkişafına dair növbəti 5 illik dövlət proqramının hazırlanması planlaşdırılır. Sənəddə sahibkarlığın inkişafının dəstəklənməsi, kənd yerlərində infrastrukturun inkişafı və məşğulluğun artırılması, turizm potensialının reallaşdırılması tədbirləri nəzərdə tutulur”, - Baş nazir qeyd edib.