Artıq buraxılış imtahanlarına az vaxt qalıb və cəmiyyətdə belə bir fikir yayılıb ki, imtahanlar bir il asan, digər il isə çətin olur. 2024-cü ildə müəllimlər və abituriyentlər tərəfindən buraxılış və qəbul imtahanlarının asan olduğu bildirilmişdi.
Bu halda sual yaranır: bu il buraxılış imtahanlarının çətin olma ehtimalı varmı?
AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Rizvan Fikrətoğlu qeyd edib ki, Dövlət İmtahan Mərkəzi (DİM) adətən abituriyentlərin hazırlıq səviyyəsini nəzərə alaraq sualları tərtib edir:
“Buraxılış imtahanlarının bir il asan, bir il çətin olması ilə bağlı iddialar reallığı əks etdirmir. İmtahan sualları hazırlanarkən müəyyən standartlara əməl olunur. Bununla belə, 2024-cü il buraxılış imtahanlarının sualları əvvəlki illərlə müqayisədə nisbətən asan idi. Lakin nəzərə almaq lazımdır ki, hər ilin öz müsabiqə şərtləri var və qəbul prosesi məhz bu şərtlərə əsasən həyata keçirilir.
Növbəti ilin buraxılış imtahanlarının necə olacağı barədə isə indidən konkret fikir söyləmək doğru olmaz. Dövlət İmtahan Mərkəzi adətən abituriyentlərin hazırlıq səviyyəsini nəzərə alaraq sualları tərtib edir”.
Ekspert bildirib ki, ümumiyyətlə, buraxılış imtahanlarının asan olmasının tərəfdarıyam. Bunun bir neçə əsas səbəbi var:
“Buraxılış imtahanının nəticələri əsasında şagirdlərə 3 fəndən attestata qiymət yazılır. Həmin nəticələrə uyğun olaraq da kollecə qəbul prosesi həyata keçirilir.
Buna görə də düşünürəm ki, kollec və universitet səviyyəsi eyni olmamalıdır. İmtahanların çətinliyi blok imtahanlarında özünü göstərməlidir. Çünki blok imtahanı ali təhsil müəssisələrinə qəbul üçün nəzərdə tutulub və suallar da buna uyğun tərtib edilməlidir”.