2018-2019-cu illərdə Suriya Mərkəzi Bankı təyyarə ilə Moskvaya təxminən 250 milyon dollar nağd pul daşıyıb.
Modern.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məxfi sənədlərə istinadən məlumat yayıb.
Nəşr bildirib ki, kəskin valyuta qıtlığının yaşandığı həmin illərdə ölkəyə hərbi dəstəyə görə "Kremlə borclu olan” prezident Bəşər Əsəd rəhbərlik edirdi.
Məlumata görə, Suriya hakimiyyəti Rusiyaya təxminən iki ton ağırlığında 100 dollar və 500 avro nominalında əskinaslar göndərib. Bu pulların Rusiya banklarında yerləşdirilməsi nəzərdə tutulduğu qeyd olunur.
Qəzet “Import Genius” ixrac məlumatları xidmətinə istinadən qeyd edir ki, 2019-cu il mayın 13-də Suriya Mərkəzi Bankı adından göndərilən 10 milyon dollar dəyərində 100 dollarlıq əskinasları daşıyan təyyarə Vnukovoya enib. 2019-cu ilin fevral ayında təxminən 20 milyon avro daha 500 avroluq əskinaslarda təhvil verilib. Ümumilikdə, 2018-ci ilin martından 2019-cu ilin sentyabrınadək nağd pulun daşınması üçün 21 reys həyata keçirilib.
Bildirilir ki, 2018-ci ilə qədər Suriya Mərkəzi Bankı ilə Rusiya bankları arasında belə pul köçürmələri olmayıb. Moskvaya çatdırılan vəsaitlərin Rusiya Maliyyə Korporasiyası (RFC) bankına (Rosoboroneksporta məxsus) köçürüldüyü iddia edilir.
Qəzet yazır ki, 2018-ci ilin martında Suriya Mərkəzi Bankı Rusiyanın "TsMRBank" bankına da 2 milyon dollar köçürüb. Hər iki kredit təşkilatı sonradan ABŞ sanksiyalarına məruz qalıb.
FT həmçinin qeyd edir ki, Əsədin ailəsi Moskvada dəbdəbəli daşınmaz əmlak da daxil olmaqla, gizli şəkildə Rusiyadakı aktivləri satın alıb.