AZ

Ali məktəbdə təhsilalan və təhsilverən münasibətlərinin qurulmasında Avropa təcrübəsi

Müəllimlik yalnız tədris prosesi ilə məhdudlaşmır; bu, həm də öyrənənlərə (şagirdlərə, tələbələrə) həyatın, dünyanın, təbiətin və insanın gizli məqamlarını anlamağa yardım etməkdir. Hər bir müəllim ixtisası üzrə bilikləri paylaşaraq, əslində bu ideyanı reallığa çevirir. Lakin həqiqi müəllim yalnız öz fənnini tədris etməklə kifayətlənmir. O, mövzunu izah edərkən öyrənənlərin dünyagörüşünün genişlənməsi üçün müxtəlif müqayisələr aparır, müstəqil nəticələr əldə edir və auditoriyanın yaradıcılıq potensialını üzə çıxarmaq üçün çalışır. Müasir dövrdə ali təhsil müəssisələrində tələbələrin hərtərəfli inkişafı üçün geniş imkanlar mövcuddur. İnformasiya-kommunikasiya texnologiyaları sahəsində hər gün yeni nailiyyətlər əldə edilir. İnternetin təqdim etdiyi resurslar isə daim genişlənir. Bu şəraitdə tələbələrin dünyagörüşünü zənginləşdirmək üçün fənlərarası inteqrasiya metodlarından istifadə etmək həm çox önəmlidir, həm də qaçılmaz bir tələbə çevrilib.

Əsl müəllim təşkilatçı olmalı, qurucu fəaliyyət göstərməlidir

Müəllim şəxsiyyəti və bu peşəyə qoyulan tələblərdən bəhs edərkən, ideal pedaqoqun daşımalı olduğu keyfiyyətlərə aydınlıq gətirilməlidir. Müxtəlif pedaqoqlar, psixoloqlar, alimlər və mütəfəkkirlər bu mövzuda ümumi oxşarlıqları olan keyfiyyətləri vurğulamışlar. Müəllimlik həm mürəkkəb, həm də çətin olduğu qədər, böyük məsuliyyət və şərəf tələb edən bir peşədir. Buna görə də müəllimin öz işinə məsuliyyətlə yanaşması, ciddi, tələbkar, eyni zamanda humanist, demokratik, obyektiv, prinsipial, işgüzar, ədalətli və mərhəmətli olması zəruri xüsusiyyətlər kimi önə çıxır. Bununla belə, alimlərin təsnifatlarında fərqli səciyyəvi məqamlar da müşahidə olunur. Bu xüsusiyyətlər nəzərə alındıqda, müəllim-tələbə münasibətləri sağlam təməllər üzərində qurulur və qarşılıqlı anlaşma təmin edilir.

Müəllimin pedaqoji ustalığı imkan verməlidir ki, qrupdakı hər bir tələbə özünü onun qarşısında şəxsiyyət kimi hiss etsin: məhz bərabərhüquqlu və fərqli imkanlara məxsus şəxsiyyət kimi. Tələbənin şəxsiyyətinə önəm verildikcə, o, daha çox ona bəslənən etimadı doğrultmağa çalışır.

Ali məktəbdə müəllimin təşkilatçılıq bacarığı da xüsusi diqqət mərkəzində olmalıdır. Əsl müəllim təşkilatçı olmalı, qurucu fəaliyyət göstərməlidir. Təşkilatçılıq anlayışının mahiyyəti müəllimin həm praktik, həm də nəzəri biliklərini ümumiləşdirərək yerli-yerində istifadə etmə bacarığını özündə əks etdirir. Təşkilatçı (müəllim - K.S.) auditoriyada hərtərəfli “diqqət mərkəzində” olur. Bu baxımdan mütəxəssis yetişdirən universitet tələbədə cansıxıcı təəssürat yaratmamalıdır. 

Ənənəvi təlim: müəllim mühazirə danışsın, tələbə dinləsin

Ənənəvi təlimin əsas özəlliklərindən biri idi ki, müəllim mühazirə danışsın, tələbə dinləsin. Tələbə heç bir elmi diskussiyada iştirak etməsin, sadəcə “öyrənən” tərəfdə olsun. Onun tətbiqetmə bacarıqları yoxlanılmasın.Təəssüf ki, auditoriyalarımızda hələ də bu təfəkkürlə tədris aparan bir çox müəllim var. Lakin hər müəllim özü üçün ənənəvi təlimin kökündə dayanan müasir təlim metodikası formalaşdırmalıdır. Auditoriyanın uğurlu idarəolunmasında əsas amillərdən biri idarəetmə fəlsəfəsindən düzgün istifadə bacarığıdır. İdarəetmə fəlsəfəsi yalnız proqram materiallarının tədrisini və jurnalda qeydiyyatın aparılmasını deyil, həm də tələbələrin müxtəlif ehtiyaclarını öyrənməyə və bu ehtiyacları prioritetə çevirməyə yönəlmiş bir yanaşmadır.

Bu ehtiyaclar tələbələrin öyrənmək, məlumat əldə etmək, dünyagörüşünü artırmaq, həyati bacarıqlar qazanmaq və gələcəkdə mütəxəssis kimi öz ixtisasına uyğun bilik və bacarıqlara yiyələnmək kimi tələblərini əhatə edir. Belə bir yanaşma tələbələrin inkişafını daha məqsədyönlü şəkildə dəstəkləyir.

Ali təhsil mərhələsində tələbələrdə daha sabit mənəvi dəyərlər, baxışlar və qiymətləndirici yanaşmalar formalaşır. Bu mərhələdə tələbənin davranışlarının mənəvi tərəfi yalnız təsadüfi və impulsiv deyil, əksinə, şəxsiyyətin davranış modelini həyata keçirmək üçün əvvəlcədən hazırlanmış və planlı şəkildə yönəldilmiş bir yanaşmaya əsaslanır. Bu proses, tələbənin ehtiyaclarının qarşılanmasına şərait yaratmaqla və müəyyən məqsədə nail olmaq üçün davranışın fərqli formalarını hərəkətə gətirməklə həyata keçirilir. Bununla yanaşı, mənəvi davranışı yalnız tələbənin maraqları və tələbatları ilə məhdudlaşdırmaq doğru deyil. Bu istiqamətdə əsas məsuliyyət borc və vətəndaşlıq öhdəliklərinə əsaslanır.

Hər bir tələbə, fərdi olaraq, onun şəxsiyyətinin bütövlüyünü və xarakterinin tamlığını təmin edən müəyyən keyfiyyətlərə malikdir. Bu xüsusiyyətlər eyni zamanda ictimai münasibətlərin formalaşmasına təsir edir.

Tələbələr yeni mənəvi davranış prinsipləri yaratmır, əksinə, daha əvvəlki nəsillərin topladığı təcrübəni mənimsəyirlər. Bu mənimsəmə prosesi passiv deyil, aktiv və yaradıcı bir fəaliyyətdir. Mənəvi təcrübə zamanla yenilənir, təkmilləşir və daim inkişaf edir. O, yalnız əvvəlcədən formalaşmış münasibətlərin nəticəsi kimi deyil, inkişaf edən və təkmilləşən bir proses kimi qəbul edilir.

Mənəvi təcrübənin formalaşmasında əsas məqam

Mənəvi təcrübənin formalaşmasında iki əsas məqam önə çıxır. Birinci məqam, təcrübənin empirik fəaliyyət kimi dərk edilməsidir. Yəni, tələbənin müəyyən bir fəaliyyət növündə iştirakı nəzərdə tutulur. İkinci məqam isə mənəvi davranış və ünsiyyət təcrübəsinin şüurlu və dərk olunmuş hərəkət və əməllərdən ibarət olmasıdır. Davranış, bu yanaşmada, tələbənin əqli, emosional və iradi qabiliyyətlərini əks etdirən hərəkət kimi qəbul edilir. Bizim fikrimizcə, ikinci yanaşma daha əsaslı və doğru mövqedir.

Əsasən pedaqoji yönümlü ixtisaslarda hazırda qızların daha çox təhsil aldığının şahidi oluruq. Bu halların dəyişdirilməsi, oğlanların da müəllimlik peşəsinə istiqamətləndirilməsi əsas prioritet məsələlərdən hesab edilməlidir. Bu məsələ özlüyündə bir  tədqiqat işinin mövzusudur, lakin biz burada qız tələbələrin pedaqoji yönümlü ixtisaslara yönəlməsində milli mentallıq və emosional düşüncənin rolunu vurğulamağı lazım bilirik. 

Bu mövzuda keçirilmiş bir sorğudan, aparılmış müşahidə və eksperimentlərdən də çıxan nəticələr bizə onu deməyə əsas verir ki, gənclər arasında “müəllim” peşəsinə yiyələnmək arzusu oğlanlara nisbətən qızlarda daha çoxdur. Qeyd etdiyimiz kimi, burada milli mentalitet məsələsini diqqətdə saxlamaq vacibdir. 

Ömürboyu təhsil və təlim 

Ali təhsil yalnız gənclərə deyil, hər yaşdan insana istiqamətlənməlidir. Fərdlərin, təşkilatların və ümumilikdə cəmiyyətin davamlı inkişafı, ömürboyu davam edən təhsil və təlim yanaşmasına əsaslanır. Yaşayış səviyyəsi yüksək olan ölkələrdə orta ömür müddətinin artması ilə yaşlı insanların cəmiyyətdəki payı artır, təqaüd yaşı isə yuxarı qalxır. Bu vəziyyət, yeni biliklər qazanmaq, peşə dəyişmək və ya yeni bacarıqlar əldə etmək istəyən insanların sayının artmasına səbəb olur ki, bu da əsasən yaşlı nəslin nümayəndələrinə aiddir.

Belə tendensiyalar ömürboyu təhsil konsepsiyasının əhəmiyyətini daha da vurğulayır və ali təhsilin hər yaş kateqoriyasına aid fərdlər üçün əlçatan olmasını zəruri edir. Bu yanaşma, cəmiyyətin hərtərəfli inkişafını dəstəkləmək üçün mühüm bir addımdır.

Bəzən ali məktəb müəllimin təlim prosesindəki təsiretmə bacarığı tələbənin bu düşüncələrini dəyişə bilmə gücünə sahib olmalıdır. Tələbələr təlim prosesində iştirak etməyi məcburi öhdəlik kimi deyil, müəllimlərlə səmərəli görüş imkanı, maraqlı və faydalı mühazirələr, eləcə də yeni bilik və bacarıqlar əldə etmək fürsəti kimi qəbul etməlidirlər. Bu, onların dərslərdə daha böyük məmnuniyyətlə iştirak etməsinə səbəb olacaqdır.

Auditoriyada əlverişli və motivasiyaedici mühit

Bunun üçün auditoriyada əlverişli və motivasiyaedici mühit yaradılmalıdır. Əgər belə mühit təmin edilməsə, tələbələr üçün mühazirələr və seminarlar cəlbedici olmayacaq və bu, onların təlimə marağını azalda bilər. Tələbə dərsə “davamiyyət” qorxusu ilə deyil, öyrənmək üçün gələcək. 

Professor-müəllim heyəti tələbələrdə öyrənməyə maraq yaratmalı və onların diqqətini dərs prosesinə yönəltməlidir. Diqqət öyrənməyi asanlaşdıran əsas daxili faktor hesab olunur. Mühazirə və seminarlar zamanı tələbələrin diqqətini düzgün şəkildə yönləndirmək, onların yeni biliklərə yiyələnməsini təmin edə bilər.

Bu baxımdan Avropa təhsil təcrübəsini göz önündə qoymaq, burada faydalanmalı bir çox nüansın olduğunu unutmamaq lazımdır. 

Avropanın təhsil müəssisələri, akademik mükəmməlliyi və innovasiya sahəsindəki uğurları ilə fərqlənir. Burada yerləşən universitetlər və təhsil proqramları, beynəlxalq standartlara uyğun olmaqla tələbələrə yüksək səviyyədə bilik əldə etmə fürsəti təqdim edir.

Avropa təhsil sisteminin əsas üstünlüyü yalnız bilik və bacarıqların inkişaf etdirilməsinə deyil, eyni zamanda tələbələrin fərdi inkişafını dəstəkləməyə yönəlmiş müasir yanaşmasıdır. İnnovativ tədris üsulları, tədqiqat resursları və müxtəlif beynəlxalq proqramlar tələbələrə həm nəzəri, həm də praktiki sahələrdə dərin biliklər qazandırır.

Avropa həm yerli, həm də beynəlxalq arenada uğurlu karyera qurmaq üçün tələbələrə geniş resurslar və fürsətlər təmin edir. Bu səbəbdən, Avropa təhsili dünya miqyasında ən nüfuzlu və arzuolunan təhsil istiqamətlərindən biri kimi qəbul edilir. Pedaqoji yönümlü təhsildə qeyd etdiyim bu faktorlar üstündür. Buna görə də, bu təhsilin uğurları özünü orta məktəblərdə də göstərir. Ali məktəb mütəxəssis-şəxsiyyət yetişdirdiyi kimi, məktəb də gələcəyin müstəqil düşüncəli şəxsiyyətini yetişdirir...

Ali təhsil sahəsində Avropadan öyrənməli olduğumuz bir çox məsələ hələ də var. Lakin buna baxmayaraq, Azərbaycan təhsilinin Avropanın ali təhsl müəssisələrinin təhsil təcrübəsindən istifadə etməsi, ali məktəblərimizin bir çox Avropa ali təhsil müəssisəsi ilə əməkdaşlıqları bu inkişafı şərtləndirən əsas amillər hesab edilməlidir.

Hazırda, xüsusilə pedaqoji təhsil verən ali təhsil müəssisələri universitet mühitində tələbə-müəllim münasibətlərinin sağlam ictimai şərtlərdə qurulmasına diqqət yetirməlidir. Çünki bu gün tələbə olan şəxs sabah şagird qarşısına müəllimdən gördüyü bilik və bacarıqların əksi olaraq çıxacaqdır. Əgər ali məktəb müəllimi tələbənin maraq və tələblərini nəzərə alarsa, həmin  tələbə də müəllim olduqda öz şagirdinə şəxsiyyət kimi münasibət göstərəcəkdir.Bu iş Azərbaycan Elm Fondunun maliyyə dəstəyi ilə yerinə yetirilmişdir - Qrant № AEF-MCG- 2022-1 (42)-12/12/5-M-12

 Könül  Səmədova, ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müdiri, filologiya elmləri doktoru, dosent

Seçilən
24
tehsil.biz

1Mənbələr