AZ

Qrup yoldaşının sevgilisini bıçaqlayan tələbəyə şərti cəza verildi

Qazaxda adam bıçaqlamaqda təqsirləndirilən Abbasqulu A-nin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az-ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mikayıl Məmmədzadənin sədrliyim ilə keçirilən prosesdə 18 yaşlı gəncə hökm oxunub.

Hökmə əsasən, o, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 3 il müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilib.

Xatırladaq ki, hadisə ötən ilin oktyabr ayında baş verib. 2006-cı il təvəllüdlü, Qazax Dövlət Sosial-İqtisadi Kollecin əyani şöbəsinin “Maliyyə işi” ixtisasının III kurs tələbəsi Abbasqulu A. ilə 2008-ci il təvəllüdlü Rəvan R.aralarında telefon yazışması zamanı mübahisə yaranıb. Aralarında yaranmış mübahisəyə aydınlıq gətirmək məqsədilə görüşən zaman Abbasqulu A. üzərində gəzdirdiyi cib bıçağı ilə zərərçəkmiş şəxsə zərbələr endirib.

Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs Rəvan R. ifadəsində göstərib ki, Qazax Dövlət Sosial-İqtisadi Kollecində oxuyan və Abbasqulunun qrup yoldaşı olan M.N. adlı qızla aralarında sevgi münasibəti olub. O, Abbasqulunun M.N. ilə zarafatlar etdiyini eşidib və buna görə Abbasqulunun qrup yoldaşı Elçinə Abbasqulu ilə söhbət etmək istədiyini deyib. Həmin gün kollecin qarşısında Abbasqulu ilə qarşılaşıb və “Dədə Qorqud” parkına gedib söhbət etmək istədiyini deyib. Sonuncu isə onunla razılaşmayıb və olduğu yerdə söhbət etməyi deyib. O, Abbasquludan M.N. barəsində xoşagəlməz sözlər deyib-deməməsini soruşub, lakin sonuncu M.N. barəsində xoşagəlməz söz demədiyinə and içib.. Bundan sonra o, Abbasqulunun yanından gedib. Daha sonra Abbasqulu ona mesaj yazaraq ikisinin arasında olan söhbəti digər şəxslərə deyib-demədiyini soruşub. O da sonuncuya “nə deyirsən ə körpə?” deyə mesaj yazıb. Abbasqulu da “körpə sənsən, özündən böyüyə körpə deməyə utanmırsan” deyə yazıb. O isə Abbasquluya sabah görüşmək barədə mesaj yazıb, sonuncu da üz-üzə söhbət etməyi təklif edib, o da razılaşıb. Görüş zamanı söhbət etmək üçün o, Abbasqulu ilə birlikdə kənara keçib. İkilikdə söhbət edən zaman o, Abbasqulunun burnuna bir dəfə yumruq vurub, sonuncu bıçaq çıxarıb, o isə yenə Abbasqulunun üzərinə gedərək sonuncunu vurub. Abbasqulu isə əlində olan bıçaqla onun çiyninə vurub. Bıçaq həm də çənəsinin alt hissəsinə dəyib. Daha sonra Abbasqulu bıçaqla bir dəfə onun qarnına vurub. Hadisədən sonra o xəstəxanaya aparılıb.

Zərərçəkmiş şəxs bildirib ki, Abbasqulu ilə aralarında yaranmış mübahisə zamanı birinci o, sonuncunu yumruqla vurub, lakin neçə dəfə vurduğunu xatırlamır. Hadisədən sonra Abbasqulu onu xəstəxanaya aparıb. O, Abbasqulu ilə barışıb, sonuncudan heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam olaraq ödənilib. Zərəçəkmiş təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edib.

Şəbnəm Mehdizadə
Seçilən
17
e-huquq.az

1Mənbələr