AZ

Ağ qarın qara üzü və ya bir "Şamaxı" melodramı

"Meydan oynamağa imkan vermirdi... Qar yağacağını hamı bilirdi. Hava proqnozunda da demişdilər. Məncə, istəsəydilər, qarı vaxtında təmizləyə bilərdilər". 

"Səbail"in baş məşqçisi Cavid Hüseynovun Misli Premyer Liqasının 17-ci turunda "Şamaxı" ilə qolsuz heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında dedikləri ilə razılaşmamaq mümkün deyil. Autsayderin çalışdırıcısı topun hərəkətinə ciddi şəkildə mane olan, futbolçuların normal şəkildə mübarizə aparmasına imkan verməyən qarın süni qazon üzərindən təmizlənməməsinə mədəni şəkildə etiraz etdi. Həmkarının narazılığı Şamaxı təmsilçisinin baş məşqçisi Ayxan Abbasova da çatdırıldı, lakin 43 yaşlı mütəxəssis məlum səbəbdən diplomatik və doğru cavabla kifayətləndi: 

"Əsas odur ki, zədələnən olmadı. İndi mövsüm həm tez başlayır, həm də gec bitir. Qəfil qar yağsa, bir çox yerdə belə olacaq. Bütün stadionlar qarlı havaya hazır olmalıdır. Qış aylarında oynayırıqsa, stadionlarda lazımi texnikalar cəlb edilməlidir".

İlk yarını şaxtalı hava səbəbindən "skayboks"dan izləmək məcburiyyətində qalan media mənsublarının da şahidlik etdiyi kimi, meydanı qardan təmizləmək işi lazımınca görülməmişdi. Hətta məhz bu məsuliyyətsizliyə görə Peşəkar Futbol Liqası matçın nəzərdə tutulduğu vaxtdan 20 dəqiqə gec başlamasına imkan yaradaraq meydan sahiblərinin vəziyyətdən çıxmalarına yardımçı oldu. Bəli, sadəcə, vəziyyətdən çıxmalarına... Başqa sözlə, birtəhər yola vermələrinə...

Oyun başlayandan xeyli əvvəl dayanan qar oyunun getdiyi müddətdə də yağmırdı və məntiqlə, səhər saatlarında ağ örtüyə bürünən meydanı matçın startınadək normal şəklə salmaq "aslanlar"ın boynunun borcu idi. Görünən budur ki, klubun səhlənkarlığı üzündən hər iki komandanın futbolçularının sağlamlığı risk altına düşmüşdü. Sürüşmə fəndindən istifadə etməməyə, birəbir mübarizələr zamanı özünü qorumağa çalışan futbolçuları qınamaq absurddur. Oyunçuları qeyri-peşəkarlıqda suçlayaraq ünvanlarına tənqidi ifadələr işlətmək naxırı itirib dananı axtarmağa bənzəyər. 

Şübhəsiz, hər şeyin bu həddə çatması səriştəsiz idarəçilik və təşkilatçılıqdan qaynaqlanan məsələdir. Qarşılaşmanın birinci yarısında "Şamaxı"nın hücum etdiyi tərəfdə buzlaşmış qar qalıntıları daha çox olduğu üçün şərtlər tərəflər üçün eyni deyildi. Düzdür, "Şamaxı"nın İdarə Heyətinin sədri Elçin Usub birinci hissənin başa çatmasına 15 dəqiqə qalmış şəxsən zəng vuraraq fasilədə 4-5 nəfərin taxta kürəklərlə meydana çıxmasına nail oldu, ancaq bu da çox gecikmiş addım idi. Sonradan çağırılan adamlar mənzil başına gec çatdıqlarına və işi necə görəcəklərini tam şəkildə anlamadıqlarına görə süni qazona üz qarası kimi yapışan ağ qarın öhdəsindən gələ bilmədilər. Nəticədə, fasilədən sonra da eyni mənzərəyə şahidlik etdik.

Peşəkar Futbol Liqasının verdiyi 4 qırmızı topdan (müraciət edən klublara minimum 4 top verilir) yalnız 3-ü gözə dəyirdi. Bu da özlüyündə matçın tempinin aşağı düşməsinə səbəb olurdu. Məsələn, toplardan biri stadiondan kənara vurulanda topdaşıyan uşağın onu tapıb geri qaytarması 5-6 dəqiqə vaxt apardı. Həmin müddətdə hər dəfə meydandan çıxan "mərmi" çaşqınlıq yaradır, futbolçular ora-bura boylanaraq oyunu başlamaq üçün top axtarırdılar. Təbii ki, belədə, "buz döyüşü" daha xaotik təsir bağışlayırdı...

Artıq bu matç qansız-qadasız tarixin yaddaşına qovuşub. Xoşbəxtlikdən dizinə buz parçası girdiyi üçün mövsümün sonuna qədər yaşıl meydanlardan kənarda qalacaq hansısa oyunçudan yox, "Şamaxı"nın səriştəsizliyindən, belə hallara hazır olmamasından yazırıq. Ümid edək ki, rəhbərlik üz-üzə qaldığı acı həqiqətdən dərs çıxaracaq və gələcəkdə belə hallar təkrarlanmayacaq. Yaşayarıq, görərik. Dağlıq relyefə malik Şamaxıdan danışırıqsa, şübhəsiz, yenə də nə vaxtsa "aslanlar" rəqiblərindən birini qarlı havada qəbul etməli olacaqlar. 

Nihat

Seçilən
10
fanat.az

1Mənbələr