AZ

Dezinformasiya dövründə informasiya təhlükəsizliyi ― Media savadlılığı nədir?

Media savadlılığı və cəmiyyətdə bu məsələnin hazırki durumu ilə bağlı tanınmış jurnalist, Ölkə.az saytının baş redaktoru Samir Mirzənin Yenisabah.az-a müsahibəsi:

- Samir bəy, media savadlılığı nədir? Sizcə, cəmiyyətimizdə bu anlayış kifayət qədər tanınırmı?

Media savadlılığı bu gün ən zəzuri mövzulardan birinə çevrilib. Bir çoxlarının şübhəli xəbərləri birmənalı şəkildə qəbul eləməsi, eşitdiyinə, gördüyünə dərhal inanması, cəmiyyətlərdə böyük problemlərə yol açacaq amildir. Təsəvvür edin, müasir insanların bir çoxu ərindiyindən bir otaqdan digərinə keçməkdə tənbəllik edir və bir-biri ilə rəqəmsal dünya vasitəsilə əlaqə saxlayırlar. İndi görün, bir evin içərisində mətbəxdən qonaq otağına daxil olarkən nə qədər informasiya alırlar. Bəzi hallarda aldıqları məlumatı sorğulamadan dərhal dostları ilə paylaşırlar. Təəssüf ki, tanınmış və məşhur şəxslər, etibar qazanmış simalar da belə davranışlara yol verirlər.

-Günümüzdə media savadlılığına ehtiyac niyə bu qədər artıb? Dezinformasiya ilə mübarizə üçün hansı addımlar atılmalıdır?

Bilirsiniz ki, şayiə və dezinformasiyaların yayılma sürəti, cazibədarlığı dəqiq xəbərdən daha çoxdur. Elə bir dövrə gəlmişik ki, həqiqi məlumatı cəzbedici etməyə məcburuq. Məsələn, istər yazılı, istərsə də vizual şəkildə informasiya çatdırarkən, başlanğıcda oxucunun mütləq diqqətini çəkməliyik və onların başa düşdüyü sadə dildən istifadə etməliyik. Yoxsa oxucu, dinləyici üz tutacaq ağzına gələni “şok, şok, şok” şəkildə danışanlara tərəf. Bununla yanaşı, insanlarımız da məsuliyyətli davranmalıdır. Manipulyasiya olunmamaları üçün özləri də duyuq düşməlidirlər. Şübhəli məlumatlar gördükdə digər mənbələrə baxmalıdırlar. İnsan gərək öz qiymətini bilsin, çalışsın ki, aldanmasın. Hər xəbərə aldanan insan necə şəxsiyyət kimi formalaşa bilər?! “Aldandım”, “bizə yanlış məlumat verdilər” deməklə həmişə məsuliyyətdən boyun qaçırmaq olmaz. Yeri gəlmişkən, burada bir məqama toxunmaq istərdim. Bəzi qurumların çevik davranmaması, dezinformasiyanın yayılmasına rəvac verir. Məsələn, onlar zəruri hallarda vaxtında reaksiya versələr, neqativ halların geniş vüsət almasının qarşısını tez ala bilərlər. Həmin qurumlar riskləri hesablamalıdır və həmişə dezinformasiyaya hazır olmalıdırlar. Bilməlidirlər ki, haradan informasiya hücumuna məruz qala bilərlər. Ona uyğun hazırlıq görülməlidir.

- Media mənbələrindən məlumat əldə edərkən hansı meyarlara əsaslanırsınız?

Təbii ki, jurnalist olaraq informasiyaları elə çatdırmalıyıq ki, oxucuda yanlış təsəvvür formalaşmasın və dezinformasiyaya yol açmayaq. Çünki savadlı, duyuq insanlar da qurbana çevrilə bilirlər. Əslində, hər bir vətəndaş bu məsələdə məsuliyyətli davransa, sağlam cəmiyyət formalaşdırarıq.

- Sizcə, son illər süni intellektin inkişafı da media savadlılığına yeni problemlər yaradırmı?

Süni intellektə gəldikdə onu demək olar ki, bəzi hallarda heç də intellektli davranmırlar. Başqa sual verirsən, informasiya almağa çalışırsan, baxırsan ki, yanlış məlumat verir. Məsələn, “Google”da ad soyadını axtarışa verdiyin şəxs haqqında rahatlıqla informasiya alırsan, amma süni intellektə eyni şəkildə müraciət edəndə tamamilə yanlış məlumat verir. Ona görə də insanlarımız bu məsələlərə önəm verməlidir.

Nazim Hacıyev

 

 


Telegram kanalımız
phrase_var_article.chosen
63
49
yenisabah.az

10phrase_var_article.sources