İngiltərənin Somerset bölgəsində təxminən 4 min il əvvəl baş verən hücumda elm adamları təxminən 37 nəfərin adamyeyənlər tərəfindən kəsilərək yeyilmiş ola biləcəyini irəli sürüblər.
"Cebheinfo.az" xəbər verir ki, təcavüzkarlar tərəfindən 15 metrlik quyuya atılan təxminən 3 min sümük parçası arxeoloqlar qrupu tərəfindən analiz edilib.
Elm adamları hücumu İngiltərədə Tunc dövründə aşkar edilən ən böyük zorakılıq hadisəsi olaraq qeyd ediblər. Qurbanların daş alətlərlə parçalandığını və təcavüzkarlar tərəfindən ritual məqsədlərlə yeyildiyinə dair dəlillər tapılıb.
Mütəxəssislər, erkən Tunc dövründə İngiltərədə kəndlərin ümumilikdə 50-100 nəfərdən ibarət olduğunu və bu adamyeyənlik hadisəsinin demək olar ki, bütün icmanı məhv edə biləcəyini söyləyiblər.
Məqalənin tədqiqatçılarından biri, Oksford Universitetinin Arxeologiya Departamentindən Prof. Dr. Rik Şultinq qeyd edib ki, qurbanlar "dəhşətli mesaj vermək" və ya "insanlıqdan çıxarmaq üçün" adamyeyənlər tərəfindən yeyilmiş ola bilər.
Bu qətliamın “intiqam arzusu ilə” həyata keçirilə biləcəyini və təsirlərinin “nəsillərə ötürüldüyünü” ifadə edən Şultinq deyib:“Bu izləri heyvan sümüklərində görsəydik, mütləq onların qəssabın əlindən keçdiyini deyərdik".
Tədqiqatçılar heyvan qalıqları ilə birlikdə sümük parçalarının tapılmasına istinadən o dövrdə kifayət qədər qida olduğunu və hücum edənlərin "aclıq səbəbindən qurbanları yemədiklərini" göstərdiyini bildiriblər.
Bu, Tunc dövründən ilk sənədləşdirilmiş adamyeyənlik hadisəsi kimi qeydə alınıb. Qurbanların sümük qalıqları ilk dəfə 1970-ci illərdə Mendip Hillsdəki Charterhouse Warren mağaralarında mağaraçılar tərəfindən tapılıb.
Qeyd edək ki, məqalə "Antiquity" jurnalında dərc olunub.